20 Yanvarda ağacları kəsib bina tikmək istədilər, AMMA... - FOTO/VİDEO
Bizi izləyin

Ekologiya

20 Yanvarda ağacları kəsib bina tikmək istədilər, AMMA... - FOTO/VİDEO

Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsi 24 ünvanında olan çox illik ağaclar bəlli olmayan şəxslər tərəfindən kəsilib.

Bu barədə Publika.az-a müraciət edən rayon sakini Orxan Əliyev məlumat verib.

O.Əliyev bildirib ki, ötən ilin iyul ayında bir qrup şəxs əraziyə gələrək ölçmə işləri aparıb:“Məlumata görə onlar həmin ərazidə ağacları kəsib bina tikmək istəyir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Onların əməkdaşları əraziyə baş çəkdilər. Ərazidə mövcud yaşıllıqların qorunub mühafizə olunması üçün Nəsimi rayon İcra Hakimiyyətinə məktubla müraciət edilib. İki gün əvvəl isə özlərini Yaşıllaşdırma İdarəsinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər ağacları budamaq adı ilə iki ağacı kökündən kəsib. Bu barədə yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət etdik, oradan ərazidə ağac kəsilməsi barədə icazə olmadığını dedilər. Nazirliyin razılığı olmadan bir-bir ağacların bu cür kəsilməsi bizi narahat edir”.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə dəfələrlə zəng etsək də, telefonlara cavab verilmədi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.az-a açıqlamasında bildirib ki, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 yanvar küçəsi 24 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

“Sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində 2 ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub. Araşdırma zamanı qanun pozuntusunun fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib. Faktla bağlı Abbas Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm