• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Erməni-rus politoloqlar Əliyev-Sərkisyan görüşü barədə - Rəylər

Erməni-rus politoloqlar Əliyev-Sərkisyan görüşü barədə - Rəylər

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında bu gün baş tutacaq görüşlə bağlı erməni-rus politoloqlar müxtəlif versiyalar səsləndirirlər.

Axar.az-ın məlumatına görə, rusiyalı politoloq Mixail Aleksandrov bildirib ki, gözlənilən görüşdə ciddi irəliləyişin olacağını düşünmək üçün şərait yoxdur:

“Ehtimal ki, görüş nəticəsiz başa çatacaq. Amma bu üçtərəfli görüşün özü artıq nəticədir. Bu görüş Ermənistan-Azərbaycan təmas xəttində son günlər artan gərginliyi səngidəcək, Qarabağ konfliktinin nəzarətdən çıxmasına imkan verməyəcək. Ukrayna ilə məşğul olan Putin Dağlıq Qarabağda münaqişənin müharibə müstəvisinə keçməsini qəti istəmir”.

Rusiya Prezidentinin mətbuat katibi Dmirti Peskov da Ermənistan-Azərbaycan təmas xəttindəki vəziyyəti gərgin adlandırıb və prezidentlərin görüşü barədə danışıb: “Əlbəttə ki, Dağlıq Qarabağda vəziyyət stabil və sakit deyil. Vəziyyətin nəzarətdən çıxmaması üçün tədbirlər almağa cəhd edilir”.

Təmas xəttindəki gərginliyin Ermənistanın Avrasiya İttifaqına qəbul olunması məsələsinə aid olmadığını deyən Ermənistanın Milli Birlik partiyasının sədri, deputat Artaşes Qeramyan hesab edir ki, Ukraynadakı vəziyyətdən Qərb istifadə etmək istəyir: “Ukraynada vəziyyət gərgindir, bu məqamdan istifadə edib, Türkiyə vasitəsilə Rusiyanı Qafqaz regionundan birdəfəlik çıxarmaq istəyirlər”.

Onun fikrincə, Soçi görüşündə nəsə əldə edilə bilər, o şərtlə ki, Azərbaycan neft gəlirlərindən əldə etdiyi üstünlükdən istifadə etməsin: “Əgər Azərbaycan Türkiyədən vəziyyəti tam dəyişmək üçün vaxtın artıq yetişdiyi barədə tam təminat alıbsa, onda bu görüş heç nəyə təsir etməyəcək”.

Belə məqamda Ukraynaya başı qarışan Rusiyanın Ermənistanı yaddan çıxarmalı olmadığını və hərbi dəstək göstərməsinin vacibliyini önə çəkən Artaşes Qremyan görüşdən sonra vəziyyətin daha da çətinləşəcəyini və sentyabr-oktyabr ayında daha ciddi danışıqlar masasına oturacaqlarını bildirir.

Deputat Stepan Markaryan üçtərəfli görüşdən təmas xəttində sakitliyin bərpa ediləcəyini gözlədiyini bildirib: “Yoxsa üçtərəfli görüş nəyə lazımdır?”

Markaryan həmçinin bildirib ki, 1994-cü il atəşkəsinə dərhal əməl olunması üçün təcili tədbirlər görülməlidir.

Qarabağın separatçı rejiminin “deputatı” Vaqram Atatnesyan isə vəziyyətin görüş ərəfəsində daha da gərginləşdiyini, nəinki bu görüşdən nəsə gözlədiyini, hətta üçtərəfli görüşün özünün baş tutmasına inanmadığını bildirib.

Erməni politoloq və siyasilərinin fikirlərini belə ümumiləşdirmək olar: Azərbaycan Rusiya-Ukrayna konfliktindən istifadə edir və Qarabağda vəziyyəti öz xeyrinə dəyişdirmək istəyir, Rusiya bu məsələdə Ermənistana hərbi yardım etməlidir, Moskva atəşkəsin bərpa olunması üçün təxirəsalınmaz addımlar atmalıdır, münaqişənin nizamlanması üçün ATƏT-in Minsk Qrupu aktiv fazada fəaliyyət göstərməli və danışıqlar aparmalıdır, təmas xəttində vaxtaşırı monitorinqlər keçirilməli və atəşkəsin pozulmasına imkan verilməməlidir.

Kremlə bağlı olan “Nezavisimaya qazeta” isə öz şərhində Qarabağ ətrafındakı işğal altında olan 7 rayondan beşinin geri qaytarılması ilə bağlı Soçidə Putinin təklif səsləndirəcəyini istisna etməyib.

Xatırladaq ki, bu gün Soçidə Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR