Saçqıranla mübarizə aparmağın üsulları – FOTOLAR
Bizi izləyin

Gözəllik

Saçqıranla mübarizə aparmağın üsulları – FOTOLAR

Əvvəla, gəlin öyrənək, saçqıran necə əmələ gəlir?

Dünyada hər şeyin olduğu kimi, saçların da ömrü var. Saç telləri də bir müddət sonra korlanır, solğunlaşır, qırılır və tökülür. Saç uclarının haçalanması nəticəsində saçqıranlar meydana gəlir. Saçqıran düşən saçlar isə baxımsız görünür. Təəssüf ki, saçqıranları müalicə edən hər hansı bir formul yoxdur. Saçqıranları hazır satılan krem, losyon, xüsusi maskalarla, zərdablarla aradan qaldırmaq mümkün deyil. Bu cür qulluq yalnız yeni saçqıranların əmələ gəlməsinin qarşısını alır.

Saçqıranlarla necə mübarizə aparmaq olar?

Saçqıranların əmələ gəlməsinin qarşısını almaq üçün saçınızı tez-tez boyamayın, düzləşdirici fenlərdən çox az istifadə edin və bu cihazları istifadə etməzdən əvvəl saçı nəmləndirən, qurumasının qarşısını alan qoruyucu laklardan istifadə edin. Saçları hamamdan çıxan kimi daramayın. Saçqıranların yaranmaması üçün saçların qurumasını gözləyin.

Saçları dəsmalla sərt şəkildə ovxalayaraq silməyin. Nəm saçları dəsmala bürüyün və suyun tədricən sorulması gözləyin. Sərt hərəkətlərin və zərbələrin saçların korlanmasına və qırılmasına yol açdığını unutmayın. Metal saç sancaqları, iti dişli sancaq və daraqlar, rezinlər, çox sıx toplanmış saç düzümləri və ya balerina toppuzları da saça saçqıran salır.

Kosmetika şirkətləri saçqıranları aradan qaldıran bir çox məhsul istehsal edir. Bu zərdabların saçqıranları aradan qaldırıb, daha hamar hala gətirdiyi, saç uclarını bəslədiyi iddia edilsə də, trixoloqlar bu tip məhsulların saçın xilaskarı olduğu fikri ilə razı deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, saçqıranlardan xilas olmağın ən yaxşı üsulu onları kəsdirməkdir.

Bəzi xanımlar saçlarını qısaltmaq istəmədiyi üçün saçqıranları kəsdirməkdən imtina edir, başqa çıxış yolları axtarır. Amma saçqıranlardan xilas olmağın yeganə həlli onları müəyyən qədər kəsdirməkdir. Saçqıranları kəsdirmək saçların qısalması deyil. Çox az kəsildiyi üçün saçların qısaldığı demək olar ki, hiss olunmur. Saçqıranları kəsdirmədikdə onlar saçın sağlam uzanmasına da mane olur. Saçqıranlar mütəmadi olaraq kəsildikdə isə saçlar daha tez və sağlam şəkildə uzanır.

Saçqıran olan saçları evdə özünüz də kəsə bilərsiniz. Saçları təpə hissədə rezinlə toplayın. Sonra çəngə-çəngə ayıraraq gur işıq altında saç qayçısının köməyi ilə haçalanmış saç uclarını kəsin. Bunun üçün xüsusi olaraq saç qayçısından istifadə edin. Kağız, parça və başqa materialı kəsmək üçün istehsal olunan qayçılardan istifadə etməyin, onlar saçqıranları tam təmizləmir, üstəlik, daha da çox qırıq əmələ gəlməsinə səbəb olur.

Saçqıranlar üçün təbii maska

4 çay qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını və 1 desert qaşığı balı bir qabın içində yaxşıca qarışdırın və saçlarınızı çəngə-çəngə ayıraraq saçqıran yerlərə sürtün. Maskanı bütün saç uclarına çəkəndən sonra saçları dəsmalla bürüyün. 45 dəqiqə gözləyin və şampunla maskanı təmizləyin. Maskanı həftədə 1 dəfə edin.

Başqa bir resept:

1 çay qaşığı zeytun yağını, 1 çay qaşığı badam yağını, 2 xörək qaşığı avokado yağını bir qaba töküb ocaqda azca qızdırın və saç uclarına çəkin. Daha sonra saçları dəsmala bürüyün. Maska saçda ən az 6 saat qalmalıdır. Səhər qalxdıqda saçları bol şampunla yuyun. Bu maska saçların parıltısını özünə qaytaracaq, saçları yumşaldacaq və daha həcmli edəcək. Maskanı həftədə 1 dəfə təkrarlayın.

Saçqıranlara səbəb olan amillərdən uzaq durub, saçlara mütəmadi olaraq baxım maskaları çəksəniz, saçqıran əmələ gəlməsinin qarşısını ala bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm