Bayılın sürüşmə ərazində yaşayan ailələrlə bağlı QƏRAR VERİLDİ: 11 ay ərzində...
Bizi izləyin

Ekologiya

Bayılın sürüşmə ərazində yaşayan ailələrlə bağlı QƏRAR VERİLDİ: 11 ay ərzində...

"Bayıl sürüşmə sahəsində məskunlaşan ailələrlə bağlı Nazirlər Kabineti müvafiq sərəncamı imzalayıb".

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimovun Publika.az-a verdiyi məlumata görə, Bayıl yamacında sürüşmə təhlükəsi olan ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqı ödəniləcək.

İ.Kərimov bildirib ki, bu ailələr Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti müəxəssislərinin apardıqları müşahidələr əsasında müəyyən edilib:

“Alimlərin hazırladıqları xəritələrdə sürüşmə sahəsinin konturları daxilində 98 evin sürüşmə təhlükəsində olduğu müəyyən edilib. 11 ay müddətində həmin ailələrə kirayə haqqı veriləcək. Bu müddət ərzində Fövqəladə Hallar Nazirliyi, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları, geoloqlar və ekoloqlar ərazidə gündəlik araşdırma aparacaq. Prosesin qarşısını almaq üsullarını araşdıracaqlar. Bu gün ərazidəki yarğanlara qum-gil qarışığı doldururlar. Bu da sürüşmənin qarşısını alan amillərdən biridir. Digər üsullar da araşdırılacaq və sonda alimlərin gəldiyi nəticə Nazirlər Kabinetinin Fövqəladə Hallar Komissiyasına təqdim ediləcək. Bundan sonra Baş nazir qərar qəbul edəcək və sərəncam imzalayacaq. Əgər sürüşmə zonasında yaşayışın mümkün olması barədə qərar verilsə, həmin 98 ailə evlərinə köçürüləcək. Əgər əhalinin yaşayışının mümkün olmadığı barədə qərar verilsə, bu zaman Nazirlər Kabineti tərəfindən həmin ailələrə kompensasiya ayrılacaq. Biz də icraçı qurum olaraq üzərimizə düşən vəzifəni icra edəcəyik. Hazırda isə 98 ailənin kirayə pulu ilə təmin edilməsi üçün bu ilin dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. Artıq ailələr siyahya alınıb, onlar üçün ayrılan vəsait fevralın 19-dan bank hesablarına köçürüləcək”.

İ.Kərimov bildirib ki, sürüşmə nəticəsində torpaq altında qalan 4 evlə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları araşdırma aparacaq. Həmin evlərin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləği 10 gün ərzində müəyyən edilməlidir: “Həmin tikililər 1990-cı ildə inşa olunan fərdi yaşayış evləridir. Onların heç birinin sənədi yoxdur, evlərin ikisi Zəngilan rayonundan olan məcburi köçkündür, ikisi isə digər rayonlardan gəlib ərazidə məskunlaşanlara məxsusdur. Lakin heç birinin Səbail rayonunda qeydiyyatı yoxdur. Ümumiyyətlə, ərazidəki evlərin demək olar ki, heç birinin sənədi yoxdur. Lakin vətəndaşların mənafeyi əsas götürülərək onlar barəsində qərar verilib. Həmin ev sahiblərinə ödəniləcək kompensasiya 10 gün ərzində müəyyən ediləcək”.

İ.Kərimov ilkin məlumatlarda sürüşmə sahəsində 150 evin yerləşməsi barədə məlumatlara da aydınlıq gətirib: “Biz ilk dəfə sürüşmə olanda 80 evi köçürmüşdük, fevral ayının 10-da baş verən sürüşmədən sonra köçürülən evlərin sayı artdı. Lakin hazırda sürüşmə zonasında yerləşən evlərin sayı 98-dir, onlarla bağlı da qərar verilib, 4 ev isə ümumiyyətlə, dağıntı altında qalıb. Ərazidəki digər evlərdə isə yaşayış üçün təhlükə yoxdur. Bununla bağlı ekspertlər qərar verib. Həmin evlərin qaz, su və işıqla bağlı təminatlarında problem yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm