NATO-nun “kürd enerji dəhlizi”: Türkiyə necə sıradan çıxarılır?
Bizi izləyin

Dünya

NATO-nun “kürd enerji dəhlizi”: Türkiyə necə sıradan çıxarılır?

İsrail və İngiltərə Suriyada oynanılan oyunun bənzərini Türkiyəyə qarşı oynamaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə keçmiş kəşfiyyat rəisi “Yeni Şafak” qəzetinə yazdığı köşəsində bildirib.

Onun sözlərinə görə, İngiltərənin terrorla mübarizə qurumlarının səlahiyyətliləri fevral ayında Londonda keçirdiyi mətbuat konfransında “xarici döyüşçülər”in İŞİD-ə qatılmaq üçün Türkiyə üzərindən Suriyaya asanlıqla keçdiyini bildiriblər. İngilis səlahiyyətlilərinə görə, yaşı 18-dən az olan 3 ingilis qızı fevralın 17-də İŞİD-ə qoşulmaq üçün İstanbula gedib.

Bülent Orakoğlunun yazdığına görə, əslində Türkiyəni İŞİD-lə əlaqələndirməyə yönəlik “beynəlxalq oyun” oynanılır. Keçmiş kəşfiyyatçı xatırladır ki, ingilis qızları İstanbulda qarşılayaraq İŞİD-ə təslim edən Suriya vətəndaşı Məhəmməd Əl-Raşit saxlanılıb və o verdiyi ifadəsində Kanada agenti olduğunu bildirib. Məhəmməd Əl-Raşitin həmçinin ingilis kəşfiyyatı ilə əlaqəsinin olduğu da müəyyənləşdirilib.

Türkiyədə 7 iyunda keçirilən seçkilərdən iki gün əvvəl Diyarbəkrdə HDP-nin həmsədri Səlahəddin Demirtaşın seçki mitinqində partlayışlar törədən Orxan. G. bir gün sonra Qaziantepdə saxlanılır. Orxan. G.-nın 2014-cü ilin oktyabrında Suriyaya keçərək İŞİD-ə qoşulduğu və təşkilata aid düşərgələrdə xüsusi təlim aldığı müəyyən edilib. Onun 4 iyunda Diyarbəkrə gələrək bir oteldə yerləşdiyi, hadisə günü partlaycı maddələrin olduğu bir paketlə oteldən çıxdığı kamera görüntüləri ilə sübuta yetirilib.

Bülent Orakoğlunun yazdığına görə, HDP-ni “zərərçəkən” mövqeyinə gətirərək parlamentdə təmsil olunmasını təmin edən hücumun təlimatçısı Suriyada İŞİD-in düşərgələrinə xarici döyüşçüləri cəlb edən İlhan B. olub. İlhan B. həmçinin 3 ingilis qızı Suriyaya keçirən Kanada agentinin təlimatçısı olub. İlhan B.-nin İŞİD-in daxilində İngiltərə və İsrail kəşfiyyat qurumları ilə yaxın əlaqəsinin olduğu yüksək səviyyəli agent olduğu bildirilir.

Bülent Orakoğlu qeyd edir ki, Türkiyəyə qarşı oynanılan “beynəlxalq oyun”un əsas məqsədlərindən biri Aralıq dənizinə yaxın Hatay vilayətinin qonşuluğunda yerləşən Afrin kantonuna qədər uzanan bir “kürd dəhlizi” yaratmaqdır. “Kürd dəhlizi”nin yaradılması ilə Şimali İraqda kürd neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılmasına alternativ bir marşrut yaradılacaq və marşrut Türkiyədən yan keçəcək.

Beynəlxalq enerji yolları və sərmayələr mövzusunda mütəxəssis olan pakistanlı mayor Agha Amin “NATO-nun strateji dəhlizi Kürdüstan” layihəsinin detallarını 2013-cü ildə açıqlayıb. Aminin sözlərinə görə, NATO-nun “qurdları” Suriyanı yedikdən sonra növbə Türkiyəyə gələcək.

Türkiyədən Hindistana NATO dəhlizinin açılması planlaşdırılır. Dəhlizin bir hissəsində qurulacaq “Kürdüstan” Rusiyanın qaz siyasətində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmalıdır. Moskva Dövlət Universitetində enerji təhlükəsizliyi üzrə çalışan türkiyəli dosent Tuğçe Sevim Varol 9 noyabr 2014-cü ildə dərc etdirdiyi “Aralıq dənizinə kürdlər üçün dəhliz planı” başlıqlı analizində bu məsələyə toxunub. Onun sözlərinə görə, əsas məqsəd kürd bölgəsinin enerji ehtiyatlarını Türkiyə üzərindən deyil, Hələb üzərindən keçməklə Lazikiyeyə, yəni Aralıq dənizinə çatdırmaqdır.

Bülent Orakoğlu bildirir ki, Türkiyədə seçkilərdən əvvəl və sonra yaşananlar, o cümlədən bir-birindən müstəqil görünən sui-qəsdlər Şimali Suriyada yaradılan “kürd dəhlizi”nin təhlükəsizliyinə xidmət edir.

“İyunun 9-da Diyarbəkrdə "Huda Par" təşkilatının lideri Aytaç Baranın, bundan sonar Diyarbəkrdə qəhvəxanada təşkil edilən silahlı hücumda daha 3 nəfərin öldürülməsi PKK və “Hizbullah” vasitəsilə ölkənin cənubi-şərqində “kürd vətəndaş müharibəsi”nin çıxarılmasını məqsəd edən xaotik bir vəziyyətə işarədir”, - keçmiş kəşfiyyatçı qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm