“Şəffaf idarəetmə, açıq islahatlar ABB-ni yenidən əvvəlki mövqeyinə qaytara bilər” - Deputat
Bizi izləyin

İqtisadi gündəm

“Şəffaf idarəetmə, açıq islahatlar ABB-ni yenidən əvvəlki mövqeyinə qaytara bilər” - Deputat

“Mayın 23-də Londonda Azərbaycan Beynəlxalq Bankının xarici kreditorları ilə keçirilən görüş bu bankın xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı vəziyyəti xeyli aydınlaşdırdı. Restrukturizasiya qərarı elan edildikdən sonra həm ölkə daxilində, həm də xaricində bu bank ətrafında yaranmış gərgin situasiya London görüşü ilə müəyyən qədər səngimiş oldu”.

Publika.az-ın xəbərinə görə, bunu millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli görüşün nəticələrini APA-ya şərh edərkən bildirib. Onun sözlərinə görə, indiyə qədər bu gərginliyi yaradan əsas amillərdən biri informasiyasızlıq, restrukturizasiya planı barədə cəmiyyətdə yetərli məlumatların olmaması olub: “Ona görə də bir sıra mətbuat orqanları, xüsusən də xarici mətbuat bu məsələni işıqlandıranda onun ciddiliyi ilə yanaşı, həm də xeyli şişirtmələrə yol verirdilər. İndi isə bu planın ictimaiyyətə açıqlanması vəziyyəti xeyli dərəcədə aydın şəkildə dəyərləndirməyə imkan verir. Planın təqdim olunması bankın xarici kreditorlarında da yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirdi. Kreditorlar situasiyanı dəyərləndirmək imkanı əldə etdilər ki, restrukturizasiya qərarı onların vəsaitlərinin qaytarılmasının formasına təsir etsə də, amma ümumiyyətlə qaytarılma məsələsinə təhlükə törətmir. Çünki, bu öhdəlikləri Azərbaycan dövləti öz üzərinə götürür. Dövlət ümumi razılıq əsasında qəbul edilmiş hər hansı bir formada bu borcları ödəyəcək. Mənim gözləntilərimə görə, bu son aydınlaşdırmalardan sonra xarici kreditorların xeyli hissəsi restrukturizasiya planına səs verəcək. Yaxşı haldır ki, bu məqam beynəlxalq konteksdə də öz əksini tapmağa başlayıb”.

O, bank ətrafında baş verənlərin Azərbaycanın kredit reytinqlərinə təsir göstərəcəyi barədə mülahizələrə münasibətdə Beynəlxalq Bankın reytinqinin aşağı düşməsi üçün bunun təbii olduğunu, amma bütövlükdə Azərbaycan kontekstində belə ehtimalın az olduğunu, olsa belə keçici xarakter daşıyacağını bildirib. “Azərbaycan dövləti yetərincə valyuta ehtiyatlarına malikdir və bu sahədə məqsədyönlü fəaliyyət göstərib, sözügedən problemləri optimal vaxt kəsiyində aradan qaldıra bilər. Hazırda Azərbaycanın xarici borclarının ÜDM-in 20 faiz səviyyəsində, yəni, iqtisadi təhlükəsizlik baxımından kritik hesab olunan həddən 2-2,5 dəfə aşağı olduğunu nəzərə alsaq, bankın xarici öhdəlikləri dövlətə ötürüldükdən sonra da ölkənin xarici borclarının həddi yenə bütün dünyada qəbul edilmiş məqbul normadan xeyli aşağıda qalır. Bu baxımdan, düşünmürəm ki, bunlar ölkənin suveren reytinqini nəzərəçarpan dərəcədə mənfiyə doğru dəyişdirə bilər. Elə Standart&Poor’s beynəlxalq reytinq agentliyinin London görüşündən sonraya təsadüf edən son hesabatında da Azərbaycanın kredit reytinqi dəyişmədən saxlanıb”, - deyə Ə.Məsimli vurğulayıb.

Xarici kreditorlara münasibətdə risklərin böyük hissəsini dövlətin öz üzərinə götürməsi şərtilə həmin risklərin müəyyən qədər bölüşdürülməsi ətrafında yarana biləcək fikir ayrılığına gəlincə Əli Məsimli bildirib ki, riskin müəyyən qədər bölüşdürülməsi beynəlxalq praktikada tətbiq olunan üsuldur: “Ona görə də Azərbaycan Beynəlxalq Bankının xarici borclarının yenidən strukturlaşdırılması və bunun üçün kreditorlardan borcun 20% ətrafında azaldılmasının istənməsi müəyyən fikir ayrılığı yaratsa da, əslində həyati qərardır. Bu zaman nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti beynəlxalq praktikada çox az təsadüf olunan addım atır. Bankın bütün risklərini bütövlükdə öz üzərinə götürür. Bununla yanaşı, bir mühüm məqamı da qeyd edim ki, Azərbaycan Beynəlxalq Bankının xarici borcları dövlət qarantiyası olmayan borclar idi. Beynəlxalq Bank ətrafında yaranmış vəziyyətin Azərbaycana qarşı istifadəsini neytrallaşdırmaq baxımından, bilavasitə qarantiyası olmayan borcları dövlətin öz üzərinə götürməsi məsələsi beynəlxalq konteksdə də lazımınca qabardılmalıdır. Bu, həm də onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş imicini hər bir halda qorumağa çalışır. Düşünürük ki, beynəlxalq reytinq agentlikləri də Beynəlxalq Bank ətrafında yaranan olaylarla bağlı Azərbyacana münasibətdə bu məqamı nəzərə almalıdır”.

Fitch və Moody’s beynəlxalq reytinq agentliklərinin son günlər baş verənlərlə əlaqədar Azərbaycan Beynəlxalq Bankının reytinqlərini azaltmasına gəlincə, Ə.Məsimli qeyd edib ki, bu, labüd idi. “Çünki beynəlxalq reytinq agentliklərinin bəlli bir fəaliyyət praktikası var. Onlar bu cür vəziyyətlə üzləşən bankların reytinqini bir qayda olaraq aşağı salırlar. Sözsüz ki, bütün bu baş verənlər, Azərbaycan Beynəlxalq Bankının, eyn zamanda ölkəmizdəki digər bankların xaricdən aşağı faizlərlə vəsait cəlb etmək imkanlarını müəyyən dərəcədə məhdudlaşdıra bilər, amma vəziyyət çıxılmaz da deyil. Bu vəziyyətdən yetərincə çıxış yolları var. Çıxış yolları ona görə var ki, dövlət bu bankın sağlamlaşmasının bütövlükdə bank sistemi üçün əhəmiyyətini nəzərə alaraq çox böyük dəstək verir. İndi əsas diqqəti daha çox 3 istiqamətə yönəltmək lazımdır: Birincisi, xarici kreditorlarla münasibətdə qarşılıqlı faydalı variantdan maksimum faydalanmaq; ikincisi Beynəlxalq Bank ətrafında əlavə ajotajın yaranmasına imkan verməmək və üçüncüsü, ölkənin imicinə, kredit reytinqinə mənfi təsir göstərən amilləri neytrallaşdırmaq. Əgər sağlamlaşdrma planında nəzərdə tutulanlar sistemli, vaxtında və ardıcıl şəkildə həyat keçirilsə, şəffaf idarəetmə, açıq formada islahatların aparılması Azərbaycan Beynəlxalq Bankını yenidən əvvəlki mövqeyinə qaytara bilər. Onda bankın beynəlxalq reytinqləri də tədricən yenidən yüksələcək. Ümid edək ki, restrukturizasiya prosesinə paralel olaraq bankda bu islahatlar prosesi də qeyd etdiyimiz yöndə aparılır. Bu, nə qədər tez baş verərsə, bir o qədər işin xeyrinədir”.

Ə.Məsimlinin fikrincə, Azərbaycan Beynəlxalq Bankının sağlam və güclü bir maliyyə qurumuna çevrilməsi həm iqtisadi, həm beynəlxalq konteksdə çox zəruri, həm də ümumən cəmiyyətimizin maraqlarına uyğundur: “Eyni zamanda, həm də Beynəlxalq Bankın yenidən güclənməsi Azərbaycanın maliyyə-bank sistemi üçün o qədər önəmlidir ki, aidiyyatı qurumlar bu məsələnin həllinin maksimum sürətləndirilməsində əməkdaşlığın effektiv kombinasyasına nail olmaq istiqamətində səylərini artırmalıdır. İndiki mərhələdə həm bankın, həm də restrukturizasiya prosesini həyata keçirən digər qurumların əsas vəzifələrindən biri baş verənlər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmaqdır. Eyni zamanda, cəmiyyət üzvləri, media nümayəndələri, ekspertlər də bank ətrafındakı ictimai ajiotajları mümkün qədər neytrallaşdırmağa çalışaraq bu vacib məsələnin həllində ümumi işə töhfə və dövlətə dəstək verməlidirlər. KİV-lər, xüsusən də televiziya vasitəsilə həm bank, həm də aidiyyatı dövlət qurumları tərəfindən “öhdəliklərin ötürülməsi prosesinin əhalinin bu bankdakı əmanətlərinə, bankın vətəndaşlarımıza göstərdiyi xidmətlərə təsirinin olmayacağı” barədə açıqlaması yaxın günlər ərzində müntəzəm olaraq əhaliyə çatdırılmalıdır ki, bu sahədəki narahatlıqlar aradan qalxsın”, - deyə Ə.Məsimli vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm