• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müharibənin uşaq psixikasında yaratdığı travmalar

Müharibənin uşaq psixikasında yaratdığı travmalar

İnsanlar tərəfindən törədilən dəhşətli fəlakətlərdən biri və başlıcası müharibələrədir. Əsgər olaraq qatılan, yaralanan, yaxınlarını itirən, hətta kütləvi informasiya vasitələri ilə savaşlarda baş verənləri müşahidə edən insanların da psixologiyasında müharibə dərin travmalara yol açır. Savaşların heç bitmədiyi bir dünyada yaşayırıq. Hər gün yüzlərlə insanın dəhşətli ölüm xəbərləri, uşaqlara, qadınlara verilən işgəncələr haqqında eşidir, savaşın geridə buraxdığı acınacaqlı mənzərələrin şahidi oluruq.

Texnologiyanın , KİV-in sürətli inkişafı ilə nə özümüzü, nə övladlarımızı bu təsirlərdən uzaq tuta bilmirik. İndi internet əsri olduğu üçün hər bilgiyə çox rahat bir şəkildə sahib ola bilirik. Müharibə zamanı yaşananlar, insanların ruhi tarazlığının pozulmasına gətirib çıxarır ki, bu da həyata normal şəkildə davam edə bilmək üçün gərəkli olan güvən duyğusunu, özünə, ailəsinə və çevrəsinə qarşı nəzarət gücünü dərindən sarsır.

Uşaqlara gəldikdə isə bu proses daha da dərinləşir. Çünki uşaqlar böyüklərdən fərqli olaraq ətraf mühitdə olan hadisələrə, çevrələrində yaşananlara qarşı daha qorumasızdırlar və böyüklərinin onları qoruyub-qollamarına, onlara güvən vermələrinə daim ehtiyac duyurlar. Uşaqlar daim niyə sualını verir. “Müharibələr niyə olur?” Və böyüklər heç özləri də doğru-dürüst cavab tapa bilmədikləri, insan əliylə törədilən bu vəhşəti açıqlamaqda çətinlik çəkirlər. Çünki böyüklərin də düşüncəsində müharibə insanların amansız şəkildə qətlə yetirilməsinə heç bir əsas verə bilmədiyi bir prosesdir. Ona görə də valideyn övladına tam səmimiyyətlə “Səni hər zaman, hər vəziyyətdə qoruyacağıq! Həmişə yanında olacağıq!” güvəncəsini verə bilmir. Bu, bilirsiniz nəyə bənzəyir?! Zəlzələyə! Necə ki, zəlzələ olduğu zaman qorxub qucağınıza sığınan övladınıza “bu, bir də heç vaxt təkrar olmayacaq!” inancını verə bilmirsiz, müharibələr də eyni təsiri yaradır.

Ata-anaları qədər xüsusən savaş bölgələrinə yaxın yerlərdə yaşayan uşaqlar da böyük bir təhdid altında olduqlarının fərqindədirlər. Və bu, özünü çarəsizlik, hikkə-əsəb, narahatlıq, gərginlik, ata-ananı itirmək, yalnız qalmaq qorxusu kimi göstərə bilir. Belə duyğusal reaksiyalarla paralel olaraq yuxu problemləri (yuxuya getmədə çətinlik, narahat yatma, kabuslar görmə, tez-tez oyanma, ayıq yatmaq və ya çox yatmaq və s.), davranış pozuntuları da ortaya çıxa bilər. Eyni zamanda bəzi uşaqlarda özünü günahlandırma hissləri də yaşanır. Yaşıdlarının, hətta özlərindən kiçik uşaqların acınacaqlı hallarını, yaşamlarını, ölümlərini görmələri, eşitmələri şüuraltı olaraq özünə qarşı yönəlmiş günahlandırma duyğusuna əsas verə bilər.

Hələ savaşın bilavasitə içərisində olan uşaqlarımızın taleyindən, psixologiyasından danışmırıq belə! Nə qədər çətin, nə qədər ağır olduğunu dəqiqliyi ilə bir tək yaşayanlar bilər yəqin ki… Ailəsiz, evsiz, yurdsuz həyata davam etmək məcburiyyətində qalmaq kiçicik körpə üçün müharibədən də dəhşətli bir fəlakətdir əslində…

Həqiqətin nə olduğu, bütün dünyadakı savaşların nə zaman və necə sona yetəcəyi, bundan sonra necə davam edəcəyi, həyatımızı, övladlarımızı,ölkəmizi necə dəyişəcəyini hələ də bilmirik. Bu qədər müəmmalı hadisələri uşaqlara uyğun bir dillə anlatmaq əlbəttə çətindir. Onları bu xəbərlərdən uzaq tutmaq daha da çətin bir prosesdir. Odur ki, bu vəziyyətdə valideynlərin, böyüklərin öhdəsinə düşən uşaqlara həqiqi bilgilər verməkdir. Təbiidir ki, bu həqiqətlər də müəyyən etdirməniz onu daha da rahatladacaqdır. Əgər sizdən tez-tez müharibədəki vəziyyət barədə soruşursa, onun suallarını cavabsız qoymayın. Bu, o demək deyildir ki, ona ancaq neqativ, pis, fəlakət xəbərləri verməlisiniz. Yaşanan müsbət dəyişikliklər, vəziyyətin getdikcə yaxşılığa doğru getməsi kimi xəbərlər onu sevindirə bilər. (dushunce.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR