Yeni İl axşamı üçün Hollivudsayağı makiyajlar - FOTO
Bizi izləyin

Gözəllik

Yeni İl axşamı üçün Hollivudsayağı makiyajlar - FOTO

Bütün qadınlar bilir ki, düzgün makiyaj möcüzələr yaradır. Kosmetika sayəsində yorğun görkəmi gizlətmək, hətta cizgiləri və simanı əsaslı şəkildə dəyişmək olar. Yeni il öz imiciniz üzərində eksperimentlər və qeyri-adi makiyajı texnikalarını sınaqdan keçirmək üçün əla bəhanədir. Üstəlik, parıltı makiyaj dəbdəbəli Yeni İl obrazının əsasıdır.

Bayram makiyajı parlaq və cəlbedici olmalı, gözəlliyinizi üzə çıxartmalı, başlıcası isə sehrli olmalıdır. Sehrli sözünə xüsusi diqqət yetirin. Yəni rənglərdə qeyri-adi cizgilərini, gələn ilin hamisini və bayram əhval-ruhiyyəsini xüsusilə nəzərə almaq lazımdır.

İt oynaqlıqla, şən xasiyyət, sevgi və şəfqət hissiylə fərqlənir. Bəs onu necə razı salmaq olar? Parlaq və romantik obraz yaradın. Ancaq həddi aşmaqdan çəkinin. Bu ilin sahibəsinə işarə olacaq ki, siz kiçik macəralara hazırsınız, eyni zamanda, sabitliyə qarşı deyilsiniz. Belə taktikayla siz özünüzə uğur və səadət cəlb edə biləcəksiniz.

Yeni İl hər kəsə qlamur Hollivud ulduzlarının makiyaj tərzini təkrarlamağa icazə verəcək. Bayram şənliklərində siz qeyri-adi rəngli parlaq pomadalarından istifadə edə, həmçinin qliter və piqmentlərlə fantastik make-up yarada, hətta əlavə kirpik taxa bilərsiniz. Bəs Yeni İl axşamı üçün nə cür makiyajlar dəbdə olacaq?

Publika.az bu yazıda oxucuları Yeni İl makiyajları haqqında məlumatlandırıb.

İlk növbədə elə makiyaj düşünmək lazımdır ki, seçilən saç düzümü, sizin təbii məziyyətləriniz və paltarla uzlaşıb xoş əhval-ruhiyyəsi yaratsın.

İstənilən gözəlliyin əsası sağlam dəridir. Odur ki, dərinin makiyaja hazırlanması üçün ilk növbədə nəmləndirici məhsul çəkin. Bu, makiyajın təzə və cəlbedici görünməsinə kömək edəcək. Nəmləndirici krem dəriyə yaxşı hopduqdan sonra tonal kremi yumşaq hərəkətlərlə üzünüzə sürtün. Üzünüzdə rəng tonu fərqlidirsə, cizgiləri konturlayın. Ənliksə göz və dodaq makiyajına əsasən sonda müəyyən edilir.

Dumanlı göz makiyajı

Dumanlı göz makiyajı dəbdən heç vaxt düşmür. O həm gündəlik, həm də təntənəli tədbirlər üçün münasibdir. Kölgənin düzgün vurulması xüsusiylə əhəmiyyətlidir. Tünd rəngləri tətbiq etməzdən əvvəl göz qapaqlarına açıq göz kölgələri çəkin. Makiyaj Yeni ildə daha təsirli olmalıdır, nəinki gündəlik. Bu səbəbdən də daha tünd rənglərə üstünlük verin.

Dodaq boyası

Yeni İl üçün dodaq boyası seçərkən nəzərə alın ki, 2018-ci ildə bir neçə cür pomada dəbdədir: Tünd çalarlar, qeyri-adi parlaq rənglər, klassik qırmızı, habelə qəhvəyi və bej rənglər. Klassik tərz üçün gözlərə zərif oxlar çəkin, dodaqlar isə tünd və daha parlaq pomada ilə vurğulayın. Həmçinin açıq-qəhvəyi mat pomada da seçmək olar.

Qaranlıq gecədə heç bir rəng dodaqları qırmızı qədər gözəl göstərmək gücünə malik deyil. Yeri gəlmişkən, qeyd edək ki, qırmızı dodaq boyası kişilərin diqqətini cəlb etmək üçün ən düzgün vasitədir. Lakin qırmızı dodaq boyasının da öz qanunları var.

Məsələn, qırmızı dodaq boyası çəkməzdən əvvəl dəri tonunun qeydinə qalın. Qızartı, yaxud sızanaq varsa, makiyaj ikinci planda qalacaq. Üstəlik, qırmızı dodaq boyası rəqabətə dözmür. Siz dodaqlarınızı qırmızı dodaq boyası ilə vurğulamağa qərar vermisinizsə, qalan bütün makiyajı sadə, neytral tonlarda etməlisiniz. Yüngül çəhrayı ənlik obraza təravət verəcək. Qəhvəyi tonları başqa makiyaj üçün saxlayın.

Qırmızı və onun çalarlarının digər bir şərti də dodaqların eyni tonda olmasıdır. Odur ki, boyanı dodaqların hər tərəfinə bərabər paylayın. Bundan əlavə, dəri, saç və göz rəngini nəzərə almaq lazımdır.

Bundan əlavə zərli dodaq boyaları da bayram əhva-ruhiyyəsi yaratmağa qadirdir. Onu da yadda saxlayın ki, əgər əsas dodaqları vurğulamağa qərar vermisinizsə, göz makiyajını qabartmağa dəyməz.

Tündrəngli dodaq qələminin dodaqları daha həcmli göstərdiyini unutmayın.

Parlaq makiyaj

Əgər əvvəlki makiyaj variantları yeni il axşam üçün çox sadə görünürsə, onda parıltı makiyaj haqqında düşünməyə dəyər. Qliter sayəsində sayrışan göz makiyajı son aylarda çox populyarlaşıb. Onların köməyi ilə ən adi makiyajı belə dəyişmək olar. Bunun üçün klassik dumanlı və nyud makiyajına parlaq göz kölgələri əlavə etmək kifayətdir.

Sayrışan kölgələr seçərkən ehtiyatlı olun. Xatırladaq ki, hazırda qızılı, bürünc, gümüşü və çəhrayı qliterlər trenddir. Mavi çalarlar Yeni İl makiyajında məsləhət görülmür. Çünki 2018 Sarı Torpaq İt ilinin üzərində təhvil olur. Bu isə o deməkdir ki, torpaq və sarı çalarlar daha çox arzuolunandır. Parıltılı makiyajı həm tünd mat dodaq boyalarıyla, həm də açıq dodaq parıltısyla tamamlamaq olar.

Parıltılı göz kölgələrinin də qədərində istifadə etmək lazımdır, yoxsa sifətiniz Yeni İl yolkasından daha aydın görünəcək. Onun vəzifəsi təbii gözəlliyi vurğulamaq və dəri qüsurları gizlətməkdir.

Parlaq makiyaj heç də həmişə o demək deyil ki, təkcə gözlər işıq saçmalıdır. Haylayterin köməyiylə almacıq sümüklərinə də maksimum parıltı verib üzü aydınlatmaq olar.

Yeni il makiyajında effektli göz makiyajı kimi qaşlar da çox önəmlidir. Axı məhz onlar sizin ifadənizin necə olmasını müəyyənləşdirir. Qaş qələmi ilə seyrək qaşları doldura bilərsiniz.

Gündəlik makiyajında qızların çoxu göz qələmindən istifadə edir. Yeni il gecəsində daha effektli görüntüyə nail olmaq üçün layner çəkin. Siz qara xətt əvəzinə maraqlı formalar edə ya da zərli layner çəkə bilərsiniz.

Futuristik makiyaj

Futuristik makiyaj qaynar bayram axşamı üçün maraqlı ideyadır. Lakin korporativ tədbirlər üçün bu makiyajı seçmək lazım deyil. Çünki futuristik makiyaj ofis dress-kodunda daha pafoslu görünür. Aydındır ki, Yeni İl makiyajını qabartmaq olar, lakin futuristik makiyaj tematik axşam və ya Yeni İl diskotekasına daha uyğundur.

Obrazın təsirli alınması üçün təkcə makiyaja yox, digər detallara da diqqət yetirmək lazımdır, onlar bir-biri ilə ahəngdarlıq təşkil etməlidir. Məsələn, futuristik makiyajla romantik ruhda paltar yersiz olacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm