Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidir? – FOTOLAR
Bizi izləyin

Gözəllik

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidir? – FOTOLAR

Buraxılış gecəsi hər qızın həyatında mühüm hadisədir. Ziyafət paltarından aksessuarlara qədər obrazın hər detalı üzərində diqqətlə düşünmək lazımdır. Saç düzümü və makiyaj da bu siyahıda vacib bəndlərindən biridir.

Publika.az xəbər verir ki, tanınmış vizajist Nigar İbrahimova məktəbi bitirən qızlara yaşlarına uyğun bəzənməyi məsləhət görüb: “Gənc qızlara qabarıq gecə makiyaj etməyi qətiyyən tövsiyə etmirəm. Çünki gənclik onsuz da gözəllik deməkdir. Bundan əlavə məktəbi yenicə bitirən qızların çox makiyaj etməsi xoş təsir bağışlamır. 11-ci sinfi bitirən qızlar buraxılış gecəsində yaşına uyğun bəzənməli, çox sadə olmalı və minimum makiyajla təbii gözəlliklərini vurğulamalıdırlar. Dəri rənginə uyğun tonal kremdən, ənlikdən az istifadə etmək lazımdır. Göz makiyajı da cəlbedici olmalı deyil. Layner vasitəsi ilə incə oxlar çəkmək kifayət edir, amma tuşdan bol istifadə edə bilərlər. Minimum olmaq şərtilə yaz-yay rənginə uyğun göz kölgələrindən də istifadə etməyə icazə verilir”.

Vizajist sadəlik prinsipini saç düzümündə də qoruyub saxlamağı tövsiyə edib: “Məzunların buraxılış gecəsində makiyajı və geyimi qədər saç düzümü də önəm daşıyır. Buraxılış gecəsi hər zamankı məktəbli görkəmindən çıxıb artıq gənc qız olduğunuzu göstərmək üçün gözəl gecədir. Lakin həddindən artıq təmtəraqlı saç düzümləri etdirmək lazım deyil. Qızlara saçını açıq qoymağı, yaxud da dalğalı buruqlar etməyi tövsiyə edirəm. Birincisi, bu saç düzümləri hamıya yaraşır, ikincisi isə özəl gecələrdə saçlar mütləq toplanmalıdır deyə bir qayda yoxdur. Özünüzü saçınızı yığdırmağa məcbur etməyin. Üstəlik, dalğalı saçlar son illərdə çox aktualdır. İstəsələr, hörük də yığdıra bilərlər. Dağınıq toppuzlar hər üz tipinə yaraşdığı və xanımları olduqca eleqant göstərdiyi üçün bir çox mərasimlərin əvəzolunmaz saç modelidir. Balerina toppuzu da gənc qızlara çox yaraşan yığımdır.

N.İbrahimova bildirib ki, məzun gecəsinə hazırlaşan qısa saçlı xanımlar kədərlənməsin: “Qısa saç modellərinə sahib olan qızlar bəzək və gül çələngləri sayəsində olduqca orijinal görünə bilərlər. Belə saçlar da buraxılış gecəsi üçün əla seçimdir. Saç bəzəkləri gənc qızların saf, pak gözəlliyini üzə çıxarmağa kömək edəcək”.

Məşhur vizajist hesab edir ki, buraxılış gecəsinə hazırlaşan qızlar qaşları aldırmağa tələsməməlidir: “Məktəbi qutaran qızlar buraxılış gecəsi üçün qaşlarını aldırmaq istəyir. Əslində isə, son illərdə qalın, alınmamış, təbii qaşlar dəbdədir. Ümumiyyətlə, qalın qaşlar 2016-cı ilin əsas gözəllik trendidir”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm