Komitə sədri: “İslahatlar 2017-ci ildə də davam etdiriləcək”
Bizi izləyin

İqtisadi gündəm

Komitə sədri: “İslahatlar 2017-ci ildə də davam etdiriləcək”

Gələn ilin dövlət büdcəsi də sosial yönümlü büdcə olacaq.

“Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlət milli mənafenin qorunmasına xidmət edən siyasət aparır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisinin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Komitə sədri deyib ki, xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün sistemli, təşkilati iqtisadi tədbirlər görülür:

“Son illərdə ölkədə dövlət büdcəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür. Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı, dünya əhəmiyyətli sosil-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır”.

Z.Səmədzadə qeyd edib ki, 2016-cı ildə büdcə proqnozlarının icrası vergi ödəyicilərinə göstəriləcək xidmətlər və vergi inzibatçılığının təkmilləşdirilməsi, sadələşdirilməsi istiqamətində işlər, müasir texnologiyaların tətbiqi, eləcə də şəffaflıq, partnyorluq prinsiplərinə riayət edilərək strateji məqsədlərin yerinə yetirilməsi istiqamətində aparılan funksional və struktur islahatlar 2017-ci ildə də davam etdiriləcək:

“Vergilər Nazirliyi xətti ilə çox gərgin iş aparılıb və proqnoz göstəricilərinin ÜDM-in 11,7 faiz qismində nəzərə alınması təklif edilir. Eyni zamanda, büdcə gəlirlərinin 45 faizinin Vergilər Nazirliyi xətti ilə daxilolmaların payına düşməsi nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan çoxdur. Neft-qaz sektorunun payına düşən gəlirlərin azaldılması istiqamətində işlər davam etdiriəcək. Gələn il qeyri-neft sektorunun hesabına 75,5 faiz gəlirlər nəzərdə tutulur ki, bu da çox yüksək rəqəmdir. Eyni müsbət fikirləri Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxil olan gəlirlər barədə də demək olar. Həmin proqnozlar da artımla müşahidə olunur. Aparılan islahatlar və şəffaflıq nəticəsində gömrük xətti ilə daxilolmalar əvvəlki illərə nisbətən 500 milyon manatdan çox artacaq. Bütövlükdə Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çəkisi artacaq. Gələn ilin dövlət büdcəsi də sosial yönümlü büdcə olacaq. Gələn ilin dövlət büdcəsində xərclər 40 faiz olmaqla proqnozlaşdırılıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm