• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Hafka” ləqəbli iş adamı necə müflisləşdi? – Araşdırma

“Hafka” ləqəbli iş adamı necə müflisləşdi? – Araşdırma

Son günlər mətbuatda “Baghlan Group”un sahibi Hafiz Məmmədovun biznes imperiyasının dağılması ən çox müzakirə olunan mövzulardandır. “Hafka” ləqəbli iş adamı (Hafiz Məmmədov – red.) təkcə idman (“Bakı” klubunun Biləcəri qəsəbəsində yerləşən təlim məşq bazası stadionunu və Fransanın “Lans” klubundakı səhmlərini satışa çıxardığı deyilir), bank sektorundakı imtiyazlarından məhrum olmayıb. Məlumatlara görə, onun neft hasilatı, eləcə də satışı sahəsindəki biznesi ilə bağlı vəziyyət də ürəkaçan deyil.

“Bahar” və “Qum” adalarının rentabelliyi

Məlum olduğu kimi, H.Məmmədov 2009-cu ildən Bahar Energy Ltd. və SOCAR-"Baghlan Close Joint-Stock Company” çərçivəsində ARDNŞ-ın neft layihələrində payçı qismində iştirak edir. Publika.az-ın araşdırmalarına görə, onun bu sahədəki biznesi də əlindən çıxmaq üzrədir. Necə? Başlayaq Bahar Energy Ltd.-dən.

Adı çəkilən şirkət “Bahar” və “Qum adası” yataqları üzrə pay bölgüsü müqaviləsini 2009-cu il dekabrın 22-də imzalayıb. ARDNŞ-ın müqavilədə payı 20%, Bahar Energy Ltd.-nin isə 80%-dir. Müqavilə 2010-cu il, aprelin 27-də Milli Məclisdə təsdiqlənib. Sənədin müddəti 25 il olsa da, 5 il uzadılma əlavəsi var. İlkin olaraq 1 milyard dollar dəyərində qiymətləndirilən investisiyanın hamısının Bahar Energy-yə yatırılması nəzərdə tutulub. Layihənin xarici iştirakçısı isə layihənin təsdiq edilməsindən sonra Azərbaycan tərəfinə 2 mln. dollar, yataqda işlərə başlayarkən 1mln. dollar, hasilatın 2008-ci il səviyyəsinə görə 1,5 dəfə artırılmasına görə isə 2 mln. dollar bonus ödəməyi öhdəsinə götürüb. Müqavilə imzalanarkən ARDNŞ əmin edirdi ki, “Bahar Operating Company” yaxın üç il ərzində yataqlarda hasilatı 1,5 dəfə artıracaq. Onu da qeyd edək ki, müqavilə blokunda qalıq neft ehtiyatları 25 mlrd. kubmetr təşkil edir. Bu da kifayət qədər böyük ehtiyatdır. Amma şirkətin ödənişlərinə baxanda tam əks mənzərə yaranır. Belə ki, Bahar Energy Ltd. 2012-ci ildə Dövlət Neft Fonduna (ARDNF) hasilatın pay bölgüsü sazişi çərçivəsində cəmi 200 min dollar ödəyib. Bununla da ən az pul ödəyən şirkət olub. Halbuki sənədlərdə "Bahar"da sutkada hasilat gücünün 25 ton kondensat və 500 min kubmetr qaz, "Qum dəniz"də isə 190 ton neft və 160 min kubmetr qaz olduğu göstərilir. Araşdırmalara əsasən, yataqlarda iş 2012-ci ilə qədər uğurla davam etdirilib. Yəni Bahar Energy Ltd. şirkətinin gerçək sahibinin – Hafiz Məmmədovun AFFA prezidentliyinə iddialarının baş qaldırmasınadək. Bundan sonra payçıların – ARDNŞ prezidenti Rövnəq Abdullayevlə H.Məmmədovun arasından soyuq küləklər əsməyə başlayıb. Məlumatlara görə, R.Abdullayev hər an şirkətin hasilatın pay bölgüsü sazişi çərçivəsində öhdəliyini yerinə yetirə bilməməsini gözləyir. Nəzərə alsaq ki, getdikcə, H.Məmmədovun biznes imperiyası sarsılır, yataqlardakı işlərin davam etdirilməsi isə böyük maliyyə tələb edir, Bahar Energy Ltd. ilə müqavilənin pozulması an məsələsidir. Məhz bu səbəbdən də iş adamı tələsik “Bakı” klubunun Biləcəri qəsəbəsində yerləşən təlim məşq bazasını, stadionunu satışa çıxarıb...

Bir nüansı da vurğulayaq ki, “Bahar” və “Qum dənizi” yataqlarından hasil olunan neft daxili bazar qiymətinə ARDNŞ-a satılır, artıq hasilat isə əvvəllər “Bakı-Novorossiysk” kəməri vasitəsilə ixraca yönəldilirdi. Satışdan əldə edilən vəsait payçılar arasında bölüşdürülürdü. Hazırda ARDNŞ bu tranzit əməliyyatını “Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Məsimovla həyata keçirir.

Bəs “Bahar Energy Ltd.” əslində kimindir?

Məlumat üçün bildirək ki, Bahar Energy Ltd. – azad iqtisadi zona olan Dubayda – Cəbəl Əlidə (Birləşmiş Ərəb Əmirlikləri) qeydə alınıb. Bahar Energy Ltd.-nin təsisçiləri Baghlan Group, Greenfield İnternational (ABŞ) və RAFI Oil şirkətləridir. Bu 3 şirkət də Dubayda – Cəbəl Əlidə (Birləşmiş Ərəb Əmirlikləri) qeydiyyatdan keçiblər. İlkin təsis payları bərabər olub – 33,3%. Ancaq 2012-ci ildə Greenfields Petroleum şirkəti məlumat yayaraq “Baglan Group FZCO”-nun “Rafi Oi”l -un 33,33%-lik payını aldığını bəyan edib. Bu barədə razılaşma həmin il yanvarın 17-də imzalanıb. Beləliklə, hazırda “Bahar Energy” şirkətinin səhmlərinin 66 faizinə “Baghlan Group” nəzarət edir. Səhmlərin qalan hissəsi də “Greenfields Petrolium”dadır. "Baghlan Group FZCO" holdinqin özü də 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Cəbəl Əli Azad Ticarət Zonasında Hafiz Məmmədovun adına yaradılıb. Bildirək ki, uzun illərdir H.Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovla sıx biznes bağlantılarının olduğu iddiası irəli sürülür. Onlar illər boyu "Bank of Azerbaijan"da şəriklik edib, nəqliyyatda, idmanda ortaq layihələr həyata keçiriblər. Lakin son illər ortaqların münasibətlərində soyuqluq nümayiş olunmaqdadır. Xüsusilə “Bank of Azerbaijan”ın H.Məmmədovdan alınaraq nəqliyyat nazirinin digər şərikinə verilməsi bir çox məqamların üstündə işıq saldı. Hafiz Məmmədovun məşhur “Ziya Məmmədov mənim atamdır” ifadəsi də boşuna deyildi. Biznesmen məhz soyuqluğu aradan qaldırmaq, biznes imperiyasının digər sahələrinin də əlindən çıxmaması məqsədilə üzrxahlıq edirdi…

Qayıdaq “Bahar Energy Ltd”-yə. Şirkətin payçılarından digəri “Greenfields Petrolium” Amerika Birləşmiş Ştatlarında – Hyuston ştatında yaradılıb. Şirkətin veb-saytında bildirilir ki, “Greenfields Petrolium”əsasən Azərbaycan Respublikasında təsdiqlənmiş neft və qaz ehtiyatlarının işlənməsi məqsədilə yaradılan gənc neft və qaz şirkətidir. “Greenfields Petrolium”un başqa ölkələrdə hər hansı fəaliyyəti yoxdur. Şirkətin başlıca aktivi də Bahar Energy-nin səhmlərinin üçdə birindən ibarətdir.

Bahar Energy Ltd.-nin kontakt əlaqəsi belə yoxdur

Böyük bir layihəni icra etməsinə baxmayaraq Bahar Energy Ltd.-nin veb saytı yoxdur. Şirkətin 66 faiz səhminin sahibi “Baghlan Group” da özünün rəsmi veb saytında “Bahar Energy”dəki fəaliyyətindən bəhs etmir. Daha çox dəstəklədiyi Bakı Futbol Klubunun reklamını aparır.

Hafiz Məmmədovun ARDNŞ ilə daha bir ortaqlığı

İş adamının neft sektorunda fəaliyyəti bununla bitmir. Xatırlayırsınızsa, 2009-cu ilin noyabrında ARDNŞ “Baghlan Oil Recovery Limited” adlı şirkətlə neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün ortaq müəssisə qurdu. ARDNŞ-“Baghlan” Məhdud Məsuliyyətli Birgə Müəssisəsə adlanan (SOCAR-"Baghlan Close Joint-Stock Company") bu qrumda ARDNŞ 51, “Baghlan Oil Recovery Limited” 49 faizlik paya malik idi. ARDNŞ-in rəsmi saytında “Baghlan Oil Recovery Limited” haqqında sadəcə “Birləşmiş Ərəb Əmirliklərindən olan xarici şirkət” deyə bəhs edilirdi və mülkiyyətçilərinin kimliyi barədə məlumat verilmirdi. Ancaq aparılan araşdırmalar göstərdi ki, “Baghlan Oil Recovery” Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən “Baghlan Group FZCO” şirkətlər qrupunun tərkibinə daxildir. Fəaliyyət istiqamətləri neftlə çirklənmiş torpaqların təmizlənməsi və əldə olunan neft və neft məhsullarının dünya bazarlarına çıxarılıb satılmasıdır. Nəzərə alsaq ki, ərazidə təxminən 1 milyon kubmetr neftlə çirklənmiş torpağın təmizlənməsi nəzərdə tutulur, müqavilə limitsiz imzalanıb tərəflərin qazancını hesablamağa rəqəmlər də yetməz. Bundan əlavə, şərtlərə uyğun olaraq ARDNŞ-“Baghlan” Məhdud Məsuliyyətli Birgə Müəssisəsi təmizlənmiş torpaqlardan əldə edilən xam neft və neft məhsulları ARDNŞ-ə təhvil verirdi. Maraqlıdır ki, həmin neft və neft məhsullarının satışını məhz payçı “Baghlan Oil Recovery” aparırdı. Əldə etdiyimiz məlumatlara görə, təkcə “Bank of Azerbaijan” Hafiz Məmmədovdan alınmayıb. Təmizlənmiş torpaqlardan əldə edilən xam neft və neft məhsullarının satışı biznesmenin əlindən çıxarılıb.

Oktyabrda ixtisarlar gözlənilir

Artıq bildirdiyimiz kimi, H.Məmmədov ciddi maliyyə çətinlikləri yaşayır. Bundan daha bir çıxış yolu kimi, bildirilir ki, o, oktyabr ayında “Bahar Energy Operating Company Ltd” (BEOC) əməliyyat şirkətində növbəti ixtisarlara da gedəcək. Belə ki, işçilərlə imzalanan əmək müqavilələrinin müddəti oktyabr ayında bitir. Şirkət yüzlərlə adamın müqaviləsinin müddətini uzatmayacaq. Xatırladaq ki, cari ilin əvvəlində Bahar Energy Ltd. 147 əməkdaşla əmək müqaviləsinin müddətini uzatmamışdı. Hələ o vaxt vəziyyət bu qədər kritik deyildi.

P.S. Məhz bu cür imkanları əlindən çıxan iş adamı indi maliyyə axtarışındadır. Hətta vəziyyət o həddə çatıb ki, Hafiz Məmmədov “Bakı” klubunda 5 aydır ki, maaşları verə bilmir. Artıq 1 ilə yaxındır ki, bu klubun bir sıra mətbuat orqanlarına reklam borcu yaranıb.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR