Rusiya ABŞ-ın müttəfiqini neytrallaşdırmaq üçün hərəkətə keçir
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ın müttəfiqini neytrallaşdırmaq üçün hərəkətə keçir

Rusiya Kuril adaları problemini Yaponiya ilə ən yüksək səviyyədə müzakirə etməyə hazırdır.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda dünyanın ən böyük informasiya agentliklərinin nümayəndələri ilə görüşdə bildirib.

Putin Yaponiyanın baş naziri Sindzo Abe ilə problemin həlli üçün görüşmək arzusunu ifadə edib. Lakin Rusiya lideri problemin həllini necə gördüyünə dair detalları dəqiqləşdirməyib.

Putin deyib ki, istənilən mövcud problemləri birgə həll etmək olar. “Bunun üçün danışıqlar lazımdır. Yaponiya tərəfindən hərəkətlər gözləyirik. Rusiyanın təklikdə göstərdiyi səylər azdır”, - Rusiya prezidenti vurğulayıb.

Daha əvvəl Yaponiya hökumətindəki mənbələrə istinadən “Kyodo” agentliyi xəbər verib ki, Putinin dekabr ayında Yaponiyaya səfəri baş tuta bilər. Bu həftə isə Yaponiyanın baş naziri Sindzo Abe mübahisəli ərazilər olan Kuril adaları problemini “mümkün qədər tez” müzakirə etmək arzusunu ifadə edib. Yaponiyanın baş naziri cari ilin fevralın 7-də şimal ərazilərinin qayıdışı üçün ümummilli mitinqində Kuril adalarının cənub hissəsinin qaytarılması barədə Rusiya ilə sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirib.

Qeyd edək ki, SSRİ İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən Kuril adalarına nəzarəti ələ keçirib. Tokio Xabomoy, Şikotan, Etorofu və Kunaşir adalarına iddia edir. Moskva və Tokio arasında ərazi mübahisəsi ilə bağlı indiyə qədər sülh müqaviləsi imzalanmayıb. Kuril adalarında keçirilən son ictimai sorğu isə maraqlı bir nəticə ortaya çıxarıb. Burada yaşayan rusların çoxu belə adaların Yaponiyaya verilməsini istəyirlər.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin 1997-ci ildə imzaladığı bir müqavilədə adaların Yaponiyaya geri qaytarılması məsələsi əks olunub. İddialara görə, 1996-1997-ci illərdə Yaponiya baş naziri Hoşimotonun Moskva səfərində Yeltsin adaların qarşılığında Yaponiyadan 30 milyard dollar istəyib. Lakin Yaponiya tərəfi bu pulun çox olduğunu bildirib.

2000-ci ildə 3 günlük Yaponiya səfərində Vladimir Putin belə bir bəyanat verib: “Rusiya hökumətindən adaların Yaponiyaya veriləcəyinə dair bir söz belə eşitmisinizmi? Biz sadəcə danışıqlar aparırıq”.

Yaponiyanın keçmiş baş naziri İosiro Mori isə 2004-cü il martında Putinlə görüşündə Kuril adalarının Yaponiyaya qismən qaytarılması mövzusunda müəyyən anlaşma əldə etdiklərini açıqlayıb. Kuril adaları üzərindəki mübarizənin isə 2 səbəbinin olduğu qeyd edilir: siyasi və iqtisadi. Qarşılıqlı bəyanatlar və danışıqlar isə onu göstərir ki, bu problem hələ uzun müddət iki ölkə arasında həll olunmamış qalacaq. Baxmayaraq ki, 1956-ci ildə SSRİ adalardan ikisini Yaponiyaya vermək istəyib, amma bu cəhd ABŞ-ın təzyiqi nəticəsində uğursuzluqla nəticələnib. Yaponiya Kuril adalarından dördünə iddia edib. Vaşinqtonun Tokioya göstərdiyi təzyiqin səbəbi isə Yaponiya-Rusiya münasibətlərində ola biləcək yaxınlaşmaya maneçilik törətmək olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm