Cari ilin I rübündə profisit nədən yaranıb?
Bizi izləyin

İqtisadi gündəm

Cari ilin I rübündə profisit nədən yaranıb?

Cari ilin I rübündə profisit nədən yaranıb?...

Dövlət büdcəsinin icrasının cari ilin I rübü ərzində profisitlə yekunlaşması gözlənilən idi. Bu, artıq tendensiya halını alıb. Əvvəlki illərdə də I rüb eyni nəticə ilə yekunlaşmışdı.

Ancaq keçən il və əvvəlki ildəkindən fərqli olaraq xərclərin kəsirlə deyil, artıqlaması ilə həyata keçirilməsi bu dəfə diqqəti cəlb edir. 2012-ci ilin I rübündə büdcə xərcləri 79 %, keçən il də kəsirlə yerinə yetirilmişdisə, cari ildə 4,2333 milyard manat proqnoza qarşı icra 4,3743 milyon (141 milyon manat çox) təşkil edib. Məhz bunun müqabilində büdcədə artıqlığın əldə olunması xüsusən, əhəmiyyətlidir.

Yeri gəlmişkən, proqnoza əsasən dövlət büdcəsinin mədaxili də 4,2258 milyard manata qarşı 256,9 milyon çox və yaxud 6,1 % artıq həyata keçirilib. Ona görə ki, Vergilər Nazirliyi (VN) ilə Dövlət Gömrük Komitəsi (DGK) üzrə öhdəliklər uyğun olaraq 7,1 və 2 % artıqlaması ilə yerinə yetirilmişdir. Üstəlik, Dövlət Neft Fondundan (ARDNF) da 2342,6 milyon manat transfert həyata keçirilib.

Lakin söhbət, I rübdən gedir. Bütövlükdə cari ilin dövlət büdcəsinin icrasının isə asan başa gəlməyəcəyi deyilib. Ölkədə yanacaq məhsullarının qiymətləri Tarif Şurası tərəfindən keçən ilin dekabrın 3-dən etibarən yüksəldilən zaman bunun həm də dövlət büdcəsinə əlavə gəlir əldə etmək məqsədi daşıdığına dair şərhləri xatırlamaq kifayət edir. Belə ki, neft hasilatının enməsinə bahəm ARDNF-dən cari ilin büdcəsinə transfertin 17,7 % azaldılması, daxildə isə Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən neft məhsulları istehsalının istehlakın durmadan artmasına rəğmən dalana dirənməsi 2014-cü ilin dövlət büdcəsinin mədaxil hissəsinin bir qisminin havadan asılı vəziyyətdə qaldığını diqtə edirdi.

Ancaq yaxşı ki, ARDNŞ ödənişləri yüksək səviyyədə həyata keçirib. Ümumiyyətlə, cari ilin I rübü ərzində ölkənin sosial-iqtisadi inkişafına dair Nazirlər Kabinetinin (NK) aprelin 13-də keçirilən iclasında vergilər naziri Fazil Məmmədovun da çıxışına əsaslansaq, I rübdə ARDNŞ daxil olmaqla digər neft şirkətləri tərəfindən dövlət büdcəsinə 785 milyon 417 min manat vəsait ödənilib. Bu da neft-qaz sektorunun büdcə gəlirlərinin formalaşmasında payının ARDNF-lə birgə 69,78 % (3 milyard 128 milyon 17 min) təşkil etdiyi deməkdir.

Transfert olmasa isə büdcədən cari xərcləri ödəmək əsla mümkün deyil: sosial xərclər bunun hesabına maliyyələşdirilir. Neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa VN ilə DGK və digər qurumlar tərəfindən qeyri-neft sektorundan daxilolmalar cari xərcləri örtməyə imkan verə bilməz. Ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər əsas etibarı ilə xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına icra edilir.

NK-nin iclasında F. Məmmədov “Sənaye ili” çərçivəsində vergi güzəştlərinin tətbiqinin sənayenin inkişafına töhfə verəcəyini bildirdi. Ancaq bayaq qeyd etdiyimizə əsasən, ölkədə dövlət büdcəsinin dolmasında neft və neft məhsulları satışından əldə olunan gəlirlər mühüm rol oynayır. Məsələn, NK-nin neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsini dəyişdirmək haqda 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarına 6 fevral 2014-cü il tarixli 35 saylı qərarı ilə dəyişiklik etməsi ciddi narahatlıq doğurdu. 2 ay öncə verilən qərara əsasən, aksiz dərəcələri artırılmışdısa, 35 saylı qərarla bunların azaldılması mədaxil sarıdan şübhə yaratdı.

Yeri gəlmişkən, bu ilin dövlət büdcəsində VN-nin xətti ilə 7102,0 milyon manat daxilolma proqnozlaşdırılıb ki, bunun da 874,5 milyon manatı aksiz üzrə vergi növündən əldə olunacaq. NK-nın sözügedən qərarının icrası nəticəsində isə aksiz vergisi üzrə bu məbləğ şübhəsiz ki, tam olaraq, toplana bilməyəcək.

Ancaq şərh etmişdik ki, bu, büdcəyə nəzərdə tutulan ümumi daxilolmaların səviyyəsinə təsir etməyəcək. Ən azı DGK xətti ilə 2014-cü ilin dövlət büdcəsinə bilavasitə aksiz vergisi üzrə yaranacaq kəsir örtüləcək ki, 2014-cü ilin dövlət büdcəsinə sözügedən qurum 1510,0 milyon manat ödəməlidir.

Sözümüz bunda deyil.

Cari ilin I rübü ərzində dövlət büdcəsinin icrasının profisitlə yekunlaşması təkrar edirik ki, ARDNŞ-dən ödənişin nəticəsidir. Belə ki, Neft Şirkəti bu ilin yanvar-mart ayları ərzində büdcəyə 523 milyon 106 min manat vəsait ödəyib ki, bu, 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 137 milyon 114 min manat və ya 35,5 % çoxdur. I rübdə büdcəyə ödənilən vəsaitin 176 milyon 493 min manatı mart ayının payına düşüb. Bu da ötən ilin eyni ayına nisbətən 57 milyon 17 min manat və ya 47,7 % çoxdur.

ARDNŞ-nin 2014-cü ilin yanvar ayı ərzində büdcəyə ödənişlərə dair açıqladığı hesabatda da bildirilmişdi ki, 173 milyon 578 min manat vəsait ödəyib. Bu göstərici isə ötən ilin yanvarına nisbətən 39 milyon 347 min manat və ya 129,3 % çox idi.

Xatırladaq ki, cari ilin dövlət büdcəsi haqqında qanununun tədbiqinə dair Prezident fərmanının 1-ci bəndinə əsasən, adı çəkilən sənədin 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilolmasını təmin etmək üçün dövlət orqanları və müəssisələri istiqamətində tapşırıqların minimum həddi üzrə ARDNŞ xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlərin məbləği 1,825 milyard manat müəyyən edilib. Hansı ki, adı çəkilən qurumdan fiziki şəxslərin gəlir vergisi üzrə yığım bura daxil deyil.

Ümumiyyətlə, VN-dən də bildiriblər ki, ARDNŞ cari il üçün proqnozlaşdırılan 1,825 milyard manat tam ödəniləcəkdir. Bu, VN xətti ilə toplanacaq ümumi məbləğin təqribən 25 %-i deməkdir.

Qısa desək, ARDNŞ üzrə dövlət büdcəsinə nəzərdə tutulan ödənişdə əgər hər hansı bir “axasaqlıq” yaranarsa, dərhal qeyri-qənaətbəxş vəziyyət yaranacaq.

Cari ilin dövlət büdcəsində isə 1 milyard 679 milyon manat kəsir nəzərdə tutulub ki, bu da keçən il üçün proqnozlaşdırılandan 988 milyon manat çoxdur.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm