Gələn il iqtisadiyyatımız 1.4 faiz güclənə bilər - BÜDCƏ MÜZAKİRƏSİ (YENİLƏNİR)
Bizi izləyin

İqtisadi gündəm

Gələn il iqtisadiyyatımız 1.4 faiz güclənə bilər - BÜDCƏ MÜZAKİRƏSİ (YENİLƏNİR)

“Dünyada və regionda baş verən mürəkkəb iqtisadi proseslər, neftin kəskin şəkildə enməsi Azərbaycan iqtisadiyyatına da mənfi təsir edib”.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün Milli Məclisdə 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsi müzakirəsi zamanı bildirib.

S.Həsənova deyib ki, xarici şoklar nəticəsinədə manata təzyiq artıb və nəticədə ölkədə devalvasiya baş verib:

“Digər valyutalar manat ifadəsində artıb. Belə şəraitdə valyuta ehtiyatlarından səmərəli istifadə, biznes mühitinin yaxşılaşdırlması, sahiblarlığın inkişafının artırılmasına ehtiyac yaradır”.

Nazir müavini qeyd edib ki, 2017-ci ilin büdcəsinin proqnozlarına görə makro iqtisadi sabitlik qorunmalı, biznes mühiti daha da yaxşılaşdırılmalıdır:

“Gələn ilin büdcəsinədə qeyri-neft sahəsinin daha da inkişafı, mövcud durumda əhalinin həssas qruplarının sosial vəziyyətinin yaxşılaşdırılması prioritet olaraq müəyyən edilib. Neft fondunun ehtiyatları qorunub, habelə iqtisadiyyatın diversifikasiyası və digər tədbirlər nəzərə alınaraq Dünya Bankının ekspertləri cəlb olunub və bir sıra məsələlər nəzərə alınaraq mövcud proqnozlar hazırlanıb”.

S.Həsənova vurğulayıb ki, gələn ilin büdcəsində neftin bir barelə görə qiyməti 40 dollar nəzərdə tutulub:

“Hazırda gələn il üçün mövcud proqnoz 50.3 dollardır. Bu da bizim konservativ proqnoz verdiyimizi təsdiq edir. Bank sektorunun sağlamlaşdırılması, səmərəliliyin təmin olunması, insanların banklara olan inamının artırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın bir rəqəmli olması əsas amillərdir. Mövcud risklər, habelə neftin ucuzlaşması nəzərə alınmaqla 2017-ci ildə ÜDM-nin 1 faiz, növbəti illərdə isə 2 faizdən artıq artacağı proqnozlaşdırılıb.

2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1.4 fazi arta bilər ki, bu da bizim verdiyimiz proqnozdan yüksəkdir. Gələn il neft hasilatı aşağı salınacaq. Qeyri-neft sektorunun dəstəklənməsi üçün ölkədə biznes mühitinin inkişafı ilə bağlı ölkə başçısı tərəfindən verilən qərarlar mühüm əhəmiyyət daşıyır. Cari ildə 6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. Rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılması məqsədilə dövlət büdcəsindən asılılğın azaldılması istiqamətində tədbirlərə başlanılıb”.

Nazir müavini söyləyib ki, gələn il qeyri-neft sektorunda 7.4 fazi artım proqnozlaşdırılır:

“Kənd təsərrüfatı istehsalçılarına güzəştlər tətbiq olunur ki, bu, kənd təsərrüfatı sahəsində səmərəliliyin artırılmasına imkan yaradır. İpəkçilik, pambıqıçılığın inkişafı ilə bağlı subsidiylar verilir. Sözügedən sahələr üzrə 13 proqram hazırlanır. Bu sahələr əhalinin məşğulluğunu da artıracaq. Gələn il İKT sektorunda da artım proqnozlaşdırılır. Tikinti sektorunda investisiyaların azalması bu sahədə proqnozların azalacağını göstərir”.

****

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasda 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsi müzakirə olunur.

Maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2017-2020-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb:

“2017-ci ilin dövlət büdcəsində sosialyönümlü tədbirlər, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclər prioritet olaraq qalır. 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2017-ci ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) real iqtisadi artımı 1 faiz olmaqla 61,4 milyard manat təşkil edəcək. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5 faiz artaraq 41,7 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7 faiz həcmində nəzərdə tutulur.

2017-ci ildə sahə strukturuna görə ÜDM-nin daxili 4 milyard manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 milyard manatı və ya 36,2 faizi sənayenin, 6,1 milyard manatı və ya 10 faizi tikintinin, 24,3 milyard manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 milyard manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək”.

Nazir qeyd edib ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 334 milyon 706,0 min manat, yerli gəlirləri 620 milyon 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 milyard 911 milyon 286,0 min manat, yerli xərcləri 688 milyon 714 min manat) məbləğində proqnozlaşdırılıb:

“Dövlət və icmal büdcələrin gəlirlərinin hazırlanmasında makroiqtisadi proqnozlara uyğun olaraq, hesablamalar aparılıb. Qeyd olunanlar nəzərə alınaraq, dövlət büdcəsinin gəlirləri 15 955,0 milyon manat proqnozlaşdırılıb ki, bu da ÜDM-in 26,0 faizi həcmində olmaqla, 2016-cı ilin proqnozu ilə müqayisədə 867,0 milyon manat və yaxud 5,2 faiz azdır.

Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2 faiz və ya 7855,0 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1 370,0 milyon manat və ya 14,9 faiz azdır. Neft sektoru üzrə büdcə gəlirlərinin 77,7 faizi və ya 6 100,0 milyon manatı Dövlət Neft Fondundan (ARDNF) transferlər (cari ilin proqnozu ilə müqayisədə 1 515,0 milyon manat yaxud 19,9 faiz az), 22,3 faizi və ya 1 755,0 milyon manatı isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar (cari ilin proqnozu ilə müqayisədə 145,0 milyon manat və ya 9,0 faiz çox) təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1 280,0 milyon manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 475,0 milyon manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 72,9 və 27,1 faizini təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 40,0 milyon manat və 105,0 milyon manat çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 50,8 faiz və ya 8 100,0 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503,0 milyon manat və ya 6,6 faiz, 2015-ci ilin faktı ilə müqayisədə isə 821,9 milyon manat və ya 11,3 faiz çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 67,3 faizi və ya 5455,0 milyon manatı vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar, 27,2 faizi və ya 2200,0 milyon manatı Gömrük Komitəsindən daxilolmalar, 5,5 faizi və ya 445,0 milyon manatını isə digər gəlirlər təşkil edir. 2016-cı ilin proqnozu ilə müqayisədə vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar 55,0 milyon manat yaxud 1,0 faiz, Gömrük Komitəsindən daxilolmalar 390,0 milyon manat yaxud 21,5 faiz, digər gəlirlər isə 58,0 milyon manat yaxud 15,0 faiz çoxdur”.

****

S.Şərifov vurğulayıb ki, 2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 210,0 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6 100,0 milyon manatı ARDNF-dan transfertlərin, 2 200,0 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445,0 milyon manatı isə digər gəlirlərin payına düşür:

“Azərbaycanın 2017-ci il icmal büdcəsinin gəlirləri 19 720,7 milyon manat və ya əvvəlki ilə nisbətən 5 559,9 milyon manat (39,3 faiz) çox, xərcləri 20 967,2 milyon manat və ya əvvəlki ilə nisbətən 3 599,4 milyon manat (14,7 faiz) az nəzərdə tutulub. İcmal büdcənin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 400,0 milyon manat proqnozlaşdırılır. Fondun xərclərinin 37,4 faizi və ya 1 270,0 milyon manatı dövlət büdcəsindən birbaşa transfer, 62,6 faizi və ya 2 130,0 milyon manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək. Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 370,6 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4889,1 milyon manat və ya 2,4 dəfə çoxdur. Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 951,3 milyon manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3 685,0 milyon manat və ya 34,6 faiz azdır. Fondun xərclərinin 6 100,0 milyon manatı və ya 87,8 faizi dövlət büdcəsinə nəzərdə tutulan transferə, 822,0 milyon manatı və ya 11,8 faizi bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, CQD-i layihələrində Azərbaycanın iştirak payı), 29,3 milyon manatı və ya 0,4 faizi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları"nın maliyyələşdirilməsinə yönəldiləcək. Ortamüddətli büdcə proqnozlarına əsasən 2017 və 2018-ci illərdə icmal büdcəsinin kəsri azalacaq, 2019-cu ildən etibarən isə profisitli büdcə olacaq. Ortamüddətli büdcə proqnozlarına əsasən dövlət və icmal büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcək. Belə ki, 2017-ci il və sonrakı 3 il üçün hazırlanmış proqnozlara əsasən 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. Həmçinin, 2020-ci ildə ARDNF-un gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ÜDM-in cəmi 6,9 faizini təşkil edəcəyi proqnozlaşdırılır.

2017-ci il dövlət büdcəsinin xərcləri 16 600,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 1 895,0 milyon manat və ya 10,2 faiz az deməkdir. 2017-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58,7 faizi həcmində və ya 9 745,2 milyon manat (əvvəlki ilə nisbətən 2 360,4 milyon manat və ya 19,5 faiz az), əsaslı xərclərə ümumi xərclərin 31,4 faizi həcmində və ya 5 213,0 milyon manat (əvvəlki ilə nisbətən 598,7 milyon manat və ya 13,0 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,9 faizi həcmində və ya 1 641,8 milyon manat (əvvəlki ilə nisbətən 133,3 milyon manat və ya 7,5 faiz az) vəsait yönəldiləcək. İqtisadi təsnifata uyğun olaraq, 2017-ci il dövlət büdcəsində əməyin ödənişinə 4 077,0 milyon manat və ya xərclərin 24,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 3123,5 milyon manat və ya xərclərin 18,8 faizi həcmində, faizlər üzrə ödənişlərə 408,4 milyon manat və ya xərclərin 2,5 faizi həcmində, subsidiyalar və cari transfertlərə 704,5 milyon manat və ya xərclərin 4,2 faizi həcmində, qrantlar və digər ödənişlərə 75,6 milyon manat və ya xərclərin 0,5 faizi həcmində, təqaüdlər və sosial müavinətlərə 2067,8 milyon manat və ya xərclərin 12,5 faizi həcmində, digər xərclərə 1259,7 milyon manat və ya xərclərin 7,6 faiz həcmində, qeyri-maliyyə aktivlərin alınmasına 3603,3 milyon manat və ya xərclərin 21,7 faizi həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 52,0 milyon manat və ya xərclərin 0,3 faizi həcmində, öhtəliklər üzrə maliyyə əməliyyatlarına 1228,2 milyon manat və ya xərclərin 7,4 faizi həcmində vəsait nəzərdə tutulur”.

Hazırda çıxışlar davam edir...

****

“Son illər Azərbaycanın dövləti dinamik inkişaf edir. Bu inkişafın əldə olunmasında dövlət büdcəsinin rolu inkarolunmazdır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün parlamentdə büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən deyib.

Komitə sədri qeyd edib ki, son illər dünyada neftin qiymətinin aşağı düşməsi və maliyyə böhranı neft istehsalı yüksək olan ölkələrdə büdcə gəlirlərinin azalmasına səbəb olub:

“Azərbaycan da bu cür təsirlərə məruz qalan ölkələrdən biri olub. Lakin uzun illər düşünülən siyasət dünyada gedən iqtisadi böhranın ölkəmizə təsirinin minimuma endirilməsinə imkan yaradıb. Azərbaycan Prezidentinin və hökumətinin apardığı məqsədyönlü siyasət bu təsirlərin qarşısını kifayət qədər ala bilib. Neftin dünya bazarında ucuzlaşması ölkəmizdə də büdcə gəlirlərinin azalmasına təsir edib. Bu səbəbdən də ölkəmizdə aparılan iqtisadi islahatların dərinləşməsi ön plana çəkilib. Preziden İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda iqtisadi islahatlarla bağlı mühüm addımlar atılır.

Azərbaycanın dövlət başçısının Milli Məclisə təqdim etdiyi dövlət büdcə layihəsi də ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Bu gün burada keçirdiyimiz müzakirələrdə də dövlət büdcəsindən maliyyələşən dövlət qurumlarının rəhbər şəxsləri, həmçinin maliyyə naziri Samir Şərifov iştirak edirlər. İnanıram ki, bu günkü müzakirələr öz müsbət töhfəsini verəcək”.

Z.Səmədzadə qeyd edib ki, 2017-ci il üzrə dövlət büdcə zərfinin Milli Məclisə gec daxil olub:

“Obyektiv səbəblərə görə, bu il büdcə zərfi Milli Məclisə gec daxil oldu. Lakin bütövlükdə Milli Məclisə daxil olan büdcə zərfinə aid olan sənədlər Azərbaycanın gələcəyi üçün güclü ehtiyatları nəzərdə tutur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm