10 mindən artıq mənzilə olan tələbat ödənilməyib
Bizi izləyin

Əmlak

10 mindən artıq mənzilə olan tələbat ödənilməyib

Azərbaycanda hər sakinə düşən orta yaşayış sahəsi son 15 ildə tədricən 9.3 kvadrat metrdən 12 kvadrat metrə kimi artıb.

Azərbaycanda hər sakinə düşən orta yaşayış sahəsi son 15 ildə tədricən 9.3 kvadrat metrdən 12 kvadrat metrə kimi artıb.

Publika.az xəbər verir ki, bu haqda bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd edilir ki, son 10 ildə bir-birilə əlaqəli üç göstərici – xüsusi mülkiyyətə sahiblik payı, urbanizasiya və hər sakinə düşən yaşayış sahəsi üzrə göstəricilər, demək olar ki, sabit qalıb. Bəzi rayonlarda əhalinin artım sürəti digərləri ilə müqayisədə daha yüksəkdir. 2009–2015-ci illərdə Azərbaycanın bir sıra rayonlarının, o cümlədən Bakı şəhərinin, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz və Yuxarı Qarabağ rayonlarının əhalisi artaraq yaşayış sahəsi üzrə artımı üstələyib. Bakı və Abşeron yarımadasında əhalinin real artım tempi istehsal işçilərinin kənd yerlərindən şəhərlərə axını səbəbindən hətta rəsmi göstəriciləri də üstələyir.

Aparılan hesablamalara görə, Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30 min yeni mənzil satılır. Mənzilə sahibliyin yüksək faizini, yeni satışların nəzərə çarpmayan artımını, mənzil bazarının kiçilməsini və qabaqcıl təcrübələrə dair nümunələri nəzərə aldıqda qeyd etmək olar ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaqdır. Bu artım uyğun qiymətə mənzillərin sayının lazımi səviyyədə və mənzil bazarında tarazlığı pozmadan artmasına səbəb olacaqdır. Agentliyin mənzil təminatı ilə bağlı hədəfləri real mənzil bazarının göstəriciləri əsasında hər il yenilənəcək və belə hədəfləri müəyyən edərkən eyni təşəbbüsləri həyata keçirən digər ölkələrdə müəyyən edilmiş əsas faktlar nəzərə alınacaq.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə 16237 mənzil istifadəyə verilib. Bu o deməkdir ki, illik tələbat 30 min mənzil olduğu halda 10 mindən artıq mənzilə olan tələbat ödənilməyib. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən təşəbbüslər müəyyən edilərkən bu fakt nəzərə alınacaq. Azərbaycanın mənzil təminatı siyasəti vətəndaşların həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində dövlətin göstərdiyi təşəbbüslərə, tələbə (gəlir səviyyəsi və mənzil istifadəsi) və təklifə (cari və proqnozlaşdırılan mənzil fondu) əsasən işlənib hazırlanacaq. Təklif – növünə, ölçüsünə, yerinə və qiymətinə görə bölünmüş cari və proqnozlaşdırılan mənzil fonduna, məşğulluq mərkəzlərinin ərazi üzrə paylanmasına, eləcə də müəyyən gəlir səviyyəsi olan əhali qrupunun gündəlik gediş-gəlişinə əsasən müəyyən ediləcək. Tələb – ailə gəlirlərinin bölgüsünə və layihələrə, hər bir ailənin gəlirinə uyğun torpaq və yaşayış sahəsinə, mənzil xərcinin ailənin gəlirindəki payına və sosial cəhətdən qəbul edilən əsas keyfiyyət göstəricilərinə əsasən müəyyən ediləcək. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaxın gələcəkdə bu amillər nəzərə alınaraq, ilkin investisiyaların cəlb olunması istiqamətində tədbirlər görüləcək, mənzil bazarının davamlı inkişafı üçün qarşıya uzunmüddətli məqsədlər qoyulacaq və bölgələrdə yaşayış mənzillərinin tikintisi ilə bağlı hədəflər müəyyən ediləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm