Ərdoğan-Gül zirvəsindən şok detallar: Davudoğlu Güllə dəyişdirilir
Bizi izləyin

Dünya

Ərdoğan-Gül zirvəsindən şok detallar: Davudoğlu Güllə dəyişdirilir

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ölkənin 11-ci prezidenti Abdulla Gül arasında görüş keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin iş otağında keçirilən görüş 50 dəqiqə davam edib.

Görüşün sürpriz olmadığı, daha öncə planlaşdırıldığı bildirilib. Görüşdə nələrin danışıldığı barədə məlumat yoxdur. Amma müəyyən ehtimallar irəli sürmək mümkündür.

Qeyd edək ki, Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qazandığı mandat sayı bu partiyanı yenidən təkbaşına hökumət formalaşdırmaq şansından məhrum edib. Bu səbəbdən koalisiya hökumətinin formalaşdırılması gündəmə gəlib. İndiki halda koalisiya hökumətinin qurulması və bu koalisiyada hansı partiyaların iştirak edəcəyi dəqiqləşməsə də, AKP-nin bundan sonrakı mərhələdəki gedişi maraq doğurur.

Türkiyə mediasının yazdığına görə, bu günlərdə AKP-nin dəhlizlərində ən çox müzakirə olunan məsələlərdən biri erkən seçkilər qaçılmaz olacağı halda, partiyanın seçkilərə hansı formada və kimlərin rəhbərliyi ilə gedəcəyidir. Haqqında ən çox danışılan variant isə 11-ci prezident Abdullah Gülün AKP-yə sədr gətirilməsidir.

Ehtimallara görə, hazırkı və sabiq prezident arasında keçirilən son görüşdə də məhz Abdulla Gülün partiyanın rəhbərliyinə gətirilməsi məsələsi müzakirə olunub. Baxmayaraq ki, Gül prezident olduğu dövrdə Ərdoğanın bir sıra qərarlarına açıq şəkildə çıxıb və deyilənə görə, onlar arasındakı inciklik hələ də davam edir. Amma indiki halda Ərdoğan incikliyin yersiz olduğunu düşünür. Ekspertlərin bir çoxu da düşünür ki, AKP-nin erkən seçkilərdə qələbə qazanması Abdulla Gülün partiyanın rəhbərliyinə gətirilməsindən keçir.

Əlavə edək ki, Türkiyədə internet fenomeni hesab olunan “Fuat Avni” bu günlərdə Abdulla Gülün partiyanın rəhbərliyinə gətiriləcəyi barədə iddiaları gücləndirəcək fikirlərlə çıxış edib. İddiaya görə, seçkilərdən dərhal sonra Ərdoğan yaxın ətrafındakı şəxslərlə çox gizli bir toplantı keçirib. Gizli toplantıda baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə AKP-nin yoluna davam etməsinin mümkün olmadığı, keçmiş prezident Abdulla Gülün isə partiyanı ya ələ keçirəcəyi, ya da böləcəyi bildirilib.

Qeyd olunur ki, hazırda AKP rəhbərliyinin ən böyük narahatlığı da məhz Gülün yeni bir partiya qura biləcəyidir. Bu halda isə istər AKP-nin rəhbər heyətindəki şəxslərin, istərsə də sıravi üzvlərinin əksəriyyəti Gülün yeni partiyasına keçə və AKP ciddi zərbə ala bilər. Bu isə ehtimal olunan erkən seçim öncəsi AKP üçün intihara bərabər olardı. Ehtimal etmək olar ki, Ərdoğanın hazırda əsas hədəfi keçmiş prezidenti bu fikirdən daşındırmaq və onu partiyanın rəhbərliyinə gətirməkdir. Güman etmək olar ki, Ərdoğan bugünkü görüşdə istəyini Gülə çatdırıb. Gülün hansı cavab verdiyi isə Türkiyədə yaxın günlərdə baş verən proseslərdən məlum olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm