• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Soçi görüşü 7 rayonun qaytarılmasını aktivləşdirəcək

Soçi görüşü 7 rayonun qaytarılmasını aktivləşdirəcək

“Soçi görüşü Moskvanın meydançasında keçirilsə belə, onlar Bakıdan asılı vəziyyətdədirlər”.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəliyev Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edərkən deyib.

O, Soçi görüşünün İrəvanın istəyi ilə həyata keçirildiyini bildirib:

“Soçi görüşü fövqəladə çağırılmış bir tədbirdir. Onun keçirilməsini məhz İrəvan istəyib. Onlar Rusiyadan bu barədə xahiş ediblər. Çünki onların itkiləri çoxdur və üstəlik vəziyyət də gərgindir. Rusiya diplomatiyasının nümayəndələrindən öncə bu görüşlə bağlı ilk açıqlamanı Ermənistanın Baş naziri verib. Əlbəttə, bu haqda məlumat veriləndə Moskva Bakı ilə müəyyən konsultasiyalar aparırdı. Deməli, bu görüşün əsas məqsədi müharibəni dayandırmaqdan və atəşkəs rejimini yenidən bərpa etməkdən ibarətdir. Buna təzyiq kimi baxmaq olmaz, çünki Rusiya ilə Azərbaycanın münasibətləri elə səviyyədədir ki, Bakıya təzyiq etmək olmaz. Əksinə, Ermənistan Moskvaya yalvarır ki, atəşkəs bərpa olunsun. Burada üstün tərəf Azərbaycandır. Çünki bu görüşdə artıq Əliyev diktə edə biləcək ki, hansı şərtlərlə atəşkəs rejimi bərpa edilsin”.

Politoloq məhz ermənilərin sayəsində Olland planının məhv olduğunu deyib:

“Hazırda rus qoşunlarının buraya yeridilməsi mümkün deyil. Çünki burada Amerika və digərlərinin də maraqları var. Bu proses sırf ATƏT çərçivəsində gedən bir şeydir. Verilən açıqlamaların hər biri də spekuliyativ xarakter daşıyır. Beləliklə, vəziyyəti qarışdırmaq istəyirlər. Bundan öncə Azərbaycan və Ermənistan prezidentlərinin müəyyən görüşləri nəzərdə tutulurdu. Bundan başqa isə Ollandın planı da var idi. Amma atəşkəsin pozulması ilə həmin görüş planı da tamamilə dağıdıldı. Ermənilərin sayəsində yenidən proses Rusiyanın meydanına keçdi. Görüş Moskvanın meydançasında keçirilsə belə, onlar Bakıdan asılı vəziyyətdədirlər”.

İ.Vəliyev Moskvanın Bakı ilə təzyiq dilində danışmaq imkanının artıq məhdudlaşdığını söyləyib:

“Rusiya Azərbaycandan tələb edəcək ki, bu müharibə dayansın. Azərbaycan isə yalnız Ermənistanın öz mövqeyindən çəkilərək Madrid prinsiplərinə uyğun olaraq yol xəritəsinin qəbul edilməsi halında dayandıracağını bildirəcək. Yəni Ermənistan status-kvonun saxlanılması məsələsindən əl çəksin. Ən azından yeddi rayon qaytarılması məsələsi aktivləşəcək. Bu, əslində qeyri-real görsənə bilər. Amma indiki şəraitdə belə deyil. Çünki biz onların cəbhə xəttində hərbi infrastrukturunu məhv etmişik və ona görə də indi bu tələblərlə çıxış edə bilərik. Hətta vəziyyət o həddə çatıb ki, Azərbaycan qoşunları öz yürüşünü davam etdirə bilərlər. Bu da mesajdır ki, bunu davam etdirmirik, amma o şərtlə ki, siz buna əməl edin. Ermənistan Rusiya yalvarır ki, Bakıya təzyiq göstərsin. Hazırda Moskva elə vəziyyətdədir, açıq təzyiqlərdən söhbət gedə bilməz. İndiyə qədər məsələyə qarışmayıb. Amma qarışa da bilərdi. Moskva indi Bakıyla, loru dildə desək, “pişim-pişim”lə danışmağa çalışır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR