Daha 10 dövlət əmlakı özəlləşdirildi
Bizi izləyin

Əmlak

Daha 10 dövlət əmlakı özəlləşdirildi

Komitənin növbəti hərracı martın 7-də keçiriləcək.

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.

Publika.az komitəyə istinadən xəbər verir ki, hərracı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) üzvü olan 20-dən artıq sahibkar izləyib. Komitə ilə ASK arasında imzalanmış memoranduma uyğun təşkil edilən tədbirin məqsədi iş adamlarına dövlət əmlakının satışının açıq və şəffaf şəkildə keçirilməsini, hərrac mexanizmlərinin maksimum sadələşdirildiyini, obyektlər haqqında məlumatların əldə edilməsi üçün daha geniş imkanların yaradıldığını, eləcə də özəlləşdirmə prosesində iştirakın səmərəli və faydalı olmasını əyani şəkildə nümayiş etdirməkdən ibarətdir.

Hərrac prosesində 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 10 əmlak özəlləşdirilib. Bu əmlakların 7-si Bakı şəhərində, 3-ü isə digər şəhər və rayonlarda yerləşir. Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə yerləşən 31 saylı Mebel təmiri sexi, Yardımlı və Şəki şəhərində yerləşən qeyri-yaşayış binaları aiddir. Hərracda özəlləşdirilən müəssisələr əsasən paytaxtın Sabunçu, Suraxanı, Nəsimi, Nərimanov, Xətai rayonlarında yerləşir. Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib.

Qeyd edək ki, Komitənin növbəti hərracı martın 7-də keçiriləcək. Bu hərraca 17-i kiçik dövlət müəssisəsi, 21 səhmdar cəmiyyətinin səhmləri, habelə 36 istifadəsiz qeyri-yaşayış sahəsi, ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı çıxarılacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm