• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Siyavuş Novruzov: “Prezidentin sərəncamından sonra siyahımızı açıqlayacağıq” - MÜSAHİBƏ

Siyavuş Novruzov: “Prezidentin sərəncamından sonra siyahımızı açıqlayacağıq” - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar hazırlıqlara start verib. Artıq avqustun 10-dan etibarən partiyanın mərkəzi seçki qərargahı fəaliyyətə başlayıb. Dünən isə hakim partiyanın rəhbərliyi Gənclər Birliyi ilə görüşüb, seçkilərlə bağlı müvafiq tapşırıqlar verib.

YAP-ın seçki hazırlığı, deputatlığa namizədlərinin siyahısının açıqlanacağı vaxt, siyahıda dəyişiklik olub-olmayacağını öyrənmək üçün YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovla söhbətləşdik.

- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ilə bağlı hazırlığı hansı mərhələdədir?
- Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə hazırlığı proqramımıza uyğun şəkildə gedir. Artıq 125 seçki dairəsi üzrə YAP mərkəzi seçki qərargahının 84 rayon-şəhər şöbələri yaranıb. Onların hər birində rayonun ərazisinə, neçə dairəni əhatə etməsinə uyğun olaraq üzvlər formalaşıb. Bu üzvlər arasında iş bölgüsü aparılıb. Həmçinin onlarla müşavirələr keçirilir, lazımi tapşırıq və tövsiyələr veririk. Bu gün Bakı şəhərindəki YAP-ın yerli təşkilatları və Abşeron-Sumqayıt daxil olmaqla seçki qərargahına daxil olan üzvlərin toplantısını keçirib tapşırıqlarımızı verəcəyik. Bundan başqa bölgələrdə zonalar üzrə müşavirələr davam etdirilir. YAP-ın namizədləri üçün imza toplayacaq şəxslər artıq müəyyənləşib. Hər dairə üzrə 10 nəfər təhkim olunacaq. Hər bir namizəd üçün 450 imza tələb olunur, 10 faiz də artıq olmaqla 500 imza toplanacaq. Bu imzaların 50-si bir vərəqdə yerləşdiyi üçün 10 nəfər müəyyənləşdirmişik ki, hər bir imza toplayan şəxs 1 imza vərəqi - 50 imza doldurub seçki qərargahına təqdim etsin. İmza toplayan şəxslər üçün təlimatlar hazırlanıb. Onların hüquq və vəzifələri izah olunub, imzanı harada və kimlərdən toplanması ilə bağlı təlimatlanıblar. Bundan başqa qərargah üzvləri mütəmadi olaraq seçki siyahılarının dəqiqləşdirilməsi, seçicilərin kateqoriyalarının müəyyənləşməsi ilə bağlı da işlər aparırlar. Həmçinin partiyanın Qadınlar Şurası və Gənclər Birliyi də aktiv fəaliyyətə başlayıb. Müxtəlif proqramlarla bağlı tapşırıqlar verilib. Bu iki birlik proqrama uyğun olaraq da işlərini davam etdirirlər. Seçki kampaniyasının aparılması, görüşlərin təşkil olunması, təbliğat-təşviqat materiallarının asılması, paylanması və digər məsələləri həyata keçirmək üçün xüsusi qruplar yaradılıb.

- Hakim partiyanın deputatlığa namizədlərinin siyahısı nə zaman açıqlanacaq?
- Seçki Məcəlləsinə və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq ölkəmizdə seçkilər noyabrın ilk həftəsində keçirilməlidir. Bu tarix də noyabrın 1-nə, bazar gününə təsadüf edir. Bununla əlaqədar seçkilərə ən azı 60 gün qalmış Azərbaycan Prezidentinin sərəncamı olur. Ölkə başçısının Milli Məclisə seçkilərin elan olunması ilə əlaqədar sərəncamı dərc olunandan və qüvvəyə minəndən sonra YAP İdarə Heyəti namizədləri ilə bağlı qərar qəbul edəcək. Qərar qəbulundan sonra siyahımızı açıqlayacağıq.

- Budəfəki seçkilərdə YAP-ın namizədlərinin siyahısında nəzərəçarpan dəyişikliklə olacağı ilə bağlı məlumatlar dolaşır. Hakim partiya namizədləri ilə bağlı dəyişiklik etməyi planlaşdırır?
- İstənilən partiya hər bir seçkiyə gedəndə təhlil aparır. YAP uzun müddətdir ki, bütün seçkilərdə iştirak edib, kifayət qədər təcrübəsi var. Hakim partiya irəli sürdüyü hər bir namizəd, onun müdafiəsi üçün apardığı işlə əlaqədar kifayət qədər götür-qoy edir, partiya rəhbərliyi, rəhbər strukturlar ilə məsləhətləşmələr olur, bundan sonra isə namizədlərin irəli sürülməsi həyata keçirilir. Keçən parlament seçkilərində partiya Milli Məclisdə 71 nəfərlə təmsil olunurdu. Sonradan 5 YAP üzvünün mandatına xitam verilmişdi. İki deputat icra strukturlarında vəzifəyə təyin olundu, 1 nəfər beynəlxalq qurumda rəhbər vəzifəyə seçildi, bir deputat dünyasını dəyişdi, bir nəfər isə mandatından imtina etdi. Hazırda YAP parlamentdə 66 deputatla təmsil olunur. Bugünkü nəticə ilə götürsək, YAP-ın parlamentdə 5 yeri boşdur. Həmin dairələr üzrə yeni namizədlərin irəli sürülməsi nəzərdə tutulub.

- Hazırda parlamentdə YAP-ı təmsil edən 66 deputatdan neçəsinin namizədliyi builki seçkilərdə irəli sürüləcək?
- Bu, partiyadaxili məsələdir, müzakirələrdən sonra açıqlanacaq. Bununla bağlı bir söz deyə bilmərəm. Bu, İdarə Heyətinin səlahiyyətinə daxil olan məsələdir. İdarə Heyəti kimlərin namizədliyinin yenidən irəli sürülməsi ilə əlaqədar qərar verəcək.

- Bəs YAP-da qadınlarla bağlı qeyri-rəsmi kvota müəyyənləşib?
- Elə bir kvota yoxdur. Bələdiyyə seçkilərində bununla bağlı müəyyən addımlar atmışdıq. Vaxtilə bələdiyyə seçkilərində qadın və gənclərin təmsilçiliyi 3-4 faiz təşkil edirdi. Son bələdiyyə seçkilərində bu, 40 faizə yaxınlaşdı. Qadınlar cəmiyyətin aktiv hissəsidir, bu gün seçicilərin 50 faizdən çoxunu təşkil edir. O baxımdan qadın namizədlərin olması vacib şərtlərdən biridir. Bu gün parlamentdə 20 qadın təmsil olunur. Ötən illərə nəzər salsaq, görərik ki, vaxtilə qadınların parlamentdə sayı 11 olub, sonrakı dövrlərdə bu rəqəm artıb, hazırki parlamentdə qadın deputatların sayı 20-yə bərabərdir. Təbii ki, qadınlar seçkilərdə aktiv şəkildə iştirak etmək istəyir. Buna çalışırlar, öz arzu və istəklərini bildirirlər. Amma onların deputat seçilməsi məsələsi seçicinin ixtiyarındadır. Seçici hansı kateqoriyadan namizəd istəyirsə və ona səs verəcəksə, o da parlamentdə təmsil olunacaq.

- Rektor deputatlarla bağlı məsələlər tez-tez gündəmə gəlir. YAP universitet rəhbəri olan deputatların namizədliyini yenidən irəli sürəcəkmi?
- Bu məsələ ilə bağlı konkret müzakirə aparılmayıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>