Azərbaycan diasporu erməni təcavüzü ilə bağlı bəyanat yaydı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan diasporu erməni təcavüzü ilə bağlı bəyanat yaydı

Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla təmas xəttində törədilən təxribatçı cəhdlərin qarşısının alınması və təcavüzkar dövlətin layiqli cəzalandırılmasını tələb edən bəyanatlar qəbul edərək fəaliyyət göstərdiklərin ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Benilüks Azərbaycanlıları Konqresi Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təxribatların qarşısının alınması və təcavüzkarın cəzalandırılması üçün beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat yayıb. Bəyanatda deyilir: "Benilüks Azərbaycanlıları Konqresi Niderlandda yaşayan soydaşlarımız adından son günlər Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirir və dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırır".

Azərbaycan Federasiyası İsveç də son günlərdə cəbhədə baş verən hadisələrlə əlaqədar olaraq İsveçin Xarici İşlər Nazirliyinə ünvanlanan bəyanat qəbul edib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə yönələn cəhdlərindən dərin narahatlıq bildirilib.

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya Prezidentinin Administrasiyasına, Baş nazir, Rumıniya Senatının prezidenti, Deputatlar Palatasının sədri, Avropa Komissiyası və BMT-nin Rumıniyadakı nümayəndəliyinə və ölkədəki nüfuzlu mətbuat orqanlarına açıq məktubla müraciət edib.

Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur. Müraciətin sonunda təcavüzkar Ermənistana qarşı təzyiqlərin artırılmasına çağırış edilir.

Niderlandın Assen şəhərində fəaliyyət göstərən "Odlar Yurdu" Cəmiyyəti Avropa Ombudsmanına və Avropa Parlamentinə məktubla müraciət edərək, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın 13 hərbçisi şəhid olmasına etirazını bildirib və işğalçı Ermənistanın diversiya əməliyyatlarına biganə qalmamağa çağırıb.

Sonda isə bir milyona yaxın Azərbaycan vətəndaşının hələ də qaçqın və məcburi köçkün həyatı yaşadığı xatırladılaraq, Avropa Ombudsmanı və Parlamentindən təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsi xahiş edilib.

Almaniyanın Saksen-Anhalt əyaləti üzrə Alman - Azərbaycan Mədəniyyət Cəmiyyəti son günlərdə cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar Almaniya Parlamentinin Vətəndaşların Şikayətləri üzrə Komitəsi, Xarici İşlər Komitəsi, Avropa Birliyi məsələləri üzrə Komitə və İnsan Haqları üzrə Komitəsinə, ATƏT-in baş ofisinə, Avropa Şurasının mətbuat xidmətinə, BMT-nin Almaniyadakı daimi nümayəndəliyinə, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Baş İdarəsinə və Almaniyanın Saksen-Anhalt əyalət məhkəməsinə müraciət edib.

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti Danimarka parlamentinə müraciət edərək, Azərbaycanın işğal olunmuş ərazilərindəki cari vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.
Məktub Danimarka Parlamentinin spikeri Mogens Lykketofta, Danimarka Parlamentinin Xarici Siyasət Komitəsinin sədri xanım Mette Gjerskova və Danimarka Parlamentinin üzvlərinə ünvanlanıb. Məktubda Azərbaycan dövlətinin hər zaman regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş siyasət yürütdüyü xatırladılır və dünya birliyindən Ermənistanın son addımları ilə bağlı konkret, obyektiv qiymət verilməsi tələb olunur.

Qeyd edək ki, Danimarka Parlamentinin Xarici Siyasət Komitəsinin sədri xanım Mette Gjerskova "Vətən" Cəmiyyətinə ünvanladığı cavab məktubunda müraciətlə tanış olduğunu və təqdim olunan məlumatlardan parlamentdəki fəaliyyətində istifadə edəcəyini bildirib.

Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti də son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Avstraliya hakimiyyət orqanlarına, ölkədəki tanınmış kütləvi informasiya vasitələrinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət edib. Müraciətdə beynəlxalq ictimaiyyətə regionda sabitliyin və sülh danışıqları prosesinə inamın qorunub saxlanılması naminə, separatizmin bütün hallarına eyni yanaşma göstərilməsi, bütün növ qanunsuz işğal faktlarının pislənməsi, münaqişənin alovlanmaması üçün Ermənistan hökumətinə təzyiqlərin artırılması və müvafiq sanksiyalar tətbiq edilməsi tələb edilib.

Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyi İdarə Heyəti üzvləri və Ağsaqqallar Şurasının ümumi yığıncağında "Azəri" İctimai Birliyi Qırğızıstanda yaşayan azərbaycanlılar adından beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat ünvanlayıblar. Birliyinin bəyanatında vurğulanır ki, Ermənistanın BMT Təhlükəsizlik Şuasının müvafiq qətnamələrinə əməl etməməsi və bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq təşkilatlar tərəfindən ciddi sanksiyaların tətbiq edilməsinin vacib olduğunu göstərir. "Biz Beynəlxalq təşkilatları regionda sülhün və sabitliyin bərpa olunmasında təsiredici addımlar atmağa çağırırıq" - deyə bəyanatda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm