Kreml Xruşşovun “Krım bəxşişini” qanunsuz elan etdi - RƏSMİ
Bizi izləyin

Dünya

Kreml Xruşşovun “Krım bəxşişini” qanunsuz elan etdi - RƏSMİ

Rusiya Federasiyası Baş prokurorluğu Krımın 1954-cü ildə Ukraynaya verilməsi barədə qərarı qanunsuz elan edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Baş Prokurorluq “Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironovun sorğusuna cavab olaraq RSFSR Ali Sovetinin Rəyasət Heyəti və SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarın SSRİ-nin Konstitusiyasına uyğun olmadığını bildirib.

Qeyd edilir ki, Rusiya SFSR Ali Sovetinin Rəyasət Heyəti Rusiya SFSR-in ərazilərinin başqa müttəfiq respublikalara verilməsi barədə qərar vermək səlahiyyətinə malik deyildi. SSRİ-nin konstitusiyasına əsasən, bu məsələ ölkənin ən ali hakimiyyət orqanlarının səlahiyyətinə aid idi.

Sevastopol şəhərinə gəlincə, bildirilir ki, Krımın Ukrayna SSR-yə verilməsinə baxmayaraq, şəhər Rusiya SFSR-in yurisdiksiyası altında qalırdı. “Nəticədə 1991-ci ilin dekabrında Sevastopol şəhərinin federal statusu Rusiya Federasiyası Ali Sovetinin qətnaməsi ilə təsdiq edilib”, - Rusiya Baş Prokurorluğundan bildirilib.

Xatırladaq ki, 1954-cü il fevralın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Krımın Rusiya SFSR tərkibindən çıxarılaraq Ukrayna SSR-ə verilməsinə dair qərar qəbul edir. Həmin sənədin sayəsində Krım faktik olaraq Ukraynaya bağışlanır. Beləliklə, Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi münasibətilə ukraynalılar “bəxşiş”ə layiq görülür.

Bu hadisənin səbəb və motivlərinə dair bir neçə versiya var. Onlardan biri bu yolla vaxtilə Ukrayna partiya komitəsinə başçılıq etmiş və repressiyalara görə cavabdeh olan Xruşşovun ukraynalıların “könlünü almaq” istəyidirsə, digər versiyaya görə Sovet rəhbəri Krımı verməklə əslən ukraynalı olan həyat yoldaşına ad günü hədiyyəsi etmək istəyib. Daha bir versiya isə iqtisadi xarakterlidir. Çünki Krım coğrafi baxımdan Ukraynaya Rusiyadan daha yaxın idi və yarımada iqtisadi baxımdan Ukrayna ilə daha sıx bağlanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm