• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dövlət sektorunda çalışanların sayı azaldılmalıdır

Dövlət sektorunda çalışanların sayı azaldılmalıdır

İqtisadiyyatda muzdla çalışan işçilərin sayının struktur vəziyyəti ölkədə əmək haqqlarının məhz nəyə görə qeyri-qənaətbəxş səviyyədə olduğunu əyani göstərir.

Düzdür, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2014-cü ilin yanvar-mart aylarında iqtisadiyyatda çalışanların orta aylıq nominal əmək haqqı səviyyəsi 434,3 manat təşkil edib. Lakin bu, ümumi göstərici olduğundan işçilərin heç də hamısının həmin məbləğdə və yaxud da buna yaxın əməkhaqqı aldıqlarını göstərmir.

Bəllidir ki, ölkədə muzdla çalışanların əksəriyyəti ayda 200 manat civarında alırlar. DSK-nın məlumatında da qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət, tikinti, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksəkdir. Ən bərbad vəziyyət isə təhsil və səhiyyə sferasındadır.

Ölkəmizdə dövlət büdcəsindən sosial xərclərin ağırlıq təşkil etdiyi isə sirr deyil. Hər il dövlətin əsas maliyyə sənədində xərclərin 25-30 %-ni əməkhaqqları və digər sosial məsrəflər təşkil edir ki, bu, ilbəil artırılır. Ancaq sosial ödənişlər də daxil, əmək haqqları çox cüzi artırılır. Buna görə də özəl sektorda maaşlar dövlət müəssisələrindən yüksəkdə dayanır. Sözsüz ki, bunun bir neçə səbəbi vardır. Ən mühüm səbəbi isə büdcə təşkilatlarında çalışanların sayının çox olmasıdır.

Azərbaycanda muzdla çalışanlardan dövlət büdcəsindən asılı olan hissə olduqca çoxdur. Halbuki tərsinə olmalıdır. 2014-cü il aprelin 1-inə görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,4 min nəfər olub. Onlardan da 900,7 min nəfəri iqtisadiyyatın dövlət, 609,7 mini isə qeyri-dövlət bölməsində fəaliyyət göstərir. Bu, bazar iqtisadiyyatı sisteminə qətiyyən uyğun deyil. Sual olunur ki, necə olur, iqtisadiyyatda özəl sektorun payı 80 %-dən yuxarı təşkil etdiyi halda muzdla çalışanların çox hissəsi dövlətdə işləyir? Belə vəziyyətdə büdcədən maaşları istənilən səviyyədə artırmaq olarmı? Diqqəti çəkən digər məqam isə, muzdla işləyənlərin çox hissəsinin təhsildə çalışmasıdır: muzdla işləyənlərin 22,4 %-i təhsilin, 18,7 %-i ticarətin, nəqliyyat vasitələrinin təmirinin, 12,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 %-i tikintinin, 5,1 %-i nəqliyyat və anbar təsərrüfatının, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 %-i informasiya və rabitə sahəsi ilə 17,1 %-i iqtisadiyyatın digər sferalarının payına düşüb.

Təhsil elə bir sahədir ki, burada maddi və natural ifadədə heç bir əlavə və yaxud yeni dəyər yaranmır. Odur ki, muzdla çalışanların 20 %-dən çox hissəsinin məhz burada cəmləşməsi məntiqi deyil. Doğrudur, təhsil sоsiаl sfеrаnın vacib sаhəsi olmaqla iqtisаdiyyаtа bağlıdır. Bu sahəyə çəkilən xərclər strаtеji əhəmiyyət daşıyır ki, bu da təhsilin inkişаfınа sırf sоsiаl prizmаdаn yаnаşmаğın düzgün olmadığını diqtə edir. Səhiyyə, mədəniyyət, sоsiаl müdаfiə sahələri təhsillə müqayisədə sırf хidmət sаhələridir. Ölkəmizdə büdcədən sözügedən sahəyə az хərc də аyrılmır: 2009-cu ildən hər il artırılır. Belə ki, 2009-cu ildə 1147,9 milyon manat idisə, 2010-cu ildə 1180,8, 2011-də 1268,5, 2012-də 1511,5, keçən il isə 1530,4 milyon manat idi. Ancaq dünyanın heç bir inkişaf etmiş ölkəsində təhsil bizdəki kimi iqtisadiyyatın tələbləri çərçivəsindən kənarda fəaliyyət göstərmir. Bizdə özəl və dövlət tədris müəssisələri fаktiki olaraq “işsizlər bаzаrınа” хidmət еdir ki, bu da sözügedən sahədə fəaliyyətin tələb və təklifə əsаsən nizаmlаnmadığını göstərir. Təhsil işçilərinin mааşları bizdəkindən dəfələrlə yuksək оlan ölkələrdə ən nüfuzlu tədris və еlmi-tədqiqаt müəssisələrinin аrхаsındа güclü özəl strukturlаr dаyаnır və ödənişləri məhz onlаr həyata keçirirlər.

Sahibkarlar real sektorda çаlışdıqlarından hаnsı iхtisаsdа kаdrlаrа еhtiyаc yaranırsа o istiqаməti mаliyyələşdirirlər. Sözümüz bunda deyil. Sual olunur ki, ölkəmizdə dövlət büdcəsi üçün ən ağır yükü məgər, təkcə təhsil sahəsi təşkil edirmi? Şübhəsiz ki, yox. Səhiyyə, mədəniyyət, dövlət idarəetmə aparatı özü də büdcənin “boğazından daş kimi sallanmaqdadır”. Xüsusən də, sonuncu barədə qeyd edək ki, iqtisadiyyatın dövlət tərəfindən idarə olunmasını asanlaşdırmaq və təkmilləşdirmək məqsədilə son vaxtlar struktur islahatı adı ilə həyata keçirilən bir sıra tədbirlər və atılan addımlar dövlət sektorunda çalışan işçilərin sayını azaltmaq əvəzinə, daha da artması və genişlənməsi ilə nəticələnmişdir. Bir sıra hökumət qurumlarında yeni və əlavə ştatların yaradılması – bunların idarə aparatının böyüdülməsi deyilənə sübutdur.

Ona görə də ölkədə büdcə xərcləri üfiqi olaraq genişlənməkdədir. Bəs, əslində necə edilməlidir? 2014-cü ilin birinci rübü ərzində dövlət büdcəsinin xərcləri 4233,3 milyon manat proqnoza qarşı 4374,3 milyon manat icra edilmişdir ki, xərclərin 29,1 %-i və yaxud 1271,9 milyon manatını sosial təyinatlı xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) təşkil etmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 108,1 milyon manat və yaxud 9,3 % çox deməkdir. Büdcədən sosial təyinatlı xərclərin, xüsusən də əməyin ödənişi fondunun əhəmiyyətli olmağını, ölkədə idarəetmə aparatında, həmçinin təhsil ilə səhiyyə sferasında çalışanların maaşlarının ümumən iqtisadiyyatda çalışanların orta aylıq nominal əmək haqqı səviyyəsindən yüksəkdə dayanmasını istəyiriksə, dövlət və qeyri-dövlət bölməsindəki muzdlu işçilərin sayını birincini azaltmaq və ikincini isə tədricən artırmaq yolu ilə mütləq dəyişdirmək lazımdır. Başqa sözlə desək, dövlət sektorunda çalışanların sayı kəskin azaldılmalıdır.

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR