Maliyyə Nazirliyi yeni büdcə qaydalarının detallarını açıqlayıb
Bizi izləyin

İqtisadi gündəm

Maliyyə Nazirliyi yeni büdcə qaydalarının detallarını açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Maliyyə Nazirliyi yeni büdcə qaydalarının layihəsini hazırlayaraq Maliyyə Sabitliyi Şurasına təqdim edib və Şura tərəfindən layihəyə baxılaraq bəyənilib.

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib ki, qaydaların hazırlanması zamanı Maliyyə Nazirliyi tərəfindən müxtəlif simulyasiyalar aparılaraq neft qiymətlərinin mümkün trayektoriyalarının büdcənin gəlir və xərclərinə təsirləri təhlil edilib.

Onun sözlərinə görə, yeni büdcə qaydalarına əsasən, neft qiymətlərinin büdcədə proqnozlaşdırılan qiymətdən daha yüksək olduğu hallarda əldə edilən əlavə gəlirlərin böyük qismi yığıma yönəldilməklə yalnız müəyyən bir hissəsi xərclənə biləcək.

"Yəni, neft gəlirlərinin orta və uzun müddət istifadəsi üzrə yuxarı hədlər müəyyən olunur ki, bu da icmal büdcə xərclərinin kəskin artımının qarşısını almaqla fiskal siyasətin protsikliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa, orta və uzunmüddətli makroiqtisadi və büdcə dayanıqlığını təmin etməyə, maliyyə və borc intizamını gücləndirən büdcə siyasətinin həyata keçirilməsinə xidmət edəcək. Bütövlükdə, yeni büdcə qaydaları ölkənin xalis maliyyə aktivlərini əsas meyar kimi götürməklə neft qiymətlərinin dəyişkən şəraitində ölkənin xalis maliyyə aktivlərinin qorunub saxlanmasını hədəfləyir, - deyə M.Piriyev vurğulayıb.

Maliyyə Nazirliyinin rəsmisi əlavə edib ki, yeni qaydalar digər neft ixrac edən ölkələrin təcrübələri, Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla hazırlanıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm