Yayda hansı gözəllik vasitələrindən istifadə etmək məsləhətdir?
Bizi izləyin

Gözəllik

Yayda hansı gözəllik vasitələrindən istifadə etmək məsləhətdir?

Baxımlı xanımlar və makiyaj etməyi sevənlər bilirlər ki, hər mövsüm üçün uyğun kosmetika məhsulları var. Qış aylarında istifadə etdiyiniz kosmetika məhsullarından yaz və yay mövsümündə istifadə etmək olmaz. Çünki əgər belə etsəniz, nəinki, baxımlı görünməyəcək, həm də dəri sağlamlığınızı təhlükəyə atacaqsınız.

Bəs, yay aylarında hansı gözəllik vasitələrindən istifadə etmək daha məsləhətlidir?

Publika.az bu sualın cavabını açıqlayır:

Dəb hər il yeni bir tendensiya təlqin edir. Ancaq modadan asılı olmayaraq, xanımlar hər il yay aylarında rəngarəngliyə üstünlük verirlər. Ona görə də, al-əlvan rəngli dodaq boyalarından, dəriyə parlaqlıq verən kremlərdən istifadə edirlər.

Yay üçün makiyaj çantanıza mütləq nəmləndirici kreminizi qoyun. Kremin SPF qoruma faktorlu olması və dəri tipinizə uyğun seçilməsi önəmlidir. Beləliklə, həm nəmləndirici, həm də günəş kreminə pul verməli olmayacaqsınız.

Göz üçün nəmləndirici krem seçərkən də bir nüansa diqqət etmək lazımdır. Yay aylarında istifadə edilən göz kreminin həssas dəri üçün uyğun olmasına fikir verin. Çünki yay aylarında göz dərisi Günəş və dəniz suyuna məruz qalıb həssaslaşır.

Növbə dodaq balzamına gəldi. Ən yaxşısı həm dodaqlar, həm əllər, həm ayaqlar, bir sözlə quruluqdan əziyyət çəkən bütün dəri üçün istifadə edə biləcəyiniz çox məqsədli balzamlardan istifadə etməkdir. Bir çox firmanın bu tip məhsulları var.

Yay aylarında tonal kremdən istifadə etmək məsləhət deyil. Onun əvəzinə dəri rənginizə uyğun, SPF faktorlu BB və ya CC kremlər alın. Göz altındakı qara kölgələri və üzdəki ləkələri gizlətmək üçün isə yüngül teksturalı bir korrektor alın.

Yay makiyajında qaraldıcı pudranın xüsusi yeri var. Siz də dəri rənginizə uyğun qaraldıcı vasitə seçin. Əgər dəriniz açıq rəngdədirsə, narıncıya çalan çox da tünd olmayan qaraldıcı vasitəyə üstünlük verin. Yox, dəriniz buğdayı və daha tünd çalardadırsa, qəhvəyiyə çalan daha tünd qaraldıcı vasitələrdən istifadə edin.

Yay aylarında tərləyəcəyinizi və dənizə girəcəyinizi nəzərə alaraq suya davamlı qələm və tuş seçin. Bir tuşdan 3 aydan artıq istifadə etməməli olduğunuzu yadda saxlayın.

Dodaq boyalarınızın arasından yay trendinə uyğun olanları və mütləq istifadə etmək istədiklərinizi seçib makiyaj çantanıza qoyun. Ancaq 6 aydan çox istifadə etdiyiniz dodaq boyası varsa, onu atın. Unutmayın ki, dodaq boyaları tez köhnəlirlər.

Saçlar üçün günəşdən qoruyucu yağ alın.

Ətri də unutmamışıq. Qış aylarında istifadə etdiyiniz ədviyyatlı və tünd ətirləri bir kənara qoyun. Meyvə və çiçək qoxusu verən ətirlərə üstünlük verin.

Artıq yaya hazırsınız.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm