• USD 1,7238 +0,10% EUR 1,8536 -0,47%
    • GBP 2,1441 +0,33% RUB 0,0304 +0,66%

Yandırıb yaxan turizm qiymətlərimiz – Biz niyə bahalıyıq?

Yandırıb yaxan turizm qiymətlərimiz – Biz niyə bahalıyıq?

Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıdır

Əminəm ki, bu aforizmi bizim "Dədə Qorqud"lar deyib. Özü də yerli infrastrukturu, istirahət zonalarının qiymətlərini nəzərə alaraq. Azərbaycanda gəzmək elə bahalı xidmətdir ki, buna hətta Qərbin yüksək təminatlı vətəndaşları da təşəbbüs etməyə tərədüd edirlər. Konkret bir fakt “Eurovision” Mahnı müsabiqəsinin keçirildiyi 2012-ci büdcə ilində ölkəyə cəmi-cümlətanı 23 440 nəfər turist gəldi. Baxmayaraq ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ildə Azərbaycana 2 milyona yaxın turistin gəldiyini iddia edir, 2012-ci ildəki statistika bu rəqəmi vurur. Digər tərəfdən, ötən il Azərbaycan rezidentinə ölkənin hüdudlarından kənarda 2,9 mlrd. ABŞ dolları məbləğində turizm xidmətləri göstərilib. Xarici turistlər isə Azərbaycanda 2,4 mlrd. dollar vəsait xərcləyiblər. Bunun da 36,6%-i işgüzar səfərləri zamanı olan xərclərdir. Konkret olaraq, Azərbaycanın turizm sənayesində mənfi saldo 500 mln. dollara çatır. Səbəb hər kəsə aydındır. Sizə, sadəcə, reallıqları təqdim etmək istəyirik.

Azərbaycanın turizm sənayesinin rəqabət apardığı coğrafiyada kimlər necədir.

İllərdir ölkəyə xarici ölkələrdən turistləri cəlb etmək üçün tədbirlər həyata keçirilir, turizm ili elan olunur. Lakin ən kobud hesablamalar da göstərir ki, Azərbaycana gələnlər dünyadakı turistlərin cəmi 0,003 faizini təşkil edir. Bu da olduqca kiçik rəqəmdir. Daha bir maraqlı nüans isə bütün tədbirlərin, yatırılan investisiyaların fonunda ölkəyə nəinki maraq artır, hətta yerli vətəndaşlar belə istirahət üçün xaricə üz tuturlar. Bu sahədə də ən çox Türkiyənin turizm bazarı seçilir. Sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna, BƏƏ (Dubay) tutur. Ümumiyyətlə, Azərbaycanın turizm sənayesinin rəqabət apardığı coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri, Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri, Gürcüstanın Qara dəniz sahilləri tutur.

İstirahət üçün Antalya

Müqayisə üçün bildirək ki, Türkiyə 2013-cü ildə 34 milyon 910 min nəfər turist qəbul edib. Söz yoxdur, Türkiyənin coğrafi ərazisi böyükdür, turistik zonaları çoxdur. Lakin Azərbaycanın da bu sahədə imkanları az deyil. Ən azı rəsmilərin dediklərindən bu, belə görünür.

Söz Türkiyədən düşmüşkən, ölkə 2013-cü ildə turizmdən 32,3 milyard dollar gəlir əldə edib. Hansı ki bu rəqəm bütövlükdə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərindən bir qədər azdır. Diqqəti çəkən isə Türkiyəyə gələn hər bir turistin ortalama 824 dollar xərcləməsidir. Azərbaycanda həmin xərc 900 manata çatır.

Yeni rəqib Batumi

Son 2 ildə regionda turizmi inkişaf edən ölkələrin siyahısında qeyd etdiyimiz kimi Gürcüstan da yer alır. Hətta ötən il hökumət gələn turistlərin sayının ölkənin əhalisinin sayını keçəcəyini bildirirdi. İstirahət üçün Gürcüstana ən çox Azərbaycan, Türkiyə və Ermənistan vətəndaşları üz tutur. Bu region ölkələrinin payına ümumilikdə 78 faiz turist düşür. Konkret 2012-ci ildə Azərbaycandan 488 461, Türkiyədən 485 137, Ermənistandan isə 479 377 turist, Rusiyadan 158 421 nəfər Gürcüstanda dincəlməyə üstünük verib. 2013-cü ildə isə 1 milyon nəfərə yaxın azərbaycanlı Gürcüstana istirahətə gedib. İndi siz özünüz bu sayın qonşu dövlətin büdcəsinə verdiyi xeyiri düşünün.

Bizi niyə seçmirlər

Mütəxəssislər bildirir ki, turistlər səfər etdikləri ölkələrdə, əsasən, təhlükəsizlik, gigiyena, keyfiyyətli xidmət, cəlbedici yerlər, qiymətlər və s.bu kimi amillərə diqqət verirlər.

Sözügedən amillərdən birinin olmaması nəticə etibarilə yüksək keyfiyyətli turizm məhsulunun ortaya çıxmasına maneə yaradır. Azərbaycanda 516 hotel, 32 min yataqlıq yer var. Bu şəraitin fonunda keyfiyyəti yüksək deyil, xidmət çox bahadır. Məsələn, 3 günlük istirahət 1000 manata başa gəlir, özü də bu məbləğə yalnız mehmanxanalarda gecələmək və səhər yeməyi daxildir. Rəqəmlərə sadə usullarla nəzər yetirək. Hazırda Bakıda hotellərin birgünlük qiymətləri 90 dollardan başlayır və 1500 dollara qədər artır. Moskvada bu rəqəm 10-1250, İstanbulda 10-1440, Tbilisidə 20-280, Nyu-Yorkda 40-830, Londonda 10-1320, Dubayda 20-1090, Yerevanda isə 80-270 dollar arasında dəyişir. Otaq kirayələmək adı ilə İçərişəhərdə yerləşən “Kiçik Qala” hoteli ilə əlaqə saxladıq. Məlum oldu ki, 3 ulduzlu hoteldə 1 gecəlik 2 nəfər üçün nəzərdə tutulan otaq səhər yeməyi daxil 79 manatdır. Məşhur “Hilton”da eyni şərtlərlə səhər yeməyi daxil olmadan 320, səhər yeməyi daxil 368 manat, “Hyatt Regency”də səhər yeməyi daxil olmadan 190 manatdır. “Lüks şəraitli "VİP" nömrələrdə sutkalıq qiymətlərdən isə danışmağa dəyməz. 1000-2000 manat arasında dəyişir.

Belə halda səyahət etmək istəyən şəxs 1 həftəlik istirahətin 5-6 min dollara (gediş-gəliş xərcləri də daxil olmaqla ) başa gəldiyi Amerikanı, 1500 dollara başa gəldiyi Birləşmiş Ərəb Əmirliklərini, 600-700 dollara başa gəldiyi Antaliyanı qoyub nəqliyyatı hələ nağd ödənişlə işləyən, hotellərinin ulduzları belə düz təyin olunmayan Azərbaycanı niyə seçməlidir?!

Regionlar paytaxtdan geri qalmır

Regionlardakı turizm obyektlərinin qiymətləri də boğazları qurudur. Hazırda ən ucuz qiymət qiymət Lerikdədir. Sutkalıq olaraq hotellərin, istirahət mərkəzlərinin qiymətləri 40 manatdır. Şəkidə 50 manat, Qubada 40-80, Nabranda 40-120 manat arasında dəyişir. Bu qiymətlərə ancaq gecələmək daxildir. Zəruri tələbatı ödəyən xərclər isə əlavədir. Konkret olaraq, Nabranda dincəlmək istəyirsinizsə, ən kobud hesablamalarla gecələməyə 120 manat, 2 nəfərlik səhər yeməyinə ən yaxşı halda 30, günorda 40, axşam da 50 manat ödəməklə gündəlik 240 manat xərcləyəcəksiniz. Şənbə-bazar günü qrup şəklində təşkil olunan istirahətlərə gəlincə, adambaşına 40-70 manatdır. Bu zaman da daha çox məşhur olmayan, xidmət keyfiyyəti aşağı olan istirahət mərkəzləri tərəfdaş kimi seçilir.

Hotellərin ulduz problemi

Keyfiyyət də bizdə turizm sektorunu ləngidən əsas səbəblərdən biridir. Məsələn, dəfələrlə ölkənin 5 ulduzlu hotellərinin birində “tarakan” nın necə qonaqlarla bərabər istirahət etdiyinin şahidi olmuşam. Yəni, qiymətlərin baha olması fonunda bir neçə mehmanxananı çıxmaqla, demək olar ki, xidmətlər dünya standartlarından xeyli geridədir. Konkretləşdirsək, təklif olunan xidmətlərin keyfiyyəti otellərin malik olduğu ulduzlarla uyğun gəlmir. 4 ulduzlu hotellərdə xidmət səviyyəsi xaricdəki 2-3 ulduzlu hotellərdəki xidmət səviyyəsinə bərabərdi. Bunun da səbəbi Nazirlər Kabinetinin təsdiqlədiyi meyarlara görə, mehmanxanalara ulduzların verilməsinin xidmətin keyfiyyəti ilə deyil, göstərilən xidmətlərin sayı ilə müəyyən edilməsidir. Qəribədir, elə deyilmi?

Digər tərəfdən, araşdırmalar göstərir ki, xaricdə 2 və 3 ulduzlu hotellərin sayı çox olsa da, Azərbaycanda sahibkarlar daha yüksək titullu hotellər tikməyə üstünlük verirlər. Hostellərin açılmasına isə ümumiyyətlə maraq göstərmirlər. Turizmin inkişafı üçün isə hostellər vacib obyektlərdir.

Turizm günlərinin sayı azdır

Qiyməti baha edən səbəblərdən biri də məhz budur. Sahibkarların özləri də turizm günlərinin sayından əziyyət çəkirlər. Turizm şirkətləri ancaq 2-3 ay işləyirlər. Sahibkarlar ilboyu büdcə xərclərinin hamısını bir fəslin – yayın üstünə salırlar. Yayda da düşürlər millətin canına. Bütün dünya turist cəlb etmək üçün endirimlərə gedir, bizdə yay fəslində qiymətlər ceyran belinə çıxır. Sanki xarici turistə İtaliya, Türkiyə, Dubayla müqayisədə təklif etməyə daha yüksək xidmətləri var.

Ölkəyə gələn turistlərin sayı rəqəmlərdə

Son rəqəmlərə əsaslansaq, Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 5-6% artır. Lakin bu da şişirdilmiş rəqəmdir. Statistika Komitəsinin özünün hesabatları belə bunu təkzib edib. Sadə bir misal. İllər ərzində ölkəyə gələn turist sayını təqdim edirik:

2008 –19 288 nəfər

2009 –17009 nəfər

2010 – 17641 nəfər

2011– 18840 nəfər

2012 – 23 440 nəfər

Nəzərə alsaq, 2012-ci ildə Azərbaycanda Eurovision Mahnı müsabiqəsi keçirildi, əvvəlki illə nisbətdə ölkəyə turist gəlişində cəmi 4600 nəfər artım baş verib. Bu da kiçik rəqəmdir. Başqa tərəfdən, həmin ildə 77 991 nəfər (2011-ci ilə nisbətdə 13 211 nəfər çox) ölkə vətəndaşı turist kimi xaricə gedib. Yəni gələndən çox, gedən olub.

Daha bir maraqlı nüans. Statistika göstərir ki, ölkəyə daha çox Rusiya vətəndaşları gəlir. Bu, o deməkdir ki, elə Azərbaycana gələn də Rusiyada yaşayan həmyerlilərimizdir.

Digər məqam turizm müəssisələrinin sayıdır. 2012-ci ildə bu rəqəm 170 olub. Bu müəssisələrin əldə etdiyi gəlirin həcmi 27 121,5 min manat təşkil edib. Məhsul (xidmət) istehsalına çəkilən xərclər 23 540,8 min manat olub. Göründüyü kimi, sahibkarların xərcləri az deyil. Burada da ölkədəki yüksək inflyasiya ilə bərabər, qeyri-rəsmi ödənişlər, vergilər mütləq rol oynayır. Turizm sektoru ilə bağlı ən ciddi məsələ isə indiyə qədər hər hansı səlahiyyətlinin bir turistin Azərbaycan büdcəsinə verdiyi səmərə haqında dəqiq rəqəm səsləndirməməsidir. Ortada ancaq təxmini hesablamalar var. Bu da 1000 manat ətrafındadır.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda turizm kağız üzərindədir. 2015-ci ildə “Avropa Yay Oyunları”nın keçirildiyi ərəfədə ölkəyə Eurovision Mahnı müsabiqəsi zamanı olduğu kimi əvvəlki illə müqayisədə cəmi 4600 nəfər çox turist rəqəmi ilə rastlaşsaq, gərək təəccüblənməyək.

Leyla Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR