“Əl-Qaidə”yə ağır zərbə: “Dağ döyüşlərinin mütəxəssisi” öldürüldü
Bizi izləyin

Dünya

“Əl-Qaidə”yə ağır zərbə: “Dağ döyüşlərinin mütəxəssisi” öldürüldü

“Əl-Qaidə” terror təşkilatının ikinci adamı sayılan Mansur əl-Harbi ABŞ tərəfindən öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mansur əl-Harbi Əfqanıstanda pilotsuz təyyarə ilə təşkil edilən hücumda həyatını itirib.

“Əl-Qaidə”nin ən təcrübəli komandirlərindən biri olan Mansur əl-Harbi uzun müddətdir ABŞ kəşfiyyatı tərəfindən axtarılırdı. Səudiyyə Ərəbistanının vətəndaşı olan Mansur əl-Harbi “Əbu Muslim əl-Məkki” kod adından istifadə edirdi.

Mansur əl-Harbinin ölüm xəbəri ABŞ ordusunun mərkəzi qərargahl (CENTCOM) tərəfindən təsdiqlənib. Əfqanıstanda Talibana yaxın “Afghan Islamic Press” nəşri əl-Harbinin həyatını itirdiyini xəbər versə də, ölüm xəbəri ABŞ-ın kəşfiyyat mənbələrinə yaxınlığı ilə tanınan “Long War Journal” internet saytı tərəfindən təsdiqlənməyib.

Mansur əl-Harbi “Əl-Qaidə”nin Əfqanıstandakı hərbi komandiri olaraq tanınırdı. O, 2012-ci ildən bu yana ABŞ-ın dərc etdiyi “terror siyahısı”nda yer alıb. Mansur əl- Harbi həmçinin Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi tərəfindən dərc olunan “terror siyahısı”na da daxil edilmişdi.

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan hesabatda onun “Əl-Qaidə” və Taliban ilə çalışdığı, 1990-cı illərdə Əfqanıstana gedərək “Əl-Qaidə”yə qatıldığı və xarici döyüşçülərin koordinasiyasına görə cavabdeh olduğu ifadə edilir. BMT eyni hesabatda “dağ döyüşlərinin mütəxəssisi” olduğu deyilən əl-Harbinin Kunar, Nuristan və Nancarhar kimi bölgələrdə NATO güclərinə qarşı əməliyyatlar hazırladığı qeyd edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm