Elektrik enerjisi bahalaşdı: İrəvan ayağa qalxdı - VİDEO/FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Elektrik enerjisi bahalaşdı: İrəvan ayağa qalxdı - VİDEO/FOTOLAR (YENİLƏNİB)

İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyası keçirilir.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, Ermənistan Tarif Şurasının qarşısında keçirilən aksiyanı Nikol Aqbalyan adına Tələbə İttifaqı və “Daşnaksütyun” Partiyasının Gənclər İttifaqının üzvləri təşkil ediblər.

Məlumata görə, Tarif Şurası hazırkı dəqiqələrdə Ermənistan Elektrik Şəbəkəsinin elektrik enerjisinin qiymətlərinin artırılması ilə bağlı müraciətinə baxır. Qeyd edək ki, hazırda Ermənistanda elektrik enerjisinin qiyməti 1 kVt/saat üçün gündüz 41,85 dram (0,09 dollar), gecə isə 31,85 dram (0,066 dollar) təşkil edir. Ermənistan Elektrik Şəbəkəsi bu qiymətlərin müvafiq olaraq 58 (0,12 dollar) və 48 drama (0,1 dollar) qədər artırılmasını təklif edir.

Xatırladaq ki, Ermənistan Elektrik Şəbəkəsi elektrik enerjisi qiymətlərinin artırılması ilə bağlı ölkənin Tarif Şurasına ötən ay əvvəlində müraciət edib. Ermənistan Elektrik Şəbəkəsi Rusiyanın "İnter RAO EES" (Rusiya Energetika və Elektirikləşmə üzrə Açıq tipli Səhmdar Cəmiyyəti) şirkətinə daxildir.

Ermənistan Elektrik Şəbəkəsi qiymətin qaldırılması zərurətini dramın dollar qarşısında dəyərini itirməsi, həmçinin ötən il “Metsamor” Atom Elektrik Stansiyasının işini dayandırılması ilə izah edib. Erməni mediası yazır ki, Tarif Şurasının Ermənistan Elektrik Şəbəkəsinin müraciətinə müsbət cavab verəcəyi gözlənilir. Belə ki, bundan əvvəlki hər üç ildə elektrik enerjisinin qiyməti artırılıb.

Erməni mediasının yazdığına görə, ABŞ və Qərbi Avropa ölkələrində elektrik enerjisinin qiymətləri yüksək olsa da, bu, orta əmək haqqı ilə müqayisədə cüzi məbləğdir.

Məsələn, Almaniyada və Danimarkada elektrik enerjisinin tarifi 200 dram ətrafındadır. Amma bu, orta aylıq əmək haqqının cəmi 1 faizini təşkil edir. Əgər Ermənistanda elektrik enerjisinin tarifi 58 dram olacaqsa, o halda vətəndaş orta əmək haqqının 10 faizini ödəməlidir. Belə bir göstərici isə dünyanın heç bir ölkəsində mövcud deyil. “Rusiyada elektrik enerjisinin qiyməti hər il orta hesabla 15-20 faiz artır və ruslar bu təcrübəni Ermənistanda da həyata keçirirlər”, - “1in.am” saytı yazıb.

Etirazçılarla polis arasında toqquşma olub. Aksiyanın iştirakçıları binanı mühasirəyə alan polislərə yumurta atıb.

“Əgər Tarif Şurası qanunsuzluqları önləyə bilmirsə, qoy istefa versin. İclası dayandırsın və yeni tərkibin formalaşdırılmasından sonra iclasa davam etsinlər”, - aksiya iştirakçıları tələb ediblər.

Tarif Şurası elektrik enerjisi ilə bağlı qərarını açıqlayıb. Qərara əsasən, əhaliyə satılan elektrik enerjisinin qiyməti 16 faiz bahalaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm