Cəbhədə hamı səbirsizliklə gözləyir - Son dəqiqə
Bizi izləyin

İqtisadi gündəm

Cəbhədə hamı səbirsizliklə gözləyir - Son dəqiqə

Saat gecə 11 olan kimi atmağa başlayırlar. 20 ildir ki, Şükürabaddan (Ağdamın işğaldakı kəndi) çıxmışıq, hələ belə atışma görməmişik. Axşam düşən kimi işıqlarımızı söndürürük. Bir balaca işıq olan kimi vururlar. Bu dəfə isə görmədiyimiz silahlardan atırlar. Birinci atdığı silahlar havanı işıqlandırır, ondan sonra iri çaplı pulemyotlardan atmağa başlayırlar. Bu dəfə atdıqları pulemyotlar çox yaxına gəlib. Bu gecə öz gözünüzlə görəcəksiniz”.

Bunu bizə Ağdam rayonunun Təzəkənd kəndində cəbhəyə ən yaxın evin sakini Qubad Səfərov deyir. Atışmanı özümüz müşahidə etmək üçün sərhəddəki evlərin qonağıyıq. Ev sahibi deyir ki, sərhəd kəndlərinin boşaldılması barədə xəbərlər hamısı uydurmadır:

“Amma özünüz də görürsüz, gənc qızları burda saxlamırıq, Xocalı faciəsini yaşamış adamlarıq, ölüm haqdı, ona söz yox, ancaq namus ağrısını bir daha yaşamarıq, inşallah!”

Atışma olanda ailə səngərdə gizlənir

Qubad Səfərovun evinə dünən gecə ciddi ziyan dəyib. Güllənin dəydiyi yerlərin sayı bir deyil, beş deyil. 5.45 və 7.62 mm çapında olan güllələrdən başqa, iri çaplı mərmi yerlərini müşahidə edirik.

Deyir ki, atışma başlayan kimi səngərə giririk:

“Allah əsgərlərimizdən razı olsun. Onların tikdiyi bu səngər (kənarları beton daşla bağlanıb) olmasa, heç bilmirəm dünən necə edərdik”.

Ağdamlılar “qonağı” gözləyir

Gecə yaxınlaşır, cəbhə xəttinə yaxın olan digər evlərə də baş çəkmək keçir ürəyimizdən.

Ramiz Quliyevin, Vaqif Məmmədovun qonağı oluruq.

Hamısının bir sözü var: evimiz düşmənlə bir addımlıqda da olsaydı, yenə narahat olmazdıq: “İndi əvvəlki zaman deyil, əsgərimiz var artıq!”

Hamı bir-iki saatdan sonra gələcək “qonağı” gözləyir – artıq vərdişə çevrilib. Gələn çağırılmamış “qonaq” yenə hasarlarda, evin çardağında “yuva” açıb gedəcək.

Biz də səbirsizliklə gözləməkdəyik…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm