Şəhid əsgərin medalı ailəsinə təqdim edildi
Bizi izləyin

İqtisadi gündəm

Şəhid əsgərin medalı ailəsinə təqdim edildi

Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunan şəhid, 19 yaşlı əsgər Anar Qarazadənin medalı bu gün ailə üzvlərinə təqdim edilib.

Publika.az-ın məlumatına görə, Biləsuvar rayonunun Nərimankənd kəndində keçirilən mərasimdə şəhidin doğmaları ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, Müdafiə Nazirliyinin rəsmiləri, əlaqədar qurumların səlahiyyətli şəxsləri iştirak ediblər.

Üç ay öncə hərbi xidmətə çağırılan, cəbhənin Ağdam bölgəsində şəhid olan Anar Qarazadənin şərəfli ölümündən söz açan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Sədaqət Qəhrəmanova və digərləri torpaq uğrunda şəhid olmağı ən ali zirvə hesab etdiklərini, şəhidlərin daim xatırlanacağını deyiblər. Bildirilib ki, Nərimankəndin 3 şəhid verməsi ağrılı olduğu qədər də şərəf gətiricidir, vətənə məhəbbətin ali təzahürüdür.

Şəhid anası Şəfəqqət Qarazadə vətən təəssübkeşliyinin oğul itkisindən üstün olduğunu dilə gətirib.

Qeyd edək ki, 19 yaşlı əsgər Anar Vidadi oğlu Qarazadə iyulun 31-dən avqustun 1-nə keçən gecə düşmən hücumunu dəf edərkən yaralanıb. O, üç gün sonra hərbi hospitalda dünyasını dəyişib. A. Qarazadə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm