Kiyevin müdaxilə “hüququ” və “Tarif Maydanı”nda İqor Seçin faktoru
Bizi izləyin

Dünya

Kiyevin müdaxilə “hüququ” və “Tarif Maydanı”nda İqor Seçin faktoru

İrəvanda “Tarif Maydanı” adını alan etiraz aksiyası Sarkisyan rejimi üçün getdikcə arzuolunmaz xarakter alır. Baqramyan prospektində oturaq aksiyaya qatılanların sayı getdikcə artır. Son məlumatlara görə, prospektdə 6 minə qədər adam toplanıb. Ekspertlər isə “Tarif Maydanı” ilə Kiyev Maydanı arasında bənzərliklər tapır və Ermənistanda Ukrayna ssenarisinin təkrarlanacağı ehtimalının olduqca yüksək olduğunu bildirirlər.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, rusiyalı politoloq və publisist Andrey Piontkovski “Qordon” nəşrinə açıqlamasında Ermənistandakı hadisələrin müəyyən qədər Rusiya-ABŞ münasibətləri ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiya ətrafındakı halqanı tədricən sıxır və bu, Rusiyanın qonşularını ondan üz çevirməyə meylləndirir. Politoloq qeyd edir ki, “Tarif Maydanı” müəyyən dərəcədə ABŞ-Rusiya münasibətlərinin təzahürüdür.

“Mən yaxın vaxtlarda Ermənistanda idim. Ölkə Qafqazdakı qonşuları ilə müqayisədə çox kasıbdır. Elektrik enerjisinin qiymətinin artırılmasından başqa, xalqı hiddətləndirən əlavə məsələ ölkənin energetika şəbəkəsinin İqor Seçinin şirkətinin (Rusiyanın “Rosneft" şirkətinin rəhbəri İqor Seçin – Ö.D.) mülkiyyətində olmasıdır. Deyilənə görə, şirkət Ermənistanda bir saata təxminən bir milyon rubl (təxminən 18,3 min dollar – Ö.D.) qazanır", – Piontkovski bildirib.

O qeyd edir ki, erməni vətəndaşları iki il əvvəl Ermənistanın Yanukoviç kimi Avropa Birliyi ilə assosiasiya haqqında sazişi imzalamamasını unutmayıblar: “Sadə insanların hiddəti həmçinin onunla bağlıdır ki, yerli rəhbərlik milli maraqlara xəyanət edərək Moskvaya tabe olur. Vaxtilə Yanukoviç də Ukraynada eyni addımı atmaq istəyirdi. Ümid edirik ki, aksiyada güllələnmə və qanlı qarşıdurma olmayacaq. Hər şey ölkə liderlərinin mövqeyindən asılıdır. Ümid edirəm ki, Yanukoviçin davranışları təkrarlanmayacaq. Baxaq görək, prezident Serj Sarkisyan özünü necə aparacaq”.

Piontkovski hesab edir ki, Kiyev Maydanında olduğu kimi “Tarif Maydanı”nda da gənclərin üstünlük təşkil etməsi ümumi prosesdir. Onun sözlərinə görə, yeni nəsil özlərinin mövcudluğunu Rusiyadan asılı olan bir hakimiyyətin çərçivəsində görmür.

Erməni politoloqu, Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin başçısı Stepan Qriqoryan da Ermənistandakı hadisələrin kökündə İrəvanın kölə siyasətinin dayandığının düşünür. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistanın iqtisadiyyatında ciddi problemlərə gətirib çıxarıb: “Bilirəm ki, Ukrayna, Moldova və Gürcüstanda Avropa Birliyi ilə assosiasiya razılaşmasının əleyhdarları var. Hesab edirlər ki, Avrasiya İttifaqında ucuz qaz var. Ermənistan onların səhv etdiyini göstərən klassik nümunədir. Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ona gətirib çıxardı ki, iqtisadiyyatımız çox ciddi problemlər yaşayır. Erməni iqtisadiyyatı Rusiyadan daha asılı vəziyyətə düşdü. Ermənilər ucuz qaza aldanmasınlar. Bütün bunlar boş vədlərdir. Avrasiya İqtisadi İttifaqına üzvlükdən sonra bizdə maraqlı layihələr həyata keçirsəydilər, onlar Ukraynaya sübut edərdilər ki, nəsə bacarırlar. Amma hər şey əksinə baş verir”.

Ermənistanın yiyəsi olan Moskvadan olan reaksiyaların yumşaqlığı isə təəccüb doğurur. Amma ekspertlər hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Puskovun “Biz hadisələri diqqətlə izləyirik” şəklində açıqlaması hər nə qədər yumşaq görünsə də, açıqlamanın arxasında çox incə mətləblər var. Hesab edilir ki, Rusiya Ermənistandakı proseslərə müdaxilə “hüququ”nu özündə saxlayır və proseslər Kreml üçün arzuolunmaz istiqamətdə inkişaf edəcəyi halda müdaxilə qaçılmaz olacaq. Amma bəziləri hesab edirlər ki, Kreml artıq bu “hüquq”dan yararlanıb.

Məsələn, İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın vitse-prezidenti Oles Belyaski “Azadlıq” radiosuna bildirib ki, İrəvanda etiraz aksiyanın dağıdılması prosesinə birbaşa Kremldən rəhbərlik edilib. O, fikirlərini əsaslandırmaq üçün məhz Peskovun bəyanatına istinad edir. Belyaskinin sözlərinə görə, Rusiya Ermənistana hakimiyyəti altında olan ölkə kimi baxır və vətəndaş fəallığının yatırılması metodları Kremldən diktə edilir.

Rusiyalı sosioloq İqor Eydman Ermənistanda dəyişikliklərin qaçılmaz olduğu fikrindədir. Onun sözlərinə görə, “Tarif Maydanı” insanların demokratik dəyərlərə sahib olmaq cəhdinin nəticəsidir. Sosioloq düşünür ki, elektrik enerjisinin qiymətlərinin artırılması etiraz etmək üçün insanların əlinə düşən bir bəhanə oldu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm