Moskvaya sarsıdıcı zərbə: Ankara “Türk axını” zirvəsini boykot etdi
Bizi izləyin

Dünya

Moskvaya sarsıdıcı zərbə: Ankara “Türk axını” zirvəsini boykot etdi

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirakdan imtina edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli nazir bu günə planlaşdırılan Sankt-Peterburq səfərini ləğv edib.

Türkiyəli nazir səfər çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak və “Qazprom” rəhbəri Aleksey Millerlə ikitərəfli danışıqlar aparmalı idi. “Qazprom”nun Sankt-Peterburq ofisindən də Aleksey Miller və Taner Yıldızın görüşünün ləğv edildiyi təsdiqlənib.

Rusiya strateji əhəmiyyət verdiyi “Türk axını” layihəsi ilə əlaqədar iyunun sonuna qədər Ankaradan konkret cavab gözləyir. Ancaq hökumətlərarası razılaşma parlamentdən keçməli olduğundan Moskva narahatdır. “Kommersant” qəzetinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi görüşündə Türkiyədə qurulacaq koalisiya hökumətinin “Türk axını”na maneə ola biləcəyinə diqqət çəkib.

“Sputnik” agentliyinə danışan Aleksandr Novak bildirib ki, “Türk axını” boru xəttinin dənizdən keçəcək ilk xəttinin inşası başlanılmalı, bunun üçün isə iyun ayının sonuna qədər Türkiyənin icazə verməsi lazımdır.

Qeyd edək ki, 18-20 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum keçiriləcək. Vladimir Putinin açılışında iştirak etməsi gözlənilən forumda "Goldman Sach", "Deloitte", "Qazprom", "General Electric", "Rosneft" və başqa iri iqtisadi qurumları, həmçinin ayrı-ayrı ölkələrin hökumət və dövlət nümayəndələri iştirak edəcək. Taner Yıldızın forumda “Türk axını” qaz kəməri layihəsi ilə bağlı müzakirələr aparacağı gözlənilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm