Dövlət borcu ilə bağlı fiskal qayda hazırlanacaq
Bizi izləyin

İqtisadi gündəm

Dövlət borcu ilə bağlı fiskal qayda hazırlanacaq

Azərbaycan 10 ən stabil makroiqtisadi mühitə malik ölkələr arasında qərar tutub.

“Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatına əsasən, 10 ən stabil makroiqtisadi mühitə malik ölkələr arasında qərar tutub. Azərbaycanı 10 ən stabil makroiqtisadi mühitə malik ölkələr sırasında saxlamaq üçün növbəti 10 il ərzində daha çox şaxələndirilmiş gəlir strukturu yaradılacaq”.

Bu barədə məlumat Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində yer alıb.

Sənəddə qeyd edilib ki, ARDNF-dən transfertlər üçün “qızıl qayda”dan istifadə və güclü xərc çərçivəsinin şərtləndirdiyi fiskal intizam iqtisadiyyatı neft qiymətindəki dəyişkənlikdən qoruyacaq, ARDNF-in ehtiyat toplamasına imkan verəcək və dövlət borcunun aşağı səviyyədə saxlanılmasına şərait yaradacaq. Yol xəritəsində bildirilib ki, borc səviyyələrinin dayanıqlı artım potensialına uyğun səviyyədə saxlanılması, bu zaman təbii ehtiyatlardan əldə edilən gəlirlərin və balans uçotundan kənar borcların nəzərə alınması üçün fiskal qayda işlənib hazırlanacaq: “Həmçinin, bu qayda dövlət xərclərini qeyri-neft ÜDM-i ilə əlaqələndirib qeyri-neft gəlirlərinin dövlət xərclərini ödəmə səviyyəsini artıracaq. Dövlət xərclərinin effektivliyini təmin etmək üçün büdcə tələbləri aydın müəyyən edilmiş məqsədlərlə, həmçinin icra göstəriciləri üzrə indikatorlarla əlaqələndiriləcək. Bütün bunlar, Azərbaycanın əsas beynəlxalq reytinq agentliklərindən investisiya dərəcəli kredit reytinqi almasını təmin edə bilər. Bununla yanaşı, mühüm iqtisadi göstəricilər və açıq kredit mövqeyi və ya aktivlərin potensial qabarcıqları kimi mühüm risklərin izlənilməsi sistemi dayanıqlı inkişafı dəstəkləyəcək. Vacib məlumatların verilməsi, yerli və beynəlxalq investorların tələb etdiyi şəffaflıq səviyyəsinin təmin edilməsi məqsədilə manat üzən valyuta olmaqda davam edəcək. Bu yanaşma makroiqtisadi mühiti daha asan proqnozlaşdırmağa imkan verəcək, daha yüksək həcmdə birbaşa xarici investisiyaları və sabit ticarət axınlarını dəstəkləyəcək. Bu, həm də sabit və proqnozlaşdırılması mümkün olan inflyasiya mühitinin yaranmasına gətirib çıxaracaqdır ki, nəticədə Azərbaycanda ev təsərrüfatları öz yığımlarını bank sektoruna etibar etməklə maliyyə sabitliyinə daha çox dəstək vermiş olacaqlar”.

Sənəd müəllifləri hesab edir ki, manatın mübadilə məzənnəsində volatilliyin azalması Azərbaycanda investisiya risklərini də azaldacaq. “Beynəlxalq kreditorların tətbiq etdiyi risk premiyası bu təsir nəticəsində azalaraq kapital xərcini aşağı salacaq”, - deyə sənəddə vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm