Kreml Qarabağda müharibə istəyirmi?
Bizi izləyin

İqtisadi gündəm

Kreml Qarabağda müharibə istəyirmi?

Rusiyalı politoloqların mövqeyi təxminən eynidir: “Moskva bu dəqiqə yeni müharibə ovqatında deyil”; Ermənistanda isə Rusiyaya sanksiyalardan yana ciddi xof yaşanır...

Cəbhə xəttindəki çoxsaylı canlı itkilərə gətirən insidentlərlə bağlı müxtəlif rəylər var. Hər iki tərəfdən ölüm halları ilə müşahidə olunan bu olayları birbaşa Rusiyanın ermənilərin əli ilə törətdiyi təxribat olduğunu söyləyənlər də var, fərqli və diametral mövqedə olanlar da.Məsələn, azərbaycanlı politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə insidenti bilavasitə Rusiyaya bağlayaraq, bunu Kremlin Bakıya mesajı və ya xəbərdarlığı kimi qiymətləndirib. Onun fikrincə, Moskva bununla anons vermək istəyir ki, Azərbaycan Avrasiya layihələri ilə bağlı Rusiyanın dediyini eləməsə, Qarabağ cəbhəsində ciddi problemlərlə üzləşə bilər. Politoloq qənaətini möhkəmlətmək Qarabağ ixtilafı tarixində analoji nümunələri misal gətirib.

Şübhə yox ki, Rusiya amili həmişə həm Azərbaycan, həm də Qərb dövlətləri, ilk növbədə də ABŞ ciddiyə alır. Ukrayna olayları fonunda bu amil indi xüsusilə diqqət mərkəzində saxlanılır. Çünki bəzi versiyalara görə, Ukraynada zərbə alan Moskva bunun əvəzini, revanşı Güney Qafqazda götürməyə çalışacaq. Heç şübhəsiz, bu səbəbdən ABŞ Konqresin “Rusiya təcavüzünün qarşısının alınması haqda akt” adlı qanun layihəsi təklif edilib. Artıq ikinci oxunuşdan keçən sənəd Gürcüstan, Ukrayna və Moldovaya “ABŞ-ın tərəfdaşları” statusu, bir sıra ölkələrə, o cümlədən Azərbaycana isə hərbi köməyi nəzərdə tutur. Maraqlıdır ki, işğalçı Ermənistana belə dəstək nəzərdə tutulmayıb.

Bu isə ən azı, o deməkdir ki, Vaşinqton İrəvanın Kremlin hərbi müttəfiqi olmasından yumşaq desək, məmnun deyil, bu müttəfiqliyin pozulmasını istəyir və Ermənistanın Moskvanın əlində alət ola biləcəyini ciddiyə alaraq kontur-tədbirlər barədə düşünür. Yəni söhbət təbii ki, yeni Qarabağ müharibəsinin qızışdırılması ehtimalından gedir. ABŞ Dövlət Departamentinin cəbhə xəttində kəskinləşən son durumla bağlı narahatlıq doğuran bəyanatı şübhəsiz, həm də bu reallığın dərkindən doğur.

***

Lakin rusiyalı ekspert Pavel Felqenqauer isə fərqli düşünür. Ermənistanda nəşr olunan “Aykakkan Jamanak” qəzetinə müsahibəsində o bildirib ki, Azərbaycan-erməni sərhədində situasiya indi daha təhlükəli xarakter alıb, çünki Ukraynadakı proseslərlə bağlı Rusiyanın başı öz problemlərinə o qədər qarışıb ki, “onun Ermənistanla məşğul olmağa vaxtı yoxdur”. Yəni Ermənistan Kremlin yadından çıxıb.

Sitat: “Bu gün Rusiya öz qüvvələrini, diqqətini Donbasda və Krımda toplayıb və hazırda onun Qafqaz prosesləri üçün güc və imkanları yoxdur. Başqa yandan, erməni-Azərbaycan sərhədində həmişə belə atışmalar olub. Ümid edək ki, hər şey qaydasına düşəcək”.

Kremlin Azərbaycanı silahlandırmasına gəlincə, politoloq deyib ki, “Rusiya həmişə vuruşan ölkələrə silah satıb”: “Bəli, Azərbaycanın pulu var. Başqa yandan, strateji nöqteyi-nəzərdən Moskva Azərbaycan və Ermənistanı ona görə silahlandırır ki, biz hər iki tərəfə təsirimizin olmasını istəyirik. Bizim üçün ayrıca Ermənistan yox, Azərbaycan da daxil, bütün Qafqaz maraq kəsb edir. Strateji planda Azərbaycan Rusiya üçün Ermənistandan daha vacib ölkədir”.

***

Zatən, bu önəm özünü Avrasiya Birliyi məsələsində Kremlin Azərbaycan quruma üzv olanadək Ermənistanı qapı arxasında saxlamasında göstərməkdədir. Çünki Ukrayna Şərqi Avropanın geosiyasi taleyində hansı önəmi daşıyırsa, analoji əhəmiyyəti Azərbaycan Güney Qafqazın taleyində özündə ehtiva edir. Bu xüsusda Azərbaycanı öz layihələrinə qoşmaq üçün məntiqlə rəsmi Moskvanın Bakıya qarşı istənilən avantürasına hazır olmaq gərəkir.

Xüsusən də Ukrayna uğursuzluğundan sonra Rusiya ilə daha ehtiyatlı olmağa əsaslar artıb. Qərbin aydan-aya güclənən maliyyə-iqtisadi sanksiyalarının təsirini öz üzərində getdikcə daha qabarıq hiss edən qəzəbli Rusiya rəhbərliyinin qeyri-standart qərarlar verməsi heç də illüziya sayılmamalıdır.

Vəziyyəti ağırlaşan Rusiya isə özü ilə bərabər işğalçı Ermənistanı da quyunun dibinə dartıb aparmaqdadır. Bəllidir ki, Qərbin sanksiyalar siyahısına Rusiyanın neft, müdafiə sahələri, ikili təyinatlı və həssas texnologiyalı mallar, həmçinin Ermənistan bazarında inhisarçı mövqe tutan şirkətlər - “Qazprombank”, “BTB-bank” (Ermənistandakı törəmələri - “BTB-Ermənistan” və “Areksimbank”), “Rosneft” var. Deməli, sanksiyalar nəticəsində işğalçı ölkənin iqtisadiyyatı birbaşa, Rusiya iqtisadiyyatında böhrana görə isə dolaysıyla zərər görəcək.

Xatırladaq ki, artıq ABŞ-ın Ermənistandakı səfirliyi Ermənistan vətəndaşlarını - hökuməti və iş adamlarını sanksiyalar altına düşən Rusiya kampaniyaları ilə əməkdaşlığın yaradacağı risklərlə bağlı xəbərdarlıq edib. Gözlənildiyi kimi, bu da Ermənistanın ictimai-siyasi və ekspert çevrələrində ciddi narahatlıq doğurub.

***

Məsələn, İrəvandakı Siyasi və Beynəlxalq Təhqiqatlar Mərkəzinin direktoru Aqasi Enokyanın sözlərinə görə, belə vəziyyətdə Ermənistanın sanksiyaları izləməkdən savayı yolu qalmır. İrana münasibətdə sanksiyalar zamanı Qərb tərəfindən Ermənistana tanınan bəzi güzəştləri müqayisə edən və hazırkı şərtlərdə eyni ssenarinin təkrarlana biləcəyini təxmin edən erməni ekspert bildirib: “Problem ondadır ki, İranla bağlı sanksiyalarda bu istisnalar Ermənistan üçün dəqiq göstərilməmişdi. Yəni sanksiyaları müəyyənləşdirənlər Ermənistanın bəzi işlərinə, iki ölkə arasında ortaq işlərə göz yumurdular. İndi isə rəsmi İrəvan dəqiq, birbaşa surətdə xəbərdar edilib. Ermənistan bu sanksiyaları gözləmək, sanksiyalar rejiminin hüdudlarında qalmaq zorundadır. Çünki bu dəfə yüzdə yüz ABŞ-ın timsalında Qərb İrandan fərqli olaraq bizim Rusiya ilə əməkdaşlığımız göz yummayacaq”.

Ekspert Rusiyanın belə vəziyyətdə öz müttəfiqi Ermənistanın iqtisadi-maliyyə problemlərinə həssaslıqla yanaşacağını düşünmür: “Mən hesab eləmirəm ki, Ermənistan iqtisadiyyatının ağır durumunu nəzərə alan Moskva İrəvana öz iqtisadiyyatını diversifikasiya eləməyə imkan versin. Yəni Ermənistanın özünə başqa tərəfdaşlar axtarmasına Moskvanın loyal yanaşacağı inandırıcı deyil. Gündən-günə quyunu dibinə gedən Rusiya özü ilə bərabər Ermənistanı da dartıb aparacaq”.

Erməni politoloqa görə, vəziyyətdən çıxmaq üçün Ermənistanın hansısa xırda çıxış imkanları ola bilər. ancaq bunlar situasiyaya birbaşa yox, dolayısıyla təsir edəcək: “Bununla belə, mən əminəm ki, nə Rusiya, nə də ABŞ Ermənistana anlayışla yanaşmayacaq. Ona görə ki, Ermənistan ona istisnalar edilməsi üçün heç bir əsas verməyib. İrəvan özünün xarici siyasət kursundakı seçimi səbəbindən sadəcə olaraq, Birləşmiş Ştatlar üçün etibarlı tərəfdaş hesab edilmir. Rusiya isə elə vəziyyətdədir ki, öz ağır iqtisadi vəziyyətini yumşaltmaqdan ötrü haradan gəldi iqtisadi yardımları yüz faiz götürəcək”.

***

Təbii ki, iqtisadiyyatı ağır durumda olan və yeni-yeni sanksiyalarla üzləşən ölkənin yeni müharibədə maraqlı olması inandırıcı deyil. Hər halda, sağlam məntiq bunu diktə edir. Rusiyalı tanınmış hərbi ekspert Aleksandr Perinceyev də bu qənaəti dolayısıyla təsdiq edir.

Onun fikrincə, kimə sərf eləsə də bu gün Rusiyaya Azərbaycanla Ermənistan arasında yeni müharibə əsla lazım deyil (vesti.az): “Nəinki lazım deyil, həm də həddən artıq ziyanlıdır. Rusiya rəhbərliyi onsuz da milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı çoxsaylı problemləri, o cümlədən Ukraynadan olan qaçqınların problemlərini həll eləməli olur. Tam əksinə, Azərbaycanla Ermənistan arasında konflikt Rusiyanın milli təhlükəsizliyini çox böyük zərbə vurur. Başqa sözlə, kimsə Bakı və İrəvanı bir-birinə qarşı qızışdırırsa da, bu, yüz faiz Moskva deyil. Yeri gəlmişkən, necə ki, ukraynalılarla rusiyalıların arasını vurdular, son vaxtlar Rusiya və Azərbaycan xalqları arasına da nifaq salmağa cəhdlər hiss edilir. Ermənistan isə Azərbaycana qarşı müharibəyə başlaya bilməz, ona görə ki, birincisi, nə Moskva, nə də beynəlxalq hüququn başqa subyekti rəsmi İrəvana icazə verməz, ikincisi isə Ermənistanın özü də müharibədə yox, nəzarət elədiyi əraziləri qorumaqda maraqlıdır”.

***

“Postsovet imperiyasının bərpa edilməsi layihələrində Putin məhz Güney Qafqazı nəzərdə tuturdu, çünki o, çox mühüm geosiyasi zona sayılır, ikinci yandan isə burada vacib energetik layihələr var”. Bunu isə Moskvadakı Ekstremal Jurnalistika Mərkəzinin yaradıcısı, tanınmış politoloq Oleq Panfilov Kremlin regiondakı maraqlarını və mümkün müharibə ehtimallarını şərh edərkən bildirib.

“Putin Cənubi Qafqazda nəsə edəcəkmi? Bu, artıq Ukrayna ordusunun uğurlarından və tətbiq ediləcək sərt sanksiyalardan asılı olacaq. Hər iki amil Kreml rəhbərinin başqa bir yerdə müharibə başlamaq həvəsini öldürə bilər. Üçüncü tərəfdən, informasiya var ki, yaxın gələcəkdə Azərbaycan və Gürcüstan artıq rəsmi şəkildə ABŞ və NATO-nun tərəfdaşları olacaq. Bu məsələdə problem hələ də Rusiyanın tərəfdaşı olan Ermənistandır. Ermənistan qibtə ediləsi durumda deyil”, - deyə ekspert vurğulayıb.

Qarabağ münaqişəsi də daxil, postsovet məkanındakı bütün konfliktlərin təşəbbüskarının Moskva olduğunu xatırladan ekspert hesab edir ki, bu problemlərin nizamlanması da xeyli dərəcədə Rusiyadan asılıdır: “Aydındır ki, Qarabağ ixtilafının həll edilməməsində məhz Rusiya maraqlıdır. Bu maneə götürülən kimi Qafqaz ötən minilliklərdəki kimi yaşayacaq və mövcud olacaq”.

/musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm