XİN: "Bütün məsuliyyət rəsmi Yerevanın üzərinə düşür"
Bizi izləyin

İqtisadi gündəm

XİN: "Bütün məsuliyyət rəsmi Yerevanın üzərinə düşür"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri ilə bağlı bəyanat yayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bəyanatda işğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etdikləri qeyd olunub. Bildirilib ki, Ermənistanın silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çoxlu sayda insan tələfatına səbəb olub. Yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi Yerevanın üzərinə düşür.

Bəyanatda qeyd olunub ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid sülh planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində olmasıdır. Buna görə ilk növbədə, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, bir o qədər də tez zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarımızın ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm