Bu gün Hitler Almaniyasının SSRİ-yə hücumunun ildönümüdür – FOTOLAR
Bizi izləyin

Dünya

Bu gün Hitler Almaniyasının SSRİ-yə hücumunun ildönümüdür – FOTOLAR

22 iyun faşist Almaniyasının SSRİ-yə hücumunun ildönümüdür. 1941-ci ilin bu günündə, gecə saat 03:45 radələrində Hitlerin “İldırımsürətli müharibə” strategiyasına əsaslanan alman ordusu sovet imperiyasının sərhəd zastavalarına, kənd və şəhərlərinə, hərbi bazalarına güclü aviasiya zərbələri endirib. 3 milyon faşist əsgəri güclü artilleriya atəşindən sonra SSRİ ərazisinə hücuma keçib. Bu əməliyyatda onlara 5000 hərbi təyyarə havadan dəstək verib. Bununla da Almaniya ilə SSRİ arasında tarixin ən qanlı müharibəsinə start verilib.

Qeyd edək ki, Almaniya ilə sərhəddə yerləşən Brest qalası özünün cəmi 4000 nəfərlik şəxsi heyəti ilə almanların 16 700 nəfərlik qoşununa 1 ay ərzində qəhrəmancasına müqavimət göstərib. Brest qalasının qəhrəmanları arasında 44 azərbaycanlı da vardı. Respublikamız SSRİ-nin Almaniya üzərində qalib gəlməsinə öz töhfəsini verib. 1418 gün davam etmiş Böyük Vətən Müharibəsi dövründə səmada faşist təyyarələri ilə üz-üzə gələn bütün sovet təyyarələrinin yanacağının 85-90 faizi Bakı neftinə məxsus idi.

Ümumilikdə respublikamız 1941-1945-ci ildə ölkəyə 75 milyon ton neft, 15 kiloqram qızıl, 952 kiloqram gümüş verdi. Azərbaycan SSRİ-dən cəbhəyə döyüşmək üçün 650 min nəfər yollandı. Onlardan 340 min nəfəri döyüşlərdə həlak oldu və ya itkin düşdü. Cəbhəyə yollanan könüllülərimiz bu illər ərzində özlərinin qeyri-adi döyüş bacarıqlarını, qəhrəmanlıqlarını ortaya qoydular. İlk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov 1941-ci ilin dekabrında Novqorod şəhərinin Pustınka kəndində 72 faşist əsgərini və 3 zabitini məhv etdi. Pulemyotçu İdris Vəliyev Borodini çölündəki döyüşdə 52 alman əsgərini susdurdu.

General Həzi Aslanovun rəhbərlik etdiyi tank birləşmələri faşistlərin 30 tankını, 50 avtomaşınını və 2000 əsgər və zabitini məhv etdi." Qırmızı Ulduz" qəzeti onun və döyüşçülərinin Stalinqraddakı şücaətləri haqda 1942-ci ilin dekabrında yazmışdı: "Müharibə tarixi onun və döyüşçülərinin şücaətləri kimi qəhrəmanlıq görməyib". General Həzi Aslanov 1945-ci il yanvarın 24-də hərbi əməliyyatlar getməyən yerdə, müəmmalı şəkildə qətlə yetirilib. Ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı 1991-ci il iyunun 21-də verilib.

Yuqoslaviya Xalq Azadlıq Ordusunun Diversiya qrupunun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ayrı-ayrı döyüşlərdə 1000-ə qədər alman zabitini məhv etdi. O, Sovet İttifaqı Qəhrəmanı fəxri adını 13 il sonra - 1957-ci ildə aldı.

Qvardiya serjantı Gəray Əsədov Rumıniyanın Markita şəhəri uğrunda döyüşdə öz bədəni ilə düşmənin güclü atəş nöqtəsini susduraraq əməliyyatın uğurlu olmasını təmin etdi.

Ümumilikdə 1941-1945-ci illərdəki hərbi əməliyyatlarda 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb. Yüzlərlə döyüşçümüz müxtəlif orden və medallarla təltif ediliblər.

SSRİ vətəndaşları tərəfindən Böyük Vətən Müharibəsi adlandırılan hərbi əməliyyatlar 1945-ci il mayın 8-dən 9-a keçən gecə faşist Almaniyasının təslim aktına qeyd-şərtsiz qol çəkməsi ilə başa çatdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm