"Azərbaycanın Rusiyaya ixracı artırmaq imkanı yaranıb"
Bizi izləyin

İqtisadi gündəm

"Azərbaycanın Rusiyaya ixracı artırmaq imkanı yaranıb"

Rusiya ABŞ və Avropa Birliyinin sanksiyalarına cavab olaraq Şərqi Avropa ölkələrindən meyvə tərəvəz məhsullarının idxalına qadağa qoyub.

Bəs bu qadağalar Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac olunmasını genişləndirə bilərmi?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Axar.az-a açıqlamasında yaranmış vəziyyətin Azərbaycan üçün böyük şans olduğunu bildirib. Rusiya ilə Azərbaycanın qonşu olması, vətəndaşlarımızın bu ölkədə ticarətlə məşğul olmasının da kənd təsərrüfatı mallarının ixracının genişləndirilməsinə böyük təkan verə biləciyini deyən ekspert əlavə edib ki, bunun üçün ilk növbədə tələbata uyğun olan məhsulların istehsalını genişləndirmək və keyfiyyətini artırmaq lazımdır:

“Qısa müddət ərzində məhsulların ixracını çoxaltmaq asan məsələ deyil. Bununçün ilk növbədə yerli istehsalı artırmaq, keyfiyyəti yüksəltmək lazımdır. Bundan sonra həmin məhsulların ixrac həcminin artırılması daha asan olacaq”.

V. Məhərrəmov indiki mərhələdə bu məsələdən yararlanmaq üçün Türkiyə, Argentina, İsrail kimi ölkələrin daha şanslı olduğunu bildirib.

Azərbaycan məhsullarının Rusiay bazarında özünəməxsus yeri olduğunu bildirən ekspert Nizami Qarayev də ixrac həcminin artırılması ilə bağlı ölkəmizin potensialının kifayət qədər olmadığını qeyd edib. Bu məsələdə planlı şəkildə hərəkət etməyin vacibliyini vurğulayan ekspert əlavə edib ki, indiki məqamda ixracı artırmaq yerli bazarda məhsul qıtlığına və qiymət artımına gətirib çıxara bilər:

“İxrac həcmini artırmaq qısa müddətdə mümkün deyil. Bununçün istehsalın həcmini artırmaqla yanaşı, onun keyfiyyətini də yüksəltmək lazımdır ki, gələcəkdə Rusiya sanksiyaları aradan qaldırdıqda, bizim məhsullar ortalıqda qalmasın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm