Mərdəkan çimərliyi tullantılardan təmizləndi - - FOTO
Bizi izləyin

Ekologiya

Mərdəkan çimərliyi tullantılardan təmizləndi - - FOTO

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Mərdəkan çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.

Bu il sözügedən aksiyada 500-dən artıq insan iştirak edib vəsahilyanı ərazi 6 tona yaxın tullantıdan təmizlənib. Tədbirin təşkilatçıları qismində “Coca-Cola” şirkəti, “PAŞA Bank”, "Bakcell" şirkəti, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü və “Let’s Do It Azerbaijan” proqramı (letsdoitworld.org) çıxış edib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilib. Bildirək ki, tədbirin informasiya dəstəyi Xəzər TV tərəfindən həyata keçirilib.

Artıquzun illərdir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 8 ildir iştirak edir.

“Artıq səkkiz il ardıcıl olaraq “Coca-Cola” və ölkənin bir sıra nüfuzlu şirkət və təşkilatları ekoloji aksiya keçirərək Xəzər dənizinin sahillərini tullantılardan təmizləyir. Bizim üçün cəmiyyətin ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin rifahı kimi vacibdir. Aksiya çərçivəsində sahilyanı ərazini 6 tona yaxın tullantıdan təmizləyə bildik. Yüzlərlə insanların könüllü olaraq sahilyanı əraziləri təmizləməsinin böyük maarifləndirici əhəmiyyəti var. Sözügedən tədbir artıq bayrama çevrilib və onun sayəsində təbiət təmizlənir. Ümid edirik ki, ildən-ilə hər kəs ətraf mühitə daha məsuliyyətli yanaşacaq və gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.

“Bu il aksiya ilə bağlı daha geniş məlumatlandırma kampaniyası həyata keçirilib, daha çox iştirakçı cəlb olunub. Hər il daha çox insanın bu ekoloji aksiyaya qoşulduğunu görmək bizim üçün çox sevindirici haldır. Hər il bizə qoşulan yüzlərlə gəncimiz ətraf mühitin tullantılardan təmizlənməsinə nə qədər həssas yanaşırlarsa, dəniz sahillərini çirkləndirənlər də bu məsələyə o qədər həssas yanaşmalıdırlar. Mən istərdim ki, könüllülərimiz sadəcə bu tədbirə qoşulmaqla kifayətlənməsinlər, həm də öz yaxın ətraflarında olan insanları təbiəti qorumağa təşviq etsinlər. Bakcell şirkəti isə öz növbəsində qarşıdakı illərdə də bu böyük layihəyə dəstək verməyə hazırdır“, - deyə “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova bildirib.

“Ötən il ”ASAN könüllüləri” tərəfindən irəli sürülmüş “Yaşıl ASAN” təşəbbüsü çərçivəsində təşkil olunan Novxanı sahilyanı təmizlik aksiyasında ilk olaraq 300 nəfər “ASAN könüllüsü” iştirak edib. Lakin artıq 3 ildir ki, bu aksiyada 400-dən çox könüllümüzlə Xəzər rayonunda sahilyanı ərazini məişət tullantılardan təmizləyirik. Bu aksiyaya qoşulmaqla ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü olaraq cəmiyyətimizə “ətraf mühiti təmiz saxlayaq” mesajı veririk. Düşünürəm ki, aksiyada iştirak etmiş yüzlərlə gənc bu təşəbbüslə həm də sosial məsuliyyətlərini dərk etmiş oldular. Gələcəkdə də bu cür təşəbbüsləri dəstəkləməyə hazırdırlar”, - deyə “Yaşıl ASAN” təşəbbüsünün rəhbəri Səkinə Həsənova bildirib.

“Xəzəri Qoruyaq!”şüarı altında Mərdəkan çimərliyində keçirilən aksiya çərçivəsində təxminən 6 tona yaxın tullantı yığılaraq Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunmuşdur.

Qeyd edək ki, Azərbaycanda son 8 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 35 hektara yaxın ərazisi 27 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Xatırladaq ki, builki aksiyaya qoşulanlar sırasında"Green Baku" ekoloji gənclər birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, ADA Universiteti və “Youth Inc.” gənclərin sahibkarlıq proqramı yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm