“Strateji Yol Xəritəsi” mənzil bazarında nələri dəyişəcək - Açıqlama
Bizi izləyin

Əmlak

“Strateji Yol Xəritəsi” mənzil bazarında nələri dəyişəcək - Açıqlama

"Hər il bazara əlavə olaraq 3000 mənzil çıxarılsa, bu sözsüz ki, qiymətlərə mənfi təsir edəcək".

“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin bəndlərindən biri də Azərbaycanda vətəndaşların uyğun qiymətə mənzil təminatı sahəsində 2020-ci ilədək geniş strateji hədəflərlə bağlıdır.

Strategiyada Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 168 milyon və dolayı 81 milyon manatadək artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bildirilir ki, bunun gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir.

Aparılan hesablamalara görə, ölkədə gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30 min yeni mənzil satılır. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaq.

Strategiyanı Publika.az-a şərh edən daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirdi ki, “Strateji Yol Xəritəsi”ndə ölkədə illik mənzil təlabatının 30 min mənzil olduğu göstərilib:

“MİDA-nın hədəfi illik mənzil təlabatının 10%-ni ödəməkdir. Yəni belə nəticəyə gəlmək olar ki, MİDA hər il satışa orta hesabla 3000 mənzil çıxartmaq istəyir. Bunun reallıqda çox və ya az olmasını konkret söyləmək çətindir. Bu, buğda deyil ki, illik istehlakı təqribən rahatca hesablamaq olsun. Mənzil təlabatının hesablanması daha qəlizdir. Təlabat dedikdə təkcə evsizləri yox, həm də mənzil şəraitini yaxşılaşdırmaq istəyənləri nəzərə almaq lazımdır”.

Ekspertin sözələrinə görə, əhaliyə təklif ediləcək mənzillərin qiyməti onun maya dəyərindən asılı olacaq:

“MİDA torpaq sahələrini pulsuz əldə edəcək və üstəlikdə icazələrin alınmasında çətinlik çəkməyəcək. Bu isə ona şərait yaradır ki, mənzillərin maya dəyəri aşağı olsun. Tikintinin maya dəyərini dollarla müqayisə etsək, Türkiyədəki (Türkiyədə mənzilin orta bazar qiyməti bir kvadrat metr üçün 620 ABŞ dollarıdır, lakin uyğun qiymətə mənzil təminatı layihəsi çərçivəsində tikilmiş mənzillərin qiyməti daha aşağı, yəni bir kvadrat metr üçün təxminən 420 ABŞ dollarıdır) kimi olması və ya bir qədər artıq olması artıq real görünməyə başlayır. Bunun səbəbi isə manatın dollar qarşısında ucuzlaşmasıdır”.

Layihənin mənzil bazarına təsirlərinə toxunan iqtisadçı deyir ki, bu, ilk mənzillər istifadəyə veriləndən sonra hiss ediləcək:

“Layihələrin uğurundan asılı olacaq. Əgər hər il bazara əlavə olaraq 3000 mənzil çıxarılsa, bu sözsüz ki, qiymətlərə mənfi təsir edəcək. Ancaq hələ ki proqnozlarda tələsmək olmaz”.

O ki qaldı prosesdə iştirak edəcək tikinti şirkətlərinə, mütəxəssis deyir ki, tikinti şirkətləri tender vasitəsilə seçiləcək:

“Tenderdə iştirak etmək üçün kriteriyalara uyğun şirkətlər sərbəst şəkildə iştirak edə biləcəklər. Ümumilikdə isə bu layihələrin tikinti sektoruna müsbət təsiri gözlənilir. Ancaq narahatçılıqlar da çoxdur. Bu da sağlam rəqabətlə bağlıdır. Çünki MİDA digər iştirakçılara nisbətdə üstünlük əldə edəcək və bu təbiidir. İstisna etmirəm ki, bəzi hallarda mənzil satan digər şirkətlər hətta narazılıqlarını da bildirsinlər. Yol xəritəsində göstərilir ki, bu cür mənfi təsir mümkün qədər neytrallaşdırılacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm