Ermənistanın iqtisadi itkilərini dəqiq hesablamaq olarmı?
Bizi izləyin

İqtisadi gündəm

Ermənistanın iqtisadi itkilərini dəqiq hesablamaq olarmı?

Ermənistanın iqtisadi itkilərini dəqiq hesablamaq olarmı?

Ermənistanda avqustun 1-dən elektrik enerjisinin qiyməti artırılacaq. Hazırda sözügedən ölkədə bu sahəyə cavabdeh olan qurumun borcu 16 milyard 600 min dram təşkil edir.

Yeri gəlmişkən, 412 dram 1 ABŞ dollarına bərabərdir. Sözümüz bunda deyil.

Ölkəmiz isə məlum olduğu kimi, xaricə elektrik enerjisi ixrac etmək iqtidarındadır. Hazırda Azərbaycanın enerji sisteminin gücü 7105 meqavatt təşkil edir ki, bu da respublikanın elektrik enerjisinə olan tələbatını 1500 meqavatt üstələyir.

Ümumiyyətlə, Azərbaycan hər il 22 milyard kilovatt/saata yaxın elektrik enerjisi istehsal etməyə qadirdir ki, bu da 2 milyard kilovatt/saat həcmində ixrac potensialı yaradır. "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsi çərçivəsində aparılan texniki işlər Türkiyəyə, gələcəkdə isə Avropaya elektrik enerjisi ixracının təmin edilməsinə imkan verəcək ki, ilkin olaraq qeyd olunan layihə çərçivəsində Türkiyəyə 1200 meqavat elektrik enerjisi tədarükü nəzərdə tutulur.

Ermənistan ölkəmizlə normal münasibətlərə malik olsaydı, şübhəsiz ki, bu imkandan yararlanardı.

Ancaq Ermənistanın itkisi təkcə bu deyil. Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində qonşu ölkə dünyanın ən pis iqtisadiyyatına malik ölkələr sırasında artıq neçə müddətdir ki, ikinci yeri tutur. Bu da təbiidir. O səbəbdən ki, Ermənistan əslində, çox əlverişsiz coğrafi mövqedə yerləşir. Və bu ölkə Cənubi Qafqaz respubikaları sırasında dənizə çıxışı olmayan yeganə ölkədir ki, ən varlı qonşusu elə Azərbaycandır.

Məhz ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti səbəbindəndir ki, Yerevan ağır iqtisadi böhran içərisində çabalamaqdadır.

Bəs Ermənistanın itkilərini rəqəmlərlə konkret göstərmək olarmı?

İş ondadır ki, bunu sözügedən ölkənin real iqtisadi vəziyyətinə əsasən dəqiq hesablamaq çətindir. Təkrar edirik ki, Ermənistan, demək olar, heç bir iqtisadi potensiala malik deyil. Odur ki, onun itkilərindən yalnız qonşularının, xüsusən də Azərbaycanın iqtisadi inkişafına əsaslanaraq söz açmaq mümkündür.

Çünki bölgə ölkələri məhz Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu “Bakı-Tbilisi-Ceyhan” neft boru kəməri, “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri, “Bakı-Tbilisi-Qars” dəmiryolu, TANAP, "Azərbaycan-Gürcüstan-Türkiyə Enerji Körpüsü" layihələrinin nəticəsi və bunlardakı iştirak paylarına mütənasib olaraq inkişaf edir, siyasi, maliyyə-iqtisadi, sosial dividendlər əldə etməklə, regionda, beynəlxalq müstəvidə nüfuzlu tərəf müqabili qismində çıxış edir.

Hansı ki, Ermənistan bunların hamısından kənardadır.

Məlumdur ki, Azərbaycan Heydər Əliyev dövründə Ermənistana işğal etdiyi torpaqları qaytarması müqabilində “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri layihəsində iştirak təklif etmişdi. Amma Yerevanın bundan imtina etməsi nəticəsində Gürcüstan qazandı.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, adı çəkilən kəmərdən Gürcüstan hər ton üçün 1 dollar qazanmaqdadır. 2013-cü ildə BTC ilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunub ki, bu təkcə, 33 milyon dollar deməkdir. Ümumiyyətlə, 2006-cı ilin iyunundan - Ceyhandan ilk tankerin yola salındığı tarixdən ötən ilin sonunadək dünya bazarlarına BTC ilə təxminən 245,4 milyon ton xam neft çıxarılıb. Qeyd olunan hesabla Gürcüstan tərəfinin götürdüyü gəlir göz qabağındadır. Bu məbləğ Ermənistanın aşkar itkisi deməkdir.

Eyni vəziyyət “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərinə də aiddir. Bu kəmər vasitəsilə ötürülən qazın hər min kubmetrindən Gürcüstan təxminən 5 faiz gəlir götürür. Bu, birbaşa müqavilə qazancıdır. Hazırda ildə 1,5 milyard kubmetr ixrac həyata keçirilir.

Dəmiryol layihəsinə gəldikdə isə yalnız bunu qeyd etmək kifayətdir ki, Azərbaycan 2007-ci ildən etibarən həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsinin icrasına ümumilikdə 463,9 milyon ABŞ dolları (367,1 milyon manat), o cümlədən 2013-cü ildə 32,7 milyon ABŞ dolları (25,7 milyon manat) vəsait ayırıb ki, bunun bir hissəsi Gürcüstana yatırımı təşkil edir.

Ermənistan işğala son qoyaraq Azərbaycanla münasibətləri bərpa etmiş olsaydı, bu məbləğ, əlbəttə ki, sözügedən ölkəyə yatırıla bilərdi. Bu layihənin başa çatması nəticəsində Azərbaycanla Gürcüstan regionun nəqliyyat dəhlizinə çevriləcək.

Bütün bunlar bir yana qalsın, 2013-cü ildə Azərbaycan digər ölkələrin iqtisadiyyatına 1,5 milyard ABŞ dolları həcmində sərmayə yatırıb ki, bu da əvvəlki illə müqayisədə 35,6 faiz çox deməkdir. Ümumiyyətlə, son 10 ildə ölkəmizdən investisiyaların ixracı 8 milyard ABŞ dollarını keçib. Bu da onu göstərir ki, Azərbaycan investisiyalar cəlb etməklə yanaşı, investisiyaların ixracatçısı kimi də çıxış etməkdədir.

Türkiyə Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə birinci yeri tutur. Təkcə ARDNŞ-in 2018-ci ilədək Türkiyəyə 17 milyard ABŞ dolları həcmində investisiya yatıracağı gözlənilir. Gürcüstanda isə təxminən 300 Azərbaycan şirkəti fəaliyyət göstərir. Bu şirkətlər tərəfindən Gürcüstanda 10 minə yaxın iş yeri açılıb.

Ümumiyyətlə, münaqişə ilə əlaqədar Ermənistan Cənubi Qafqazın əsas iqtisadi qüvvəsi ilə əlaqələrini də itirib. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini, neft çıxarma sənayesi hesabına isə ixrac potensialının 90 faizini təşkil edir. Odur ki, bütün bu deyilənlər nöqteyi-nəzərindən Ermənistan bilavasitə Azərbaycan istiqamətindən hər il baza etibarı ilə təxminən 10 milyard dollardan çox itirir.

Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2013-cü il büdcəsi 2,3 milyard dollar təşkil edirdi ki, bu da Azərbaycanın dövlət büdcəsindən 10 dəfə azdır.

Ermənistanın itirdiyi təkcə bunlar, yəni maliyyə tərəfi deyil. Münaqişənin başladığı ötən onilliklər ərzində əhalinin Ermənistanı kütləvi şəkildə tərk etməsi həm də insan kapitalının axını deməkdir. Son 5 ildə bu ölkədə əmək ehtiyatlarının sayı 116 min nəfər azalıb. Belə ki, 2008-ci ildə əmək ehtiyatlarının sayı 2 milyon 377 min nəfər olduğu halda 2012-ci ildə 2 milyon 260 min nəfərə enib. Son 5 ildə isə əmək ehtiyatlarının həcmi 4,8 faiz azalıb.

Amma bütün bunlarla bahəm, Yerevanın “süni nəfəs” mənbələri var ki, iqtisadi itkilərdən danışarkən bunların üzərindən keçmək və yaxud onları nəzərə almamaq əsla mümkün deyil. O səbəbdən ki, Ermənistanın tam çöküşünü yubadan məhz bu amildir.

Məsələn, rəsmi olaraq Türkiyə ilə heç bir iqtisadi əlaqələrə sahib olmasa da, iki tərəf arasında müəyyən mal dövriyyəsinin mövcud olduğu sirr deyil. Həmçinin, Gürcüstandan Ermənistana üçüncü ölkələr vasitəsilə müxtəlif yollarla qeyri-leqal idxal da həqiqətdir. O ki qaldı Rusiya və İran amilinə, bu sahədə hər şey məlumdur.

Əks təqdirdə, Ermənistan çoxdan Somalini keçmişdi...

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm