Pambıqçılığın inkişafı Azərbaycana xeyli valyuta gətirəcək
Bizi izləyin

İqtisadi gündəm

Pambıqçılığın inkişafı Azərbaycana xeyli valyuta gətirəcək

Ölkəmizdə bu sektorun inkişafı prioritet məsələyə çevrilib.

Neftin qiymətinin dünya bazarlarında kəskin şəkildə aşağı düşməsi qeyri-neft sektoruna marağı artırır. Artıq ölkəmizdə də bu sektorun inkişafı prioritet məsələyə çevrilib.

Əsas diqqət iqtisadiyyatın yanacaq-energetika kompleksindən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı sahəsində ölkəmizdə uğurlu addımlar atılmasına yönəlib.

Yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması da qarşıda duran əsas məsələlərdəndir. Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi prioritet sahə hesab edilə bilər.

Pambıqçılığın inkişafının ölkəyə əhəmiyyətli dərəcədə valyuta gətirməsi təcrübəsi var. Bu gün pambıq istehsalında tanınan ölkələrdən olan Özbəkistan büdcəsində bu sahənin inkişafının xüsusi payı var. Belə ki, Azərbaycanda Neft Fondu olduğu kimi, Özbəkistanda da Pambıq Fondu var. Bu da həmin ölkənin büdcəsini maliyyələşdirən əsas qurumdur. Statistikaya görə, Özbəkistanın Pambıq Fonduna son 10 il ərzində 35 milyard dollaradək valyuta toplanıb. Pambığın dünya birjasında satılması imkanı onun satışı üçün bazarları aramaq problemini də aradan qaldırır.

1 milyon ton

Respublikamız dünyanın pambıqçılıq ölkələrindən biri hesab edilir. Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. Hələ 1913-cü ildə Azərbaycanda 100 min hektardan çox sahədə pambıq əkilib. Ancaq pambıqçılığın ən sürətli və uğurlu dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Həmin dövrdə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. Rəqəmlər göstərir ki, 1965-1970-ci illərə nisbətən 1971-1975-ci illərdə dövlətə pambıq satışı 34,5 faiz artıb. Pambığın orta məhsuldarlığı hər hektarda 30,2 sentnerə çatıb. Həmin illərdə ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edib. 1980-ci illərin əvvəllərində 800 min - 1 milyon tona qədər pambıq tədarük edilirdi.

Pambıq xüsusən Şirvan, Muğan-Salyan və Mil-Qarabağ bölgəsində əhalinin əsas gəlir mənbəyi idi. Sovet dövründə Azərbaycanda 18 pambıq zavodu fəaliyyət göstərirdi. Mingəçevir və Gəncədə Tekstil Kombinatı, Bakıda isə Bakı Tekstil Fabriki yaradılmışdı.

Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra hər sahədə olduğu kimi, pambıqçılıq sahəsində də tənəzzül dövrü başladı. Bunu statistik rəqəmlər də təsdiq edir. Əgər 1985-ci ildə Azərbaycanda pambıq istehsalı 1 milyon tondan 780 min tona düşdüsə, sonrakı illərdə tənəzzül daha da sürətləndi.

Əlbəttə, bunun əsas səbəblərindən biri respublikada pambıqçılıq sahəsinin keçmiş ittifaq iqtisadiyyatının tələbatına uyğun formalaşması idi. Lakin həmin illərdə dünya bazarında xam pambığın alış qiymətinin aşağı, məhsulun maya dəyərinin isə yüksək olması, yerli yüngül sənayenin zəif inkişaf etməsi də təsir göstərən səbəblərdən hesab edilə bilər. Eyni zamanda, şirkətlər tərəfindən xam pambıq aşağı qiymətlərə tədarük edildiyi üçün torpaq mülkiyyətçiləri pambıq əkininə kifayət qədər maraq göstərmirdilər. 2011-2015-ci illərdə şirkətlər tərəfindən 1 ton xam pambığın alış qiyməti 1-ci növ üçün 410 manat, 2-ci növ 400 manat, 3-cü növ 380 manat və 4-cü növ üçün 370 manat müəyyənləşdirilmişdi. Bu qiymət isə istehsalçıları qane etmirdi.

3 dəfə artdı

Bu və digər səbəblərdən ölkəmizdə də pambıq əkini ötən ilə qədər çox aşağı səviyyədə idi. Lakin ötən ildən dövlət başçısı tərəfindən bu sahəyə xüsusi diqqət ayrılması pambıqçılığın inkişafında dönüş ili kimi də qeyd edə bilərik.

Ötən il pambıqçılıqda istifadə edilən 78.132.377 ABŞ dolları dəyərində 1890 ədəd texnika, o cümlədən 183 ədəd pambıqyığan kombayn alınıb və ya sifariş olunub. Ümumilikdə, 2015-ci və 2016-cı ilin səkkiz ayında 30.248.395 manat dəyərində 1641 ədəd texnika gətirilib və hazırda onların əksəriyyəti istehsalçıların istifadəsindədir. Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda, 10 qəpik subsidiya verilib.

Görülən işlər nəticəsini 2016-cı ilin hesabatında göstərdi. Belə ki, 2015-ci il müasir tariximizdə pambıqçılıqda ən pis il adlandırılsa da, ötən ili də bir o qədər dönüş ili hesab edə bilərik. Çünki 2015-ci ildə 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdi. Dövlət dəstəyi və fermerlərin əzmi nəticəsində ötən il 51 min hektarda pambıq əkildi və 90 min tona yaxın məhsul götürüldü. Bu 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Bu rəqəmin növbəti illərdə 600-700 min tona çatdırılması proqnozlaşdırılır.

İş imkanı

Pambıqçılıq əməktutumlu və yüksək gəlirli istehsal sahəsi olmaqla yanaşı, həm də ölkədə yüngül sənayenin inkişafına ciddi təkan verə biləcək sektordur. Ölkəmizin sosial və iqtisadi inkişafında bu bitkinin zaman-zaman xüsusi əhəmiyyəti olub. Pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, pambıq digər dənli taxıl, tərəvəz, bostan bitkiləri üçün əlverişli sələf bitkisi hesab olunur.

Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəmin daha da böyük olacağı gözlənilir. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bu gün rayonda işləmək istəyənlər üçün qeyri-neft sektoru, xüsusən pambıqçılığın inkişafına göstərilən diqqət bir stimul rolunu oynayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm