• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Onlar hər gecə atəş altındadırlar

Onlar hər gecə atəş altındadırlar

Son günlər cəbhə bölgəsində atəş səsləri səngimək bilmir ki, bilmir. Atəş altında qalan bölgələrdən biri də Tərtər rayonunun Qapanlı kəndidir.

Tərtərin Qapanlı və Borsunlu kəndləri iyulun 31-də cəbhədə vəziyyət gərginləşdikdən sonra ən çox atəşkəsin pozulduğu kəndlərdir. Gecə saat 12-dən sonra kəndin sükutunu güllə səsləri pozur.

Təmas xəttində yaşananları dünya ictimaiyyətinə çatdırmaq istəyən əməkdaşlarımız və onların həmkarları isə çətin vəziyyətdə çəkilişlərini davam etdirirlər.

Qapanlı kənd sakinləri isə hər gecələrini belə keçirirlər. Yatmaq, dincəlmək əvəzinə onlar güllə yağışı altında gündüzlər görə bilmədikləri yarımçıq işlərini də tamamlamağa çalışırlar.

Atəş səsləri səhərə yaxın azalmağa başlayır. Ancaq düşmənlərimizin gözlədiyinin əksinə səhər təmas xəttinə yaxın kəndlərimizdə həyat öz axarına düşür.

Bunlarsa yalnız sözdə deyilən ifadələr deyil. Bunu kənddə aparılan işlərdə də əyani şəkildə görmək mümkündür. Tərtərin Borsunlu kəndində son vaxtlar aparılan abadlıq-quruculuq işləri əhalinin heç zaman öz torpaqlarını tərk etmək niyyətində olmadığını bir daha sübut edir. Kənd ərazisində 25 ədəd yeni işıq dirəyi quraşdırılıb və kənd əhalisinin içməli su ilə təminatı üçün 2 artezian quyusu qazılıb. Borsunlu kənd sakinləri Mübariz İbrahimovun adını daşıyan Mübariz postundan da ilham alırlar. Ərazi düşmən əhatəsində olmasına baxmayaraq, əməkdaşlarımız həmin posta baş çəkməyi də özlərinə borc biliblər…

Tərtərin Qapanlı kəndində hər an düşmən gülləsinə tuş gəlmə ehtimalına qarşı təmas xəttinə ən yaxın evlərin kənarına hündürlüyü 4 metr olan 250 metr uzunluğunda mişar daşdan hasar çəkilib. Ancaq dinc sakinlərimizin, hətta azyaşlı uşaqların belə düşmən gülləsinə tuş gəlməsi vəziyyətin gərginliyindən xəbər verir. Ancaq bütün çətinliklərə rəğmən, əhali öz ərazilərini tərk etmək barədə düşünmür. Əksinə düşmənin məğlubiyyətinin yaxın olduğuna inanırlar. (kanal s)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR