PKK-nın “qardaş”ı da təhdid etdi: “Türkiyə Suriyaya girsə...”
Bizi izləyin

Dünya

PKK-nın “qardaş”ı da təhdid etdi: “Türkiyə Suriyaya girsə...”

Suriyanın şimalına hərbi müdaxilə planlarını müzakirə edən Türkiyəyə PKK terror təşkilatından sonra növbəti xəbərdarlıq təşkilatın Suriya qolu PYD-dən gəlib.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, PYD-nin həmsədri Saleh Müslim Türkiyənin Suriyaya ancaq NATO-nun qərarı ilə girə biləcəyini bildirib.

“Böyük dövlətlərin səlahiyyətliləri ilə danışdıq. Onların sözlərinə görə, bu sərhəd yalnız Türkiyə-Suriya deyil, həm də NATO-Suriya sərhədidir. Açıq şəkildə söylədilər ki, sərhəd xaricindəki hərbi əməliyyatlar üçün NATO-nun qərarı tələb olunur. NATO-nun qərarı olsa, çox şey dəyişər”, - kürd lider deyib.

O, kürd bölgəsini qorumaq üçün İŞİD və digər güclərə göstərdiyi müqaviməti Türkiyə ordusuna da göstərəcəyini dilə gətirib.

Suriyanın şimalında Aralıq dənizinə çıxışı olan kürd dövlətinin qurulması iddialarına gəlincə, PYD həmsədri iddiaları təkzib edib və belə bir planlarının olmadığını vurğulayıb.

Xatırladaq ki, PKK terror təşkilatının Kandildəki rəhbərlərindən olan Murad Karayılan Suriyaya hərbi müdaxilənin olacağı halda Türkiyəni müharibə meydanına çevirəcəklərini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm