Moskva pat vəziyyətində (FOTO)
Bizi izləyin

İqtisadi gündəm

Moskva pat vəziyyətində (FOTO)

Cənubi Qafqaz ölkələrinin Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinə qəbul edilməsi Dağlıq Qarabağ probleminin həll edilməsilə nəticələnəcək”.

ANS PRESS-in məlumatına görə, rəsmi Moskva, Bakı və Ankarada bir çox analitiklər belə hesab edir.

SSRİ-ni dağıdan Zbiqnev Bzejinskinin çalışdığı “Jamestown Fondu” öz saytında Dağlıq Qarabağ münaqişəsindən və Putinin yaratdığı Avrasiya İqtisadi Birliyinin gələcək taleyi haqqında məqalə dərc edib.

Məqalədə Rusiya ekspertləri ilə yanaşı, Azərbaycandan olan araşdırmaçı Adıgözəl Məmmədovun da fikirləri yer alıb.



“Rusiyalı ekspert: Avrasiya İqtisadi Birliyi Ermənistanın işğal etdiyi torpaqlarla birgə yaşaya bilər” adlı məqalə rusiyalı ekspertlərin fikirlərilə başlayır: “Ermənistanın bu Birliyə daxil edilməsi Dağlıq Qarabağın hazırkı status-kvo vəziyyətini dəyişməyəcək, əksinə yeni yaradılan Birlik Ermənistanla “Dağlıq Qarabağ”ın iqtisadi təhlükəsizliyini qoruya biləcək və bu da region dövlətlərinə öz müsbət təsirini göstərəcək.

Rusiya Elmlər Akademiyasının şərqşünaslıq institutunun Cənubi Qafqaz regionu üçün təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Arkadi Areşev qeyd edir ki, digər versiyalar üzərində düşünənlər reallıqdan kənarda qalıblar. Ancaq bunun əksini düşünənlər də az deyil. Misal üçün, rejissor Vladimir Lepexin, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və Qazaxısan prezidenti Nursultan Nazarbayev vurğulayır ki, Ermənistan özünün hazırkı “siyasi durumu” ilə Avrasiya İqtisadi Birliyin üzvü ola bilməz.

Areşev öz açıqlamasında xatırladır ki, Lepexin əvvəlcə bəyan etmişdi ki, Azərbaycan Ermənistanın eyni anda bu Birliyə daxil edilməsi Birliyin inteqrasiya səviyyəsini qaldıra və bu ölkələr arasında hökm sürən düşmənçilik ruhunu yumşalda bilər.

Rusiyalı nazir Ulyukayev də Bakıda səfərdə olan zaman demişdi ki, hər iki tərəfin Avrasiya İqtisadi Birliyinə qəbulu Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər. Belə bir optimist ideya ilə Nazarbayev də çıxış etmişdi. “Ancaq Azərbaycan Ermənistandan fərqli olaraq bu Birliyə üzv olmaq üçün heç bir addım atmayıb”, - deyə Areşev əlavə edib. Onun fikrincə, əgər rəsmi Bakı Moskvaya tərəf addım atmasa, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün heç bir addım atmayacaq.

Azərbaycanlı ekspert Adıgözəl Məmmədov isə vurğulayır ki, Areşev dolayısı yolla, Azərbaycanı qorxutmağa yönələn gizli mesaj göndərib. “Əslində Moskva digər ehtiyat planı üzərində də işləyə bilər. Çünki Kremldə hər kəs anlayır ki, Azərbaycan onlar üçün Ermənistandan fərqli olaraq önəmli bir ölkədir. Və bu da nəticədə Bakının gələcəkdə Rusiyanın böyük iqtisadi layihələrinə qoşulma ehtimalını artırar. Moskva təkcə bu layihələrdə, eləcə də Avrasiya İqtisadi Birliyində Türkiyəni də görmək istəyər. Ancaq hər kəs anlayır ki, rəsmi Ankara Dağlıq Qarabağ problemi həll edilməyənədək İrəvanla nə siyasi, nə də iqtisadi Birliyə daxil olar. Moskva bunu gözəl anladığından yəqin özünün ehtiyat variantına əl atacaq”, - deyə araşdırmaçı bildirib.


Adıgözəl Məmmədov

Adıgözəl Məmmədov hesab edir ki, Rusiya ilə Türkiyə bir vaxtlar böyük imperiyalara sahib olduqlarından hər addımlarını ölçüb biçməlidirlər, çünki hər iki ölkədə çoxsaylı millətlərin nümayəndələri yaşadığından etnik milliyətçilik onların siyası düzəmini dəyişə bilər. “Heç kəsə sirr deyil ki, hər iki ölkənin regionda böyük maraqları var və elə bu maraqlar da Türkiyə ilə Rusiyanı bütün aspektlərdə birləşdirə və böyük güc mərkəzinə çevirə bilər. Türkiyə sön dövrlər milliyətçiyin nə qədər qüsurlu olduğunu anladığından ölkə konstitusiyasına söykənən yeni dövlət ideologiyası hazırladı və bu da özünün müsbət nəticəsini göstərdi. Rusiya da Putinin 3-cü prezidentlik dövründən başlayaraq ölkə daxilində baş qaldıra biləcək millətlərarası yeni qarşıdurmaların qarşısını vaxtında almağı bacardı və nəticədə Rusiyanın böyük interaqsiya layihələrinə digər dövlətlər də qoşuldu. Kremldə də çox gözəl anlayırlar ki, Avrasiya ideyasının kökündə slavyan-türk birliyi dayanır”, - deyə azərbaycanlı ekspert əlavə edib.

Rusiyalı analitiklər isə Moskvanın daha çox şey istədiyini gizlətmir: “Rusiya Azərbaycan üzərində qələbə çalmaq və onu Avrasiya İqtisadi Birliyinin inteqrasiya layihələrinə qoşmaq fikrindədir. Moskva Azərbaycanla yanaşı İranın neft və qaz sənayesinə də “şərik olmaq” düşüncəsilə yaşayır. Bütün bu ideyaların həyata keçməsindən ötrü isə Kreml Dağlıq Qarabağ münaqişəsini həll etməlidir, əks halda nə Bakının, nə Ankaranın könlünü ala bilər”.

Deməli, belə çıxır ki, hazırkı durumda Rusiya pat vəziyyətinə düşüb. O, nə Azərbaycanı, nə də Ermənistanı itirmək istəyir. Rusiya hər iki dövlətin və Nazarbayevin "qılığına" girmək üçün isə Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Əks halda ona qalan yetim, ac-yalavac Ermənistan qalacaq. Azərbaycan isə günü-gündən güclənərək öz ordusunun gücü ilə torpağını geri alacaq. Rusiya isə çox böyük ehtimalla, buna göz yumacaq, çünki o göz yummağın sonucunda Azərbaycanı da Avrasiya İqtisadi Birliyində görmək istəyəcək.

Qeyd edək ki, bu məqalənin çap edildiyi “Jamestown Fondu” 1984-cü ildə yaradılıb və məqsədi qeyri-hökumət təşkilatlarınınadı ilə dünya ölkələrinin siyasi durumunu araşdırmaqdır. Qlen Hovardın rəhbərlik etdiyi bu Fondda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bzejinski və Mərkəzi Kəşfiyyat İdarəsinin eks başçısı Ceyms Vulsi də çalışır.

Onu da bildirək ki, 1976-cı ildə ABŞ prezidenti seçilən C. Karterin dövründə Bjezinski milli təhlükəsizlik məsələləri üzrə köməkçi postuna (1977-1981) təyin edilir. Və bu vəzifədə çalışdığı dövrdə o özünün antikommunist fəaliyyətini daha qabarıq şəkildə ortaya qoyur, insan haqlarının pozulması üzündən SSRİ-ni çox sərt şəkildə tənqid edir. Siyasi şərhçilər 1978-ci ildə məşhur Kemp-Devid razılaşmasının imzalanmasında Zbiqnev Bjezinskinin xidmətlərinin böyük olduğunu yazırdılar. Amma bu uğurlar heç də hamının ürəyincə deyildi. Artıq yüksək dairələrdə onun əleyhdarları yaranmışdı. Hətta onların öz cəbhəsində belə Zbiqnevi istəməyənlər vardı. Onun siyasi mühakimələri tez-tez Karterin dövlət katibi olan S. Vensin əks reaksiyası ilə qarşılaşırdı. İş o yerə qədər gəlir ki, prezident öz administrasiyasında yaranan bu qarşıdurmanı aradan qaldırmaq üçün hərəkətə keçir. Amma Bjezinskini bəyənməyənlər heç də Venslə məhdudlaşmırdı. Onun həm də adları bilinməyən əleyhdarları mövcud idi. Bjezinski isə heç nəyə məhəl qoymadan öz işini bildiyi kimi davam etdirirdi. Lakin çox çəkmir ki, o, özündən asılı olmayan səbəblər üzündən tutduğu vəzifədən getməli olur və yenidən elm aləminə qayıdır. Belə ki, hakimiyyət dəyişikliyindən sonra prezident postuna respublikaçı Ronald Reyqan gəlir və təbii ki, Zbiqnev gedir. Bundan sonra Bjezinski müəyyən fasilələrlə 1960-cı ildən dərs verdiyi Kolumbiya universitetindəki professor vəzifəsinə yenidən qayıdır. O, elmi fəaliyyəti dövründə bir sıra sanballı kitablar yazır. Onlardan "Böyük iflas", "Hakimiyyət və prinsip", "Böyük şahmat taxtası", "Seçim: qlobal hakimiyyət, yaxud qlobal liderlik" və bu kimi əsərləri indi də öz əhəmiyyətini qoruyub saxlayır. Onun yazdıqlarının bir çoxu Sovet İttifaqının və postsovet Rusiyanın yaratdığı problemlərə həsr olunub. Rusiyanın siyasətini həmişə tənqid edən Bjezinski 1991-ci ildə SSRİ-nin süqutundan sonra bu ölkəni "Avrasiyanın düz mərkəzində yerləşən qara dəlik" adlandırıb. Zbiqnevə görə müasir dünya bundan tez və bacardıqca "ağrısız" qurtulmalıdır. Bjezinski 2000-ci ildən Vaşinqton Beynəlxalq Strateji Təhqiqatlar Mərkəzinin qlobal təhlükəsizlik və geostrateji kafedrasına rəhbərlik edir. O, postsovet respublikalarında Rusiyanın təzyiqlərini azaltmaq, Azərbaycanın, Ukraynanın, Gürcüstanın və başqa respublikaların Qərbə inteqrasiyasının tənzimlənməsi, genişlənməsi üçün ciddi çəkildə çalışır. Çeçenistanda vəziyyətin normallaşması, çeçenlərin azadlıq əldə etməsindən ötrü aktiv fəaliyyət göstərir. O belə hesab edir ki, yuxarıda adı çəkilən ölkələrə daha çox siyasi və iqtisadi dəstək göstərilməli, onların NATO sıralarına qəbuluna yardım edilməlidir. Bütün dünyada olduğu kimi Zbiqnev Bjezinskinin adı Azərbaycanda da çox tanınır. Onun siyasi təhlilləri, fikirləri ölkə mətbuatda vaxtaşırı yer alır. . Zbiqnevin Varşavadan başlayan həyat yolu onu əvvəlcə Kanadaya apardı, sonra bu yol Vaşinqtona uzandı. Öz biliyi, bacarığı sayəsində dünyanın bu gün barmaqla sayıla biləcək nəhəng siyasi elm adamına, nüfuzlu politoloquna çevrildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm