O, bu yoldan keçdi: Türkiyə siyasətinin babası – FOTOLAR
Bizi izləyin

Dünya

O, bu yoldan keçdi: Türkiyə siyasətinin babası – FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyənin 9-cu prezidenti (1993-2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, Türkiyə siyasətinin babası hesab olunan görkəmli siyasi xadim Süleyman Dəmirəl bu gecə vəfat edib.

Süleyman Dəmirəl kim idi?

1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub.

1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib.

1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlayıb.

1980-cı ildə vətəndaş hərc-mərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarılır, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırılır.

1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilib.

1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunur, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilir.

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Mühəndis İnşaat Universitetinin fəxri doktoru seçilib.

1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilib.

Türkiyə tarixinin rəngarəng siyasətçisi olmuş mərhum Süleyman Dəmirəlin tarixə düşmüş məşhur ifadələri bu gün də xatırlanır.

Misal üçün, 60-cı illərdə Kipr probleminin həlli ilə əlaqədar İngiltərə ilə Türkiyə arasında münasibətlər soyuq idi. Həmin ərəfədə Süleyman Dəmirəl İngiltərəyə səfər edir. Geri qayıdan zaman jurnalistlərə müsahibə verir. Həmin müsahibə zamanı maraqlı dialoq yaşanır.

Jurnalistin ona verdiyi “Nə üçün siz İngiltərə baş nazirinin əlini sıxdınız?” sualına Süleyman Dəmirəl belə cavab verir: “Bəs harasını sıxmalıydım?”.

Daha bir jurnalistin ona ünvanlandığı “Dərin dövlət nədir?” sualını mərhum prezident sağlığında belə cavablandırıb: “Dərin dövlət normal dövlətin reysdən çıxmış vəziyyətidir”.

Süleyman Dəmirəlin hökumət və dövlət rəhbəri olduğu dönəmlərdə Azərbaycanla da münasibətlər yaxınlığı ilə fərqlənib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşanan böhranlı vəziyyət dövründə Süleyman Dəmirəl Azərbaycandakı vəziyyətlə maraqlanıb, yəni müstəqillik qazanan ölkənin blokada vəziyyətindən çıxarılmasına çalışıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm