Azərbaycanda nüvə stansiyası nə vaxt tikiləcək?
Bizi izləyin

Enerji

Azərbaycanda nüvə stansiyası nə vaxt tikiləcək?

Gələcəkdə neft-qaz ehtiyatının tükənməsi alternativ enerji mənbələrindən istifadəni gündəmə gətirib. Məsələ bir neçə il əvvəl gündəmə gələndə ekspertlər bu mənada ölkəmizdə Atom Elektrik Stansiyasının tikintisinin vacibliyini qeyd etmişdilər. Belə ki, ekspertlər Azərbaycanda neft-qazdan başqa yanacaq ehtiyatlarının olmadığını, digər enerji mənbələri olan külək, günəş hidroenerjisinin makisimum halda ölkənin enerji təminatının 20 faizini həyata keçirə biləcəyini nəzərə alaraq AES-lərə ehtiyac olduğunu dilə gətirmişdilər. Onlar bu məsələdə, Azərbaycanın bugünkü energetik balansını və gələcək perspektivini analiz edərək təxminən 25-30 ildən sonra ölkədə böyük energetikanı təmin edəcək enerji daşıyıcılarının tükənəcəyini bildirmişdilər. Məhz həmin dövrdə Azərbaycanda AES-in tikintisi gündəmə gəldi. Lakin sonra bu məsələ gündəmdən kənarda qaldı və unuduldu. Bəs illər əvvəl müzakirəyə çıxarılan bu məsələ ilə bağlı hansı addımlar atılıb? AES tikintisi bu gün nə qədər aktualdır?

Energetika Nazirliyindən Publika.az-a bildirilib ki, Azərbaycan enerji təhlükəsizliyinin həllinə təkcə neft-qaz resursları çərçivəsində deyil, elektrik enerjisi təminatı səviyyəsində də tam nail olub: “Respublika üzrə elektrik enerjisinin ümumi istehsalı - 24,9 milyard kVts təşkil edir. 2016-cı ildə 22,765 milyard kVts, yəni 91,3% İstilik elektrik stansiyalarında (İES), 1,912 milyard kVts, yəni 7,7% Su Elektrik Stansiyalarında (SES), 0,254 milyard kVts, yəni 1,02% isə digər alternativ enerji mənbələrində (bio, külək və günəş) istehsal olunub. Respublika üzrə 31 sayda elektrik stansiyasının ümumi generasiya gücü 7130,6 MVt təşkil edir ki, bunun da 6028,4 MVt-ı (84,5%) 14 sayda İES-lərin, qalan 1102,2 MVt-ı (15,4%) isə 17 sayda SES-lərin (7-si kiçik SES-lərə aiddir) payına düşür. Naxçıvan MR-də 2016-cı ildə istismara buraxılan 20 MVt gücündə Günəş elektrik stansiyasını da əlavə etsək, ümumi generasiya gücünü 7150,6 MVt hesab etmək olar. Bununla yanaşı qeyd etmək lazımdır ki, bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsi enerji təhlükəsizliyi siyasətinin əsas istiqamətlərindən biridir. Bu yaxınlarda qəbul olunmuş Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinə əsasən 2020-ci ilə qədər külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla yeni enerji güclərinin istifadəyə verilməsi planlaşdırılır. Yol xəritəsi çərçivəsində yeni enerji güclərinin yaradılması və istismarı istiqamətində işlərə start verilib. Bu isə onu göstərir ki, Azərbaycanda nüvə enerjisini zəruri edən amillər yoxdur və Atom Elektrik Stansiyasının tikintisi aktual deyil. Bununla belə tədqiqat məqsədilə nüvə reaktorunun yaradılması istiqamətində işlər görülür”.

Əvvəldə də qeyd etdiyimiz kimi, bir neçə il əvvəl AES-ın tikintisi gündəmə gələndə Milli Nüvə Tədqiqatları Mərkəzi yaradıldı. Sözügedən istiqamətdə bir sıra məsələlərin həlli də məhz bu quruma həvalə edildi.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədr müavini Cəlal Nağıyev isə Publika.az-a Azərbaycan Respublikasında Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı siyasi qərarın hələ mövcud olmadığını deyib: “Lakin bildirim ki, Nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi zərurətini nəzərə alan Azərbaycan Respublikası Prezidentinin 8 may 2014-cü il tarixli 442 saylı sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sərəncəmın 4.1.3. bəndində Cəmiyyətin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıq verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə “Yeni Tədqiqat Reaktorunun yaradılması üçün hazırlıq işlərinin aparılması” AZB1002 texniki əməkdaşlıq layihəsi çərçivəsində milli layihə icra edir. Bu layihə çərçivəsində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC AEBA ekspertləri, Fransanın AREVA şirkəninin əməkdaşları ilə birlikdə Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun “Strateji plan” və “Texniki əsaslandırma” sənədləri hazırlanıb”.

C.Nağıyev hazırda rəsmi olaraq, yalnız Azərbaycan tədqiqat reaktoru proqramının yaradılmasını nəzərdən keçirildiyini vurğulayıb: “Xüsusi texniki əməkdaşlıq layihəsi AZB1002 “Yeni Tədqiqat Reaktorunun yaradılması üçün hazırlıq işlərinin aparılması” həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanın milli orqanları yeni tədqiqat reaktoru layihəsi üçün AEBA mərhələli yanaşması və milli nüvə infrastrukturunun qiymətləndirilməsi üzrə seminar və ekspert missiyası tələb edib. Bu xahiş üzrə seminar və ekspert missiyası cari il fevralın 7-dən 10-dək Milli Nüvə Tədqiqatları Mərkəzinin (NNRC) qərargahlarında keçirilib. Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-də AEBA ekspertlərinin və tədqiqat reaktoru layihəsində marağı olan milli tənzimləyici orqan, universitetlər, elmlər akademiyası, ədliyyə və xarici işlər, səhiyyə, kənd təsərrüfatı, ekologiya və energetika nazirlikləri daxil olmaqla 14 milli nazirlik və dövlət təşkilatları nümayəndəsi olmaqla 31 nəfərin iştirakı ilə “Yeni Tədqiqat Reaktoru üçün AEBA Tədqiqat Reaktoru Mərhələli Yanaşması və milli nüvə infrastrukturunun qiymətləndirilməsi” üzrə milli seminar keçirilib. AEBA heyəti və milli seminar iştiraçıları arasında avadanlığın potensial istifadəçilərinin tanınması üzrə metodlar və onların istifadəçilərinin qiymətləndirilməsi, texniki-iqtisadi əsaslandırma hesabatının məzmunu, strateji planın yaradılması, lisenziya prosesi daxil olmaqla tənzimləyici nəzarət, nüvə təhlükəsizliyi üzrə beynəlxalq qanuni sənədlər, yerləşdirmə, funksional xüsusiyyətlərin inkişafı, insan resurslarının yaradılması, radioloji təhlükəsizlik, fövqəladə hallar üçün plan, yanacaq ehtiyatının mühafizəsi və yanacaq sərfi üçün strategiya və radioaktiv tullantının idarə olunması da daxil olmaqla faydalı texniki fikir mübadilələri olub. AEBA-nın ekspertləri ilə birlikdə Strateji plan və Texniki əsaslandırmanın qaralama variantları hazırlanıb qiymətləndirmə üçün AEBA-ya təqdim olunub. Sonda qeyd edim ki, ölkəmizdə hazırda nə Tədqiqat Nüvə Reaktoru nə də Atom Elektrik Stansiyasının tikilməsi haqqında siyasi qərar mövcud deyil”.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm