• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ABŞ şokda: Edvard Snouden sənədləri “WikiLeaks” ötürür

  • Dünya
  • 27 İyun 2015 22:12
  • 511 Baxış
ABŞ şokda: Edvard Snouden sənədləri “WikiLeaks” ötürür

“WikiLeaks” saytının Fransanın son üç prezidentinin ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən gizlicə dinlədiyini ortaya çıxarması diqqətləri yenidən NSA-nın keçmiş əməkdaşı Edvard Snoudenə yönəldib.

Publika.az “Reuters”agentliyinə istinadən xəbər verir ki, avropalı və amerikalı kəşfiyyatçılar Culian Assancın qurduğu “WikiLeaks” saytının dərc etdiyi son sənədlərin mənbəyi Edvard Snouden ola bilər.

Agentliyin məlumatına görə, Avropa və Amerikanın xüsusi xidmət orqanları hazırda Rusiyada yaşayan Snoudenlə işləmə ehtimalının yüksək olduğunu bildirirlər.

“WikiLeaks”də yayılan məlumata görə, NSA 2006-2012-ci illər ərzində Fransanın 3 prezidentinin telefon danışıqlarını gizli şəkildə dinləyib. Amerikalıların dinlədiyi prezidentlər Jak Şirak, Nikola Sarkozi və hazırkı prezident Fransua Olland olub. NSA-nın sözçüsü Ned Prays yazılı açıqlama ilə çıxış edərək məlumatı ittiham adlandırıb.

Qeyd edək ki, Edvard Snoudenin əlindəki sənədlərin başqa əllərə keçmə ehtimalı bundan əvvəllər də yüksək qiymətləndirilib. Təxminən iki həftə əvvəl “The Sunday Times” qəzetinin yaydığı məlumata görə, Rusiya və Çin ABŞ NSA-nın keçmiş əməkdaşının əlindəki sənədlərə girişi təmin edib. Qəzet xəbəri verərkən İngiltərənin Baş nazirlik, daxili işlər və təhlükəsizlik orqanlarındakı mənbələrə istinad edib. Nəşrin xəbərinə görə, İngilis kəşfiyyatı MI6 bu hadisədən sonra agentlərini “düşmən niyyətli ölkələr”dəki əməliyyatlardan geri çəkib.

Qeyd edilir ki, Kreml Snoudenin əlində olan 1 milyondan çox gizli sənədə girişi təmin edib.

Kompüter mütəxəssisi olan Edvard Snouden NSA-da sistem idarəçisi kimi çalışıb. O, 1,7 milyondan çox gizli sənədin surətini çıxararaq onları jurnalistlərə ötürüb. Bu sənədlərin xəbərləşməsi ilə bütün dünya NSA və ingilis kəşfiyyatının dinləmə fəaliyyətindən xəbər tutub.

ABŞ-da barəsində axtarış qərarı olan Snouden Rusiyaya sığınıb. Snouden “New York Times” nəşrinə 2013-ci ilin oktyabr ayında verdiyi açıqlamasında kəşfiyyat sənədlərini özü ilə götürmədiyini bildirmişdi. Snouden rusların, yaxud da çinlilərin hər hansı bir sənədi ala ehtimalının sıfır faiz olduğunu söyləmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR