Hansı brendlərimiz Pakistan və Əfqanıstan bazarına girəcək?
Bizi izləyin

İqtisadi gündəm

Hansı brendlərimiz Pakistan və Əfqanıstan bazarına girəcək?

İqtisadiyyat Nazirliyi Pakistan və Əfqanıstan İslam Respublikalarına ixrac missiyalarını təşkil etdiyini elan edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, ixracatçılar ixrac missiyalarında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər. İxrac missiyaları Pakistan İslam Respublikasına 5-8 fevral 2017-ci il tarixlərində, Əfqanıstan İslam Respublikasına isə 9-11 fevral 2017-ci il tarixlərində həyata keçiriləcək.

İxrac missiyalarının əhatə etdiyi sektorlar:

- Meyvə-tərəvəz

- Təbii mineral sular

- Meyvə şirələri

- Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

- Pambıq

- Kimya məhsulları

- Digər sənaye məhsulları

İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 12 yanvar 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Sual doğuran Azərbaycanın aparıcı şirkətlərinin bu missiyada necə iştirak edəcəyidir. Xüsusilə, qonşu ölkələrdə brendləşmiş məhsulları ilə təmsil olunan şirkətlər –“Veysəloğlu”, “Azərsun”Holdinq, “Gilan” Holdinq kimi şirkətlərdən söhbət gedir.

Məsələn, “Veysəloğlu” Sirab mineral suları, “Azərsun”Holdinq “Azərçay”, “Azərduz”, “Bizim Tarla”, “Gilan” Holdinq isə "Bağdan" konservi məhsulları ilə qonşu bazarlarda məşhurdurlar. Bu şirkətlər Pakistan, Əfqanıstan bazarlarına da maraq göstərəcəklərmi və hansı məhsulları ilə?

“Azərsun” Holdinqin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afiq Səfərov Publika.az-a bildirdi ki, İqtisadiyyat Nazirliyinin Pakistan və Əfqanıstan İslam Respublikalarına təşkil etdiyi ixrac missiyaları ilə bağlı hazırda şirkətdə müzakirələr aparılır. Holdinqin bu bazarlara hansı məhsulu ilə çıxacağına dair qərar isə 1 həftə ərzində veriləcək. “Azərsun”a məxsus bir neçə brend məhsulun - “Azərçay”, “Bizim tarla” və digərlərinin artıq bəzi ölkələrin bazarlarında məşhur olduğunu deyən A.Səfərov bu gün təkcə Rusiya bazarında geniş çeşidlə təmsil olunmadıqlarını söylədi.

“Gilan” Holdinqin FMCG Qrupunun Strateji marketinq direktoru Rafiq Hunaltay bildirdi ki, bu barədə rəsmi qərar müzakirələrdən sonra veriləcək:

“Hazırda “Gilan” dünyanın 100-dən çox ölkəsinə meyvə şirələri, konservi məhsulları ixrac edir. “Bağdan” adı ilə markalandırılan konservi məhsulları xarici bazarlarda özünə yer tuta bilib. Düşünürəm, bu sıraya Əfqanıstan, Pakistan bazarları da qatılacaq”.

“Sirab” şirkətinin rəsmisi Sərkərdə Sərxanoğlu dedi ki, müəssisənin istehsal etdiyi mineral sular Azərbaycan brendi kimi ölkəni yüksək səviyyədə təmsil etməyə çalışır. “Sirab” şirkəti bu günə qədər də təşkil olunan layihələrdə iştirak edib:

“Əfqanıstan və Pakistan bazarına məhsul ixracı şirkətin marağındadır. Bu məsələ müzakirə ediləcək”.

S.Sərxanoğlu bildirdi ki, hazırda “Sirab” mineral suları dünyanın 10 ölkəsinə ixrac olunur:

“Bura Rusiyanın 13 vilayəti, Ukrayna, Baltikyani dövlətlər və sair daxildir. Bundan əlavə, “Sirab” yeganə Azərbaycan mineral su brendidir ki, Avropaya satış sertifikatı alıb”.

O da məlum oldu ki, “Sirab” sularının ərəb ölkələrinə ixracına hazırlıq gedir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm