Sarkisyan aksiya iştirakçılarına yalvarır - VİDEO
Bizi izləyin

Dünya

Sarkisyan aksiya iştirakçılarına yalvarır - VİDEO

Ermənistan Prezidenti Serj Sərkisyan elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq İrəvanda davam edən fasiləsiz aksiyalarla bağlı ilk dəfə ictimaiyyətə müraciət edib.

Virtualaz.org saytı xəbər verir ki, Sərkisyan iyunun 27-də axşam saatlarında iqtisadiyyata cavabdeh nazirlərlə və digər rəsmilərlə müşavirə keçirərək həm aksiyalara, həm də elektrik enerjisinin bahalaşması qərarına münasibətini açıqlayıb.

Ermənistan prezidenti deyib ki, dünən baş nazirlə bu məsələni uzun-uzadı müzakirə edib. Bu gün isə qərara alıb ki, müzakirələrin nəticəsini ictimaiyyətə elan etmək lazımdır.

Sərkisyan demokratiya, vətəndaş cəmiyyəti barədə uzun-uzadı danışıb, aksiyaların dinc xarakter daşımasını Ermənistan cəmiyyətinin nailiyyəti adlandırıb. Nümayişçilərlə hüquq-mühafizə orqanları arasında etimad yarandığını vurğulayıb və deyib ki, bu, dünyanın çox yerində mümkün olmur.

Daha sonra Sərkisyan Ermənistanın elektrik enerjisi şəbəkəsinin operatoru, Rusiyanın “İnter RAO EES” şirkəti tərəfindən tariflərin artırılmasına dair müraciətin tam əsaslı olduğuna əminliyini bildirib.

Ermənistan prezidenti deyib ki, əgər tariflər artırılmasa, ölkənin energetika sistemi çökə bilər. Sərkisyan Ermənistanın enerji təhlükəsizliyinin daha etibarlı təmin olunması üçün Avrasiya İttifaqının yeni formalaşan müvafiq strukturları ilə danışıqların aparılmasına dair tapşırıq verdiyini deyib.

Sərkisyan kompromis variant kimi təklif edib ki, aksiyaçıların nümayəndələrinin də iştirakı ilə beynəlxalq audit şirkəti seçilsin. Bu şirkət elektrik enerjisinin bahalaşması qərarının nə dərəcədə əsaslı olduğunu və tariflərin artırılmayacağı təqdirdə ölkənin elektrik enerjisi sistemini nə gözlədiyini müəyyən etsin.

“Həmin müddətdə tariflərin artırılmasına görə xərcləri hökumət üzərinə götürəcək. Əgər audit müəyyən etsə ki, tariflərin artırılması əsassızdır, o zaman elektrik enerjisi operatoru həmin vəsaiti hökumətə qaytaracaq və məsul şəxslər cəzalanacaq. Yox, əgər audit müəyyən etsə ki, bahalaşma qaçılmazdır, o zaman audit aparıldığı müddət ərzində köhnə tariflərlə yeni tariflər arasında yaranan fərqi əhali ödəyəcək”, - deyə Sərkisyan bildirib.

Sərkisyan deyib ki, polis istənilən tapşırığı yerinə yetirə bilər, ancaq bu, məqsəd deyil. O, aksiya iştirakçılarına müraciət edərək İrəvanın mərkəzini iflic etməməyə və Baqramyan prospektindən çəkilməyə çağırıb.

“Allah xatirinə, şəhərin mərkəzini iflic etdiyiniz bəsdir, bizim hamımızın çiyininə məsuliyyət düşür və bu məsuliyyət artacaq. Daha sakit metodlara keçin, Baqramyan prospektini azad edin və qərar qəbulu mərhələsinə kömək göstərin, bu həll yoluna etimad yaradılmasına çalışın”, - deyə Sərkisyan bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm