Fransız mediası: "Əliyev İrəvanın varlığını şübhə altına qoyur"
Bizi izləyin

İqtisadi gündəm

Fransız mediası: "Əliyev İrəvanın varlığını şübhə altına qoyur"

Az öncə fransız nəşrlərindən birində bu ölkənin Azərbaycana silah satması barədə maraqlı məlumat keçmişdi. “Intelligence Online” bülleteni iddia eləmişdi ki, rəsmi Paris ölkəmizə orta mənzilli zenit-raket kompleksləri satmaq istədiyindədir.

Bülletendə deyilirdi ki, 2014-cü ilin mayında Bakıya səfər eləmiş Fransa prezidenti Fransua Olland orta mənzilli SAMP/T zenit-raket kompleksinin Azərbaycana satışını lobbiləşdirib. Lakin az sonra Fransanın Ermənistandakı səfiri Anri Reno İrəvanda keçirdiyi mətbuat konfransında informasiyanı təkzib elədi. “Mən həqiqətən silah satışı barədə heç nə bilmirəm. Fransanın Azərbaycana silah satdığını da eşitməmişəm. Belə bir şey yoxdur. Silah satışı haqda məlumatlar həqiqətə uyğun ola bilməz”, - deyə o, vurğulamışdı.

Səfir habelə, ölkəsinin Minsk Qrupunu üç həmsədrindən biri olduğunu xatırladaraq əlavə eləmişdi ki, Fransa problemin dinc yolla nizamlanmasının tərəfdarıdır. O, silah satışının bu prinsipə zidd olduğunu qeyd edərək, ölkəsinin həmsədr qismində münaqişə tərəflərinə silah satılmasına tərəfdar olmadığına diqqət yönəltmişdi.

Ancaq belə görünür, diplomatın söylədikləri erməni tərəfini elə də qane eləməyib. Əks halda, silah məsələsi dünyada ən böyük erməni icmalarından sayılan Fransadakı erməni lobbisinin də yuxusuna haram qatmazdı. Bunu Parisdə nəşr olunan franko-erməni dilli “Nouvelles de Amenie” jurnalının mövzuya həsr elədiyi yazıdan da görmək olar.

Burdaca vurğulayaq ki, Fransa uydurma erməni “soyqırımı” dövlət səviyyəsində tanımaqla yanaşı, bunu illərdir qanunla kriminallaşdırmağa cəhd göstərən (söhbət inkara görə cərimə və ya həbs cəzasının kəsilməsindən gedir) yeganə dövlətdir. Bu da bədxah millətin təmsilçilərinin Fransanın daxili-xarici siyasətinə təsir imkanlarını göstərir...

Beləliklə, musavat.com nəşrin baş redaktoru Ara Toranyanın Parisin Bakıya silah satması ilə bağlı yayılan məsələlərə dair şərhini diqqətə çatdırır. Toranyan yazır:

“Fransa Azərbaycana silah satırmı? Redaksiyamıza bir neçə gün öncə daxil olmuş bəzi həyəcanlı siqnallar bunu təsdiq edir. Hərçənd, Fransanın silah-sursat satması haqda informasiya əldə eləmək həddən artıq çətindir, çünki bu, iqtisadiyyatın heç də ən şəffaf sektoru deyil. Bununla belə, “Intelligence Online” öz nəşrində qeyd edib ki, Fransa prezidenti Fransua Olland bu il mayında Azərbaycana etdiyi səfəri gedişində “Thales” və “MBDA” şirkətlərini özündə birləşdirən “Eurosam” konsorsiumunun zenit-raket kompleksini Bakının alması üçün əlindən gələni əsirgəməyib. O, Azərbaycan prezidenti İlham Əliyevdən güclü şəkildə xahiş edib ki, Bakı Xəzərdəki neft yataqlarının mühafizəsini təşkil eləməkdən ötrü konsorsiumun təklif elədiyi hava hücumundan müdafiə sistemlərini əldə eləsin.

Əgər informasiya təsdiqlənərsə, bu, yalnız güclü məyusluq yarada bilər. Ən azı iki səbəbdən: birinci ona görə ki, Fransa Dağlıq Qarabağda sülh prosesinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Demək, sual ortaya çıxır ki, bir yandan silahları susdurmaqla məşğul olub, başqa yandan onun yayılmasında iştirak etmək nə dərəcədə mümkündür? Üstəlik, təkcə hərbi büdcəsi Ermənistanın ümumi büdcəsini üstələyən Bakının hərbi hədələri sürətli silahlanma ilə müşayiət olunur.

Bundan əlavə, “soyqırıma” münasibətdə aparılan işlərin hansı dəyəri olacaq əgər o işlər yeni “soyqırım” risklərinin önlənməsi üçün preventiv tədbirlərin görülməsi ilə paralel aparılmırsa? Axı, İlham Əliyevin müntəzəm şəkildə istifadə elədiyi ermənilərə qarşı nifrət ritorikası bu gün Ermənistan dövlətinin legitimliyini birbaşa şübhə altına qoyur, nədən ki, Əliyev Ermənistanın Azərbaycan torpaqlarında təşəkkül tapdığını iddia edir. Odur ki, ən betəri gözləmək lazım gəlir.

Fransanın regiona cəlb olunması nəzərə alınarsa, minimum nəyi gözləmək olar? Əlbəttə ki, onun mövqeyində açıqlıq və şəffaflığı - ələlxüsus da belə bir həssas sfera olan silah ticarəti məsələsində. Və xüsusən də söhbət davranışı bu anlamda ehtiyatlı olmalı olan bir dövlətdən gedirsə”.

***

Göründüyü kimi, əslində yazıda Azərbaycan-Fransa hərbi əməkdaşlığının mövcudluğu inkar edilmir. Söz yox ki, erməni lobbisinin narahatlığı dünyanın ən ermənimeyilli dövləti sayılan Fransanın getdikcə müxtəlif əməkdaşlıq formaları vasitəsilə Azərbaycana bağlana bilməsi perspektivi sarıdandır. Aydın məsələdir ki, bu yaxınlaşma gələcəkdə erməni icmasının rəsmi Parisin mövqeyinə təsir imkanlarını və rıçaqlarını azalda, uydurma soyqırımla bağlı yeni planların gerçəkləşməsini bir az da qəlizə sala, Qarabağ məsələsində Fransanın mövqeyini daha ədalətli edə bilər.

Ancaq ermənilər unudur ki, Azərbaycan BMT tərəfindən tanınan əraziləri təcavüzə məruz qalan ölkədir və 21 ildir nəticə verməyən sülh prosesi fonunda onun hər vasitə ilə öz hərbi qüdrətini artırmaq istəməsi təbiidir. Belə bir haqqı ölkəmizə ən azından BMT Təhlükəsiz Şurasının Dağlıq Qarabağ dair 4 məlum qətnaməsi, habelə Avropa Şurasının, Avroparlamentin, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı birmənalı şəkildə təcavüzkar elan edən qərarları verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm