Yazda bu kosmetika vasitələrinə ehtiyacınız olacaq! - FOTOLAR
Bizi izləyin

Gözəllik

Yazda bu kosmetika vasitələrinə ehtiyacınız olacaq! - FOTOLAR

Hər baxımlı xanım bilir ki, kosmetika vasitələrini mövsümə uyğun seçmək lazımdır. Əks təqdirdə gözəlləşmək istəyərkən əks effektlə üzləşə bilərsiniz.

Qış aylarında istifadə edilən açıq rəngli pudra və ya yağlı tonal krem yay aylarında kabusunuza çevrilə bilər.

Çünki yay mövsümündə qışdan fərqli olaraq soyuqdan çatlayan dodaqlar, quruyan dəriylə mübarizə aparmırıq. Əskinə bu mövsüm bizi narahat edən əsas problemlər tər, nəmli hava, yağış və günəşdir.

Bəs yay aylarında hansı kosmetik vasitələrdən istifadə etmək vacibdir?

Publika.az isti yay günlərində hər qadının makiyaj çantasında yer almalı olan 7 məhsulu təqdim edir:

Öncədən qeyd edək ki, artıq demək olar ki, hər kəs yay aylarında günəşdən qoruyucu kremlərdən istifadənin vacib olduğunu bildiyi üçün onu siyahıya daxil etməmişik.

Yağlılığa və parıltıya nəzarət üçün salfetlər

Kosmetika məhsulları satılan hər mağazada bu tip salfetləri tapmaq mümkündür. Bu salfetlər yay aylarında ən böyük köməkçiniz olacaq. Xüsusilə, gün ərzində T bölgəsindəki yağ və parıltını nəzarətdə saxlamaq üçün idealdır. Sadəcə ehtiyac hiss etdikcə bu salfetləri üzə xəfif şəkildə toxundurub yağı əmməsini gözləməlisiniz.

Qaraldıcı sprey və kremlər

Qış boyunca uzun şalvarların, cinslərin altında saxladığınız ağ ayaqlarınızı mütləq qaraldıcı vasitələrlə rəngləndirməlisiniz.

Bikini və ya mini ətəyinizi geyinmədən öncə qaraldıcı vasitələrdən istifadə edin. Bu vasitələrin gel, sprey, köpük kimi bir çox çeşidi var. Hansının tətbiqi sizə asan gəlirsə, onu alın.

Bədən üçün parıltılı losyonlar

Mini ətək geyinməyi xoşlayırsınız, ancaq ayaqlarınız istədiyiniz kimi gözəl görünmür?

Heç kim qüsursuz deyil, çəkinmədən bədən makiyajına müraciət edin.

Üz dərimiz kimi bədənin də dərisini makiyajla daha qüsursuz hala gətirmək mümkündür.

Bədəninizə rəng və işıltı verən nəmləndirici kremlər, losyonlar sizə kömək edə bilər.

Qələm formalı dodaq boyaları

Yay aylarında xəfif makiyaj etmək lazımdır. Ona görə də rəngi qısa zamanda yox olan rəngli dodaq balzamları və ya həddən artıq yağlı pomadalar əvəzinə yay üçün daha münasib kosmetika məhsulundan istifadə etməlisiniz. Bu əlbəttə ki, qələm formalı dodaq boyalarıdır. Bu məhsul həm balzam kimi dodaqları nəmləndirir. Həm xəfif bir rəng və parlaqlıq verir, həm də qalıcılığı yaxşıdır.

Elektriklənməyə qarşı saç spreyi

Yay aylarında saçın elektriklənməsi daha çox müşahidə edilir. Çünki isti havalar və günəş saçların elektriklənməsinə səbəb olur.

Bunun qarşısını almaq üçün xüsusi saç spreylərindən istifadə edə bilərsiniz.

Makiyajı sabitləyən spreylər

Yay aylarında qadınların yaşadıqları ən böyük problemlərdən biri də istinin və nəmin təsiriylə makiyajın axmasıdır. Sizə tövsiyəmiz budur ki, tonal krem əvəzinə pudra və ya BB, CC kremlərdən istifadə edin. Ancaq bütün hallarda makiyajı sabitləyən spreylərdən istifadə etməlisiniz. Bu spreylər makiyajınızın davamlı olmasını təmin edir.

Dəniz dalğaları üçün sprey

Yay aylarında dənizdən yeni çıxdığınızı göstərən saçlar çox dəbdə olur. Ancaq bu saçlara sahib olmaq üçün bütün günü dənizdə keçirməyə gərək yoxdur.

Dəniz duzu ehtiva edən spreylərdən istifadə etməyiniz kifayətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm